Son yeniləmə: 20 Dekabr 2021 15:42
Bayraqdar.info – Bu yazımızda çox da təmtəraqlı və uzun cümlələrdən istifadə etmək niyyətində deyiləm. Sadəcə olaraq qardaş Türkiyənin bu günlərdə üzləşdiyi bəzi daxili və xarici problemlərlə bağlı mövqeyimi bildirməyi özümə borc bildim.
Bəlkə də mənim bu fikirlərim Türkiyədəki bəzi dostların xoşuna gəlməyə bilər. Əslində, onları da başa düşürəm. Çünki xaricdən idarə edilən “lirənin dollar qarşısında sürətlə dəyər itirməsi” oyunu fonunda onlar da çətin duruma düşüb. Az qala hər gün artan qiymətlər təkcə dövləti deyil, sadə vətəndaşı da maliyyə-iqtisadi problemlərlə baş-başa qoyub.
Sadə bir fakt deyək. Mən oktyabrda Türkiyədə olanda 1 dollar 8 türk lirəsi idisə, üstündən cəmi iki ay keçməsinə baxmayaraq 1 dollar 16 türk lirəsinə bərabər olub. Lirənin iki ay ərzində iki dəfə dəyər itirməsi nəticəsində artıq ölkə iqtisadiyyatına hansı təhlükənin yaranması bir yana, əmək haqqı ilə dolanan sadə həkim, müəllim, yaxud əkinçinin hansı duruma düşdüyünü təsəvvür etmək çətin deyil.
Amma bununla belə Türkiyədəki dostlarımıza, qardaş-bacılarımıza üzümü tutub deyirəm ki, problemlərinizi başa düşməklə yanaşı bu yazımla sizlərə bir çağırış edirəm. Çağırışımın da mərkəzində bu dayanır ki, nə sizin, nə bizim, nə də ümumilikdə türk dünyasının başqa bir Türkiyəsi yoxdur. Odur ki, Türkiyəmizi qorumalıyıq. Türkiyəmizin qorunmasının yolu isə 15 Temmuzda olduğu kimi bayrağı, dövləti və qanuni hakimiyyəti qorumaqdan keçir.
Bu qorumaq məsələsinə sonda yenidən qayıdacağam. Hələlik isə yazıma qoyduğum başlığın səbəbinə toxunum. Beləliklə, niyə “II Abdülhamit və Recep Tayyib Erdoğan” başlığını seçmişəm?
II Abdülhamitin “günahı”
Məsələ burasındadır ki, tarixə az-çox bələd olanlar bu günlərdə Türkiyədə baş verənlərlə II Abdülhamitin zamanında Osmanlı Türkiyəsində baş verənlərin təxminən oxşar olduğunu görə bilərlər. O zaman baş verənlərə görə II Abdülhamit nə qədər “günahkar” idisə, bu gün Türkiyədə baş verənlərə görə də Recep Tayyib Erdoğan o qədər “günahkardır”. Bəs II Abdülhamitin “günahı” nə idi?
Birinci “günah” o idi ki, Osmanlı İmperiyasının 34-cü sultanı və 113-cü İslam xəlifəsi olan II Abdülhamit 33 illik hakimiyyəti dövründə Qərbə qarşı balanslı, Şərqə qarşı islamçı siyasət yürüdərək ölkə daxilində də mütləqiyyəti (monarxiyanı) gücləndirmişdi. Məclis-i Mebusanı bağlayan sultan bununla da dövlət idarəsini öz əlinə alaraq San Stefano müqaviləsini imzalamışdı. Bunun nəticəsində isə Osmanlı Berlin müqaviləsi ilə itirdiyi bəzi torpaqları geri almışdı.
İkinci “günah” o idi ki, II Abdülhamit Osmanlı İmperaiyasını dahiyanə bir siyasət, ədalət və böyük qüdrətlə idarə edirdi. 250 milyon məbləğində olan Osmanlı İmperayisının borclarını 106 milyona endirmişdi.
Üçüncü “günahı” o idi ki, II Abdülhamit böyük bir inkişaf fəaliyyəti ilə təhsil və tədris kampaniyasına başlamış, türk gəncliyinin daha keyfiyyətli təhsil alması üçün bir çox fakültələrin açılmasını təmin etmiş, məscidlərin, mədrəsələrin, məktəblərin, xəstəxanaların, fəvvarələrin, körpülərin böyük qismini öz pulu ilə tikdirmişdi.
