Press "Enter" to skip to content

Şəhid övladları Antalyada

Antalya Böyükşəhər Bələdiyyəsində görüşdən

Son yeniləmə: 20 Dekabr 2021 12:41

Bayraqdar.info – Vətən müharibəsi şəhidlərinin övladları Antalyada beş günlük səfərdə olub.

Bu barədə bayraqdar.info-ya Antalya Azərbaycan Kültür və Dayanışma Dərnəyinin sədr müavini Azər İsmayıl məlumat verib.

Bildirilib ki, 12 şəhid övladı, dörd müəllim və bir valideynin səfəri Antalya Böyükşəhər Bələdiyyəsi, Demre Bələdiyyəsi, eləcə də Antalya Azərbaycan Kültür və Dayanışma Dərnəyinin birgə əməkdaşlığı çərçivəsində reallaşıb.

Demre Bələdiyyəsində görüşdən

Səfərin ilk günü Antalya Bələdiyyəsini ziyarət edən şəhid övladları və onların müəllimləri başqan yardımçısı Deniz Filiz və baş katibin müavini Durmuş Əli Arslanla görüşüblər. Uşaqlar Türkiyə və Azərbaycanın qardaşlığından bəhs edən şeirlər söyləyiblər.

D.Filiz şəhid övladlarına müxtəlif hədiyyələr verərək ziyarətdən məmnunluğunu ifadə edib: “Biz qardaş Azərbaycandan gəlmiş şəhid övladları ilə bir yerdəyik. Başqanımız Muhittin Böcək adından onları salamlayırıq. Biz onların hamısına hər cür dəstək və yardım göstərməyə hər zaman hazırıq”.

Şəhid övladları Antalya akvariumda

Uşaqların müəllimlərindən Sevda Celilova Antalya Böyükşəhər Bələdiyyəsinin dəvəti ilə Antalyaya gəldiklərini bildirib: “Azərbaycanda müharibədə şəhid olan ataların övladları ilə Antalyadayıq. Bu şəhid övladları bu gün Azərbaycan və Türkiyə dövlətləri arasında dostluğu, qardaşlığı möhkəmləndirmək üçün buradadırlar. Qardaş ölkələrin uşaqları Dəmrə və Antalyanın tarixi və turistik yerlərini ziyarət edəcəklər”.

Azərbaycanlı şəhid övladları Demre Bələdiyyə Başçısı Okan Koçakayanı da ziyarət edib. Görüşdə Türkiyənin keçmiş mədəniyyət və turizm naziri Ərtoğrul Günay da iştirak edib.

Azərbaycanlı qonaqlar Suşa şəhərində bitən və Azərbaycanın simvolu olan “Xarı Bülbül” döş nişanını Demrə Bələdiyyəsinin başqanı O.Koçakaya təqdim ediblər. O.Kocakaya isə qonaq şagird və müəllimlərə müxtəlif hədiyyələr verib.

Beş günlük səfər çərçivəsində şəhid övladları üç gün Antalya və Demre bələdiyyələrinin, bir gün isə Azər İsmayılın qonağı olublar. A.İsmayılın tutduğu proqram əsasında şəhid övladları maraqlı və əyləncəli bir gün keçiriblər.

Azər İsmayıl şəhid övladlarını vətənə yola salır

Zəruri qeyd: Məlumat üçün bildirək ki, Antalya şəhər mərkəzindən 150 km məsafədə yerləşən Demre (Myra) rayonu şərqdən və şimaldan Finike rayonu, qərbdən Kaş rayonu və cənubdan Aralıq dənizi ilə həmsərhəddir. Likiyanın ən əhəmiyyətli şəhərlərindən biri olduğu düşünülən Demrə eramızdan əvvəl qurulmuşdur.

Bu şəhərin əsasının V əsrdə qoyulduğu təxmin edilir. Bizans dövründə Myra mühüm inzibati və dini mərkəzə çevrilib. Dini mövqeyi ilə xristian dünyasının diqqətini çəkən Demrədə hər il dekabrın 6-da Şaxta baba tədbirləri keçirilir. 2019-cu ilin məlumatlarına görə, ərazisi 472 km² olan rayonun əhalisi 26362 nəfərdir. Türkiyənin mühüm tərəvəzçilik mərkəzi olan Demrə tarixi və təbii gözəllikləri ilə Antalyanın əhəmiyyətli turizm mərkəzlərindən biridir

 

Mission News Theme by Compete Themes.