Son yeniləmə: 20 Dekabr 2021 12:28
Bayraqdar.info – Baş Prokurorluqda Dövlət Sərhəd Xidmətinin hərbi helikopterinin Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqonunda təlim uçuşları zamanı qəzaya uğraması ilə bağlı brifinq keçirilir.
Brifinqdə Baş prokurorun birinci müavini, III dərəcəli dövlət ədliyyə müşaviri Elçin Məmmədov, Baş Prokurorluğun İstintaq idarəsinin rəisi, baş ədliyyə müşaviri Nemət Əvəzov, qurumun İstintaq idarəsinin rəis müavini, o cümlədən helikopter qəzası ilə bağlı yaradılan İstintaq qrupunun rəhbəri, ədliyyə müşaviri Sənan Paşayev, Baş prokurorun xüsusi tapşırıqlar üzrə böyük köməkçisi, ədliyyə müşaviri Tural Aslanov və qurumun Mətbuat xidmətinin rəhbəri, kiçik ədliyyə müşaviri Günay Səlimzadə hadisə ilə bağlı sualları cavablandırırır.
“Helikopterin idarə edilməsi zamanı çoxsaylı parametrlər üzrə qeydə alınmış məlumatlar əsasında Müdafiə Nazirliyi, DSX, “ASG Helicopter Services” şirkətinin peşəkar mütəxəssisləri tərəfindən verilmiş rəy, eləcə də rəydə göstərilən halları təsdiq edən toplanmış sübutlarla istintaqın hazırkı mərhələsində müəyyən edilir ki, pilotların eniş zamanı küləyin istiqamətini və sürətini nəzərə almayaraq helikopterin istismar qaydalarına zidd olaraq idarəetmədə yol verdikləri kobud səhvlər helikopterin qəzaya uğramasına səbəb olub”.
Bu sözləri Baş prokurorun birinci müavini, III dərəcəli dövlət ədliyyə müşaviri Elçin Məmmədov deyib.
“Aparılan ilkin məhkəmə-tibbi müayinəsinə əsasən qəza nəticəsində həlak olan şəxslərin ölüm səbəbi müxtəlif dərəcəli bədən xəsarətləri alması nəticəsində yaranmış travmatik şok olub. Qəzaya uğrayan helikopterin zərbə ilə yerə dəyməsi səbəbindən helikopterin sol qapısı və alın şüşəsi yerindən çıxıb, zərbələrin təsirindən helikopterdə olan şəxslərdən 4 nəfər çölə atılıb, onlardan 2-i aldıqları xəsarətlərin ağırlığından hadisə yerində ölüb, digər 2-i isə sağlamlığa az ağır zərərvurmaya aid müxtəlif xəsarətlər alıblar.
“Hazırda cinayət işi üzrə istintaq davam etdirilir. İstintaqın detalları ilə bağlı digər həmkarlarım tərəfindən ətraflı məlumat veriləcək”, – deyə o bildirib.