Press "Enter" to skip to content

“Dəmir mizrab”da Həsən Dəmirçidən bəhs edilib

Son yeniləmə: 20 Dekabr 2021 00:50

Bayraqdar.info – Son vaxtlar bir çox mövzularda seminar və dəyirmi masalara imza atan Eskişehir Azərbaycanlılar Dərnəyi daha bir maraqlı tədbir keçirib. “Dəmir mizrab” adlı tədbirdə 50 nəfər iştirak edib.

Dərnəkdən bayraqdar.info-ya verilən məlumata görə, öncə şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib. Sonra Türkiyənin və Azərbaycanın dövlət himnləri oxunub.

Daha sonra bütün həyatını azərbaycançılıq məfkurəsinə həsr etmiş Güney Azərbaycan türkü Həsən Dəmirçinin həyatından bəhs edən “Dəmir mizrab” sənədli filmi nümayiş etdirilib. Sənədli filmdə H.Dəmirçinin gənclərə vətənə məhəbbətin aşılanması, onların milli ruhda yetişdirilməsi üçün göstərdiyi fədakarlıqlardan söz açılıb.

Bunun ardınca Azəryar Danişver tərəfindən “Güney Azərbaycan incəsənət hekayəsi” anladılıb. O, həmçinin öz şeirlərini oxuyub.

Tədbir Sonay Ruhi və Elcan Danişverin ifasında musiqili proqram ilə davam edib.

Tədbirin sonunda çıxış edən Eskişehir Azərbaycanlılar Dərnəyinin sədri Cavid Aydın iştirakçılara və qonaqlara təşəkkür edib. O, çıxışçılara təşəkkürnamə də təqdim edib.

Məlumat üçün bildirək ki, şair, yazıçı və musiqiçi H.Dəmirçi 1941-ci ildə Təbrizdə anadan olub. O, bütün ömrünü vətəni Azərbaycan, onun musiqisi və ictimai-siyasi məsələlərinə həsr edib. Bu xidmətlərinə görə ona “Həsən Azərbaycan” ləqəbi verilib.

Güney Azərbaycanın klassik və muğam musiqisi üzrə ən tanınmış incəsənət xadimlərindən biri olan H.Dəmirçi mərhum professor Məhəmməd Tağı Zehtabi ilə birlikdə 1986-cı ildə Təbrizdə “Azərbaycan Mədəniyyət Ocağı” Dərnəyinin qurucularından olub.

H.Dəmirçi Azərbaycan muğamı barədə bir neçə cild kitabın, o cümlədən “Muğam: öyrəncilər üçün” kitabın müəllifidir. Dəfələrlə İran təhlükəsizlik qüvvələri tərəfindən həbs olunan H.Dəmirçi 2018-ci ildə Təbrizdə vəfat edib.

Mission News Theme by Compete Themes.