Dördüncü “günahı” o idi ki, ölkənin dörd bir yanına dəmir yolu xətti çəkdirən II Abdülhamit xüsusilə Rumeli dəmiryolunun və Anadolu dəmir yolunun uzadılması, Bağdad və Hicaz dəmir yolu layihələri ilə dostları sevindirmiş, düşmənləri isə məyus etmişdi. Xatırladaq ki, həmin vaxt Hicaz dəmir yolunun istifadəyə verilməsi ilə İstanbuldan yola düşən qatar 3 gün sonra Mədinəyə çatmışdı. Həmçinin Tripoli-Benqazi teleqraf xətti, Tripoli radio stansiyası, Mədinə teleqraf xətti qurulmuş, Dəməşqdə elektrik tramvayı istifadəyə verilmişdi.
Bu sadalanan işlərin coğrafiyasını nəzərdən keçirsək görərik ki, Qərbin imperialist dairələri həmin ərazilərə təkbaşına hakim olmaq, əslində isə oraları müstəmləkə torpaqları kimi sonsuza qədər istila etmək üçün uzun illər qara oyunlara baç vurublar. Necə ki, eyni ssenari indi də davam edir.
Beləliklə, yuxarıda sadalanan “günahları” törədən, Qərbin Şərqə uzanan qanlı əməllərinin qarşısında dik dayanan II Abdülhamiti sıradan çıxarmaq üçün daxili və xarici düşmənlər birləşdilər.
Düşmənlər tərəfindən sultanı gözdən salmaq üçün hər cür böhtanlar atıldığı halda, digər tərəfdən də sui-qəsdlər törədilirdi. Erməni əsilli fransız yazıçısı Albert Vandalın “Le Sultan Rouge” (“Qırmızı Sultan”) kimi təqdim etdiyi II Abdülhamitə qarşı ən böyük cəbhə olaraq isə gənclərdən istifadə edildi.
Prosesdən xəbəri olmayan gənclər yalan təbliğatla aldadıldı və sonda türklüyün düşmənləri istəklərinə çatdılar. İttihad və Tərəqqi təmsilçiləri tərəfindən taxtdan salınan II Abdülhamit Salonikiyə göndərildi.
Onun taxtdan əl çəkməsinin heç 10 ili tamam olmamış dövlətin dörddə üçü əldən getdi, Yaxın Şərq qan gölünə çevrildi. Mən dəyərli oxucular, xüsusilə də Türkiyədəki bacı-qardaşlarımız tərəfindən bu cümlənin dönə-dönə oxunmasını istəyirəm. Çünki cərəyan edən proseslər oxşar olduğu kimi, Allah eləməmiş, imperialist güclərin niyyətləri baş tutarsa onun nəticələri də həm türk dünyası, həm Yaxın Şərq, həm də bütövlükdə dünya üçün çox acınacaqlı ola bilər.
Recep Tayyib Erdoğanın “günahı”
Bütün bunların fonunda başlığımızın ikinci tərəfinə keçək. Söhbət Türkiyə Cümhurbaşqanının yol verdiyi “günahlar”dan gedir.
Birinci “günah” odur ki, R.T.Erdoğanın rəhbərlik etdiyi Türkiyə müstəqil daxili və xarici siyasət həyata keçirir. Artıq hansısa xarici dövlətin diqtəsi deyil dövlətin və xalqın milli maraqları əsasında reallaşan bu siyasət nəticəsində Türkiyə qlobal güc mərkəzlərindən birinə çevrilib.
İkinci “günah” odur ki, Türkiyə Qərbin imperialist dairələrinin Suriya, Liviya, İraq, o cümlədən ərəb dünyasında oynamaq istədiyi çirkin oyunların qarşısında keçilməz sədd çəkir.
Üçüncü “günah” odur ki, Türkiyə özünün müstəqil hərbi sənaye kompleksinə, özü istehsal etdiyi ən müasir döyüş silahlarına malik ölkəyə çevrilib.
Dördüncü “günah” odur ki, Türkiyə 2020-ci ildəki 44 günlük Vətən müharibəsində ilk dəqiqələrdən sona qədər Azərbaycanın yanında oldu. Bu müharibədə Azərbaycanın əldə etdiyi tarixi qələbə nəticəsində regionda yeni reallıq yaranıb ki, dünyanın bütün gücləri həmin reallıqla barışmaq zorundadır.
Beşinci “günah” odur ki, Türkiyə Azərbaycanla birlikdə türk dünyasının gerçək anlamda birləşməsini təmin edir.
Əlbəttə, bu “günah” siyahısını uzatmaq olar. Amma elə bu sadalananlar da Türkiyə Cümhurbaşqanının timsalında qardaş ölkənin niyə imperialistlərin qəzəbinə tuş gəldiyi haqqında təsəvvür yaratmağa imkan verir.
Çörəksiz qalmaq olar, amma Vətənsiz yox!
Beləliklə, yenidən qayıdaq o məsələyə ki, türkiyəli bacı-qardaşlarımızın son proseslər fonunda hansı çətinliklərə tuş gəldiyini anlayırıq. Amma onu da anlayırıq ki, vəziyyətin bu şəkil almasını mövcud Türkiyə iqtidarı da arzulamır, əksinə, bundan çıxış yolunu arayır.
Onu da deyə bilərik ki, proseslərin arxasında dayanan səbəb Qərbin imperialist dairələrinin qəzəbinə yol açan R.T.Erdoğanın yuxarıda bəhs etdiyimiz “günahları”dır. Onların Sayın Cümhurbaşqanı R.T.Erdoğanın milli maraqlardan, türk-müsəlman dünyasının maraqlarından çıxış edən siyasətindən qəzəblənməsidir.
Bu güclər lireni dəyərdən salaraq Türkiyə iqtisadiyyatını çökdürmək, son nəticədə isə zaman-zaman Türkiyənin daxilində yetişdirikləri “beşinci kolon”u aktivləşdirərək ölkədə siyasi xaos yaratmaq istəyirlər. Bunu tam əminliklə qeyd edirik.
Bir zamanlar Osmanlı Türkiyəsini parça-parça etmək istəyən imperalist güclərin II Abdülhamitə qarşı oynadıqları çirkin oyunların oxşarı müasir dövrdə Recep Tayyip Erdoğana qarşı oynanılır. Yəni o dövrdə Osmanlını öz aralarında yağlı tikə kimi bölmək üçün çeşidli ssenarilər quranların nəvə-nəticələri bu gün Türkiyə Cümhuriyyətini yox etmək istəyi ilə babalarının siyasətini davam etdirirlər.
Deməyimiz odur ki, türkiyəli bacı-qardaşlarımız oyuna gəlməsinlər. Bu gün “R.T.Erdoğan getsin də, kim gəlir-gəlsin” anlayışı ilə hərəkət etmək türk dünyasına xəyanət olar. Çünki hədəf taxtasına qoyulan R.T.Erdoğan deyil, Türkiyə Cümhuriyyəti və qardaş ölkənin timsalında bütün türk dünyasıdır. Odur ki, “R.T.Erdoğan getsin də, kim gəlir-gəlsin” fikrinə düşmək, əslində, “mənim evimdə bir tikə çörəyim olsun da, Türkiyənin halı nə olursa-olsun” fikrinə düşmək qədər təhlükəlidir, vahimdir!
Əziz bacı-qardaşlaırmız, çörəksiz qalmaq olar, bu hal müvəqqətidir. Amma Vətənsiz qalmaq olmaz. Vətənsizlər yalnız qullar, kölələr olur.
İmperializmə qarşı son və həlledici savaş
Son olaraq, əminəm ki, türk xalqı necə ki, 15 Temmuzda bayrağına, dövlətinə, qanuni hakimiyyətinə sahib çıxaraq dünyaya bir daha örnək oldu, bu sınaqdan da eyni şəkildə çıxacaq. Bu gün uzun əsrlər boyu dədə-babalarımızın arzuladıqları vahid türk dünyası yarandığı bir vaxtda, Türkiyənin içindən sarsılmasına imkan verə bilmərik. “Troya atları”nın içərisində Türkiyənin daxilinə nüfuz edən, hazırki vəziyyətdən yararlanaraq ölkəni böhran bataqlığına sürükləməyə çalışan siyasət dəllallarına da meydan vermək olmaz.
Bir sözlə, bu gün Türkiyəmiz imperializmlə son və həlledici savaşa qalxıb. İnanırıq ki, bütün savaşlarda qalib gələn türk xalqı bu savaşdan da qalib ayrılacaq.
[…] II Abdülhamit və Recep Tayyip Erdoğan […]
[…] II Abdülhamit və Recep Tayyip Erdoğan […]
Salam aleykum,sizin Əbdülhəmidlə bağlı sıraladığınız faktlar çox dəyərli,lakin Ərdoğanı o dahi şəxsiyyətlə müqayisə etmək bir qədər mübahisəlidir.Rəhmətlik Ərbakan hocanın Ərdoğanın sionizmə xidmət etdiyini bildirməsi, Ərdoğanın özünün BOP planının eş başkanıyam elan etməsi şübhələri artırır.