Son yeniləmə: 20 Dekabr 2021 09:10
Bayraqdar.info – Dekabrın 19-da İslamabadda İslam Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının növbədənkənar iclası keçirilib. İclas Əfqanıstanda humanitar vəziyyətə həsr olunub.
Pakistan xarici işlər naziri Məhdum Şah Mahmud Qureşinin açılış nitqi ilə başlayan sessiyada həmçinin İƏT-in baş katibi Hissein Brahim Taha, Səudiyyə Ərəbistanının xarici işlər naziri şahzadə Feysəl Bin Fərhan Əl-Səud, Türkiyənin xarici işlər naziri Mevlüt Çavuşoğlu, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Pakistanın baş naziri İmran Xan çıxış ediblər.
Xarici İşlər Nazirliyinin mətbuat xidməti idarəsindən verilən məlumata görə, nazir C.Bayramov çıxışında iclasın çağırılması təşəbbüsünə görə İƏT sədri Səudiyyə Ərəbistanı Krallığına və tədbirə ev sahibliyi etdiyinə görə Pakistan tərəfinə təşəkkürünü ifadə edib. C.Bayramov çıxışında bildirib ki, humanitar yardım sahəsində son illərdə toplanmış mühüm təcrübə və yaradılmış mexanizmlər və təsisatlar sayəsində İƏT Əfqanıstandakı humanitar vəziyyətin həllində aparıcı rol oynamaq üçün yaxşı mövqeyə malikdir. Təşkilatın məsul üzvü kimi Azərbaycan, İƏT-in bu istiqamətdə səylərini dəstəkləməyə hazırdır.
Onu da qeyd edək ki, tədbirdə Kuzey Kıbrıs Türk Cümhuriyyətinin xarici işlər naziri Tahsin Ertuğruloğlu da iştirak edir. Səfərdə nazir T.Ertuğruloğlunu KKTC XİN-in xarici işlər dairəsi Genel müdiri Ufuk Turganer ilə nazirliyin İƏT ilə əlaqələr müdiri Selda Çimen müşayət edir.
Bu barədə bayraqdar.info-ya özəl olaraq Ufuk Turgener məlumat verib. Bildirilib ki, Pakistan xarici işlər nazirinin tədbir iştirakçılarının şərəfinə verdiyi nahardan sonra sessiya davam edib.
Fasilədən sonra çıxış edən T.Ertuğruloğlu Əfqanıstanın son dövrlərin ən böyük humanitar böhranını yaşadığını qeyd edib. Nazir Əfqanıstanın ümumilikdə beynəlxalq ictimaiyyətin və xüsusilə İƏT-ə üzv dövlətlərin təcili dəstəyinə ehtiyac olduğunu bildirib.
Beynəlxalq ictimaiyyətin əfqan xalqı kimi Fələstin xalqına da kömək əlini uzatmalı olduğunu vurğulayan T.Ertuğruloğlu Fələstin probleminin iki dövlət əsasında həllinin Yaxın Şərqə sülh və sabitlik gətirəcəyini bildirib.
U.Turgener bildirib ki, T.Ertuğruloğlu sessiya çərçivəsində İƏT-in baş katibi, həmçinin Azərbaycan, Sierra Leone və Qabonun xarici işlər nazirləri ilə də görüşmək imkanı əldə edib.