Press "Enter" to skip to content

Arxeoloqlar daha bir erməni saxtakarlığını aşkar etdilər

Göyəzəndə arxeoloji tədqiqatlar

Son yeniləmə: 20 Dekabr 2021 18:16

Bayraqdar.info – Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti “Avey” Dövlət Tarix-Mədəniyyət Qoruğunun Göyəzən filialı ərazisində 2021-ci ilin noyabr-dekabr aylarında “Elmi-arxeoloji qazıntılar və payız məktəbi” adlı layihə həyata keçirilib. Qoruğun təşəbbüsü ilə təşkil edilən layihə və kəşfiyyat xarakterli arxeoloji tədqiqatlar AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun elmi əməkdaşı, tarix üzrə fəlsəfə doktoru, arxeoloq Pərviz Qasımovun elmi rəhbərliyi ilə baş tutub.

Bayraqdar.info Xidmətə istinadla xəbər verir ki, Göyəzən dağının ərazisində arxeoloji tədqiqatlar əsasən iki istiqamətdə aparılıb. Birinci istiqamət Göyəzən dağında yer səthindən təqribən 400 metr hündürlükdə yerləşmiş, düzbucaqlı olmayan qaya parçalarından inşa edilən 7 bürclü Göyəzən qalasının tədqiqi olub. İkinci istiqamət Göyəzən dağının şimal-qərb ətəyində aşkar edilmiş gətirilmə sal və qaya parçalarının olduğu ərazidə arxeoloji qazıntılarla kəşfiyyatın aparılması idi.

“Birinci istiqamət üzrə Göyəzən qalasında müxtəlif məqsədli iki tədqiqat aparıldı: birincisi, qalanın sahəsinin ölçülməsi, ikincisi, qalanın inşa dövrünün müəyyən edilməsi. Ölçmələrdən bəlli oldu ki, qalanın bürcləri 6 metr diametrindədir. Bürclərin mövcud hissələri təqribən 4 metr hündürlüyə malikdir. Qalanın ərazisi trapesiya şəkillidir, cənub-şərqdəki giriş hissəsi iki bürc də daxil olmaqla 17 metr, şimal-qərbdəki divarı (bürclər də daxil olmaqla) 41 metr uzunluqdadır. Cənub-şərqdən, yəni giriş tərəfdən şimal-qərbə tərəf uzanan divarın uzunluğu, beş bürc də daxil olmaqla 111 metrdir. Bürclər arasında divarların uzunluğu 20-22.5 metr arasında dəyişir. Qalanın dağa dayaqlandığı arxa hissəsinin uzunluğu 99 metrdir.

Tarix üzrə fəlsəfə doktoru, arxeoloq P.Qasımovun bildirdiyinə görə, qalanın inşasının tarixini müəyyən etmək üçün giriş hissəsinin şimal bürcünün ətəyində 9 (3×3) kvadratmetr sahəsi olan şurf qoyuldu. Qazıntılar zamanı müəyyən edildi ki, qalanın bürclərinin ətrafları da qalanın tikintisində istifadə olunmuş səthi cilalanmamış qaya parçaları ilə doldurulub. Bu çeşidli üsul orta əsrlərdə bürc və divarların bərkidilməsi üçün istifadə olunurdu. Həmçinin zamanla bürc və divarlardan qopan qaya parçaları da bərkidici daş kütləsini artırırdı. Şurfdan çıxarılan qaya parçaları arasında orta əsrlərə xas olan 200 ədəddən çox yerli şirli və şirsiz keramika fraqmentləri aşkar edildi.

“Göyəzən qalasında sovet dönəmində ilkin tədqiqatları arxeoloqlar Cəfərqulu Rüstəmov və Firuzə Muradova aparıb. Amma göstərilən abidə ərazisində 1960-1962-ci illərdə arxeoloji tədqiqatlar aparmış erməni arxeoloqlar SSRİ və dünya elmi çevrələrində guya bu qalanın “qədim ermənilər” tərəfindən inşa edilməsi barədə saxta fikirlər yayıblar. Onların dəlil kimi gətirdiyi mənbələrin heç birində qalanın ermənilər tərəfindən inşası və ya istifadəsi, həmçinin qalanın coğrafi lokallaşması və adlanması barədə dəqiq məlumat yoxdur”, – deyə xəbərdə bildirilir.

Cari arxeoloji tədqiqatlar göstərdi ki, qalanın özülündə qədim bir bünövrə olmamış, qala bölgənin islam dövrü qala inşa qanunları ilə tikilib və erkən orta əsrlərə aiddