Press "Enter" to skip to content

Diaspor gəncləri Şuşada

Son yeniləmə: 20 Dekabr 2021 20:34

Bayraqdar.info – Diasporla İş üzrə Dövlət Komitəsinin həyata keçirdiyi “Diaspor Gəncləri 1+1” layihəsinin iştirakçıları Şuşa şəhərində səfərdə olublar.

Bu barədə bayraqdar.info-ya dekabrın 20-də Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Bildirilib ki, səfər çərçivəsində layihə iştirakçıları Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərinin baş meydanı “Bazarbaşı”nı, Cıdır düzünü, erməni vandalizminə məruz qalmış “Güllələnmiş heykəllər”in olduğu meydanı, Şuşa Bəyannaməsinin imzalandığı məkanı, Xurşudbanu Natəvanın evini, “Xan qızı bulağı”nı, Gəncə Qapısını, Saatlı, Yuxarı Gövhər ağa məscidlərini, Azərbaycan şairi Molla Pənah Vaqifin məqbərəsini, görkəmli sənətkar Bülbülün ev-muzeyini ziyarət ediblər.

Layihə iştirakçılarına bir il ərzində Şuşada aparılan yenidənqurma və bərpa işləri, keçirilən mədəni tədbirlər barədə ətraflı məlumat verilib.Şuşadan qayıdarkən layihə iştirakçıları Füzüli beynəlxalq hava limanı ilə tanış olublar.

Qeyd edək ki, 15-21 dekabr 2021-ci il tarixində start verilən layihənin ilk iştirakçıları 9 ölkədən (ABŞ, Polşa, İtaliya, Macarıstan, Rusiya, Ukrayna, Belarus, Gürcüstan və İordaniya) 18 nəfər olub. İştirakçıların 9 nəfəri əcnəbi gənclər, digər 9 nəfər isə xaricdə yaşayan azərbaycanlı gənclərdir. Layihəyə əsasən, hər bir azərbaycanlı gənc özü ilə xaricdən bir nəfər gənc gətirib.

Mission News Theme by Compete Themes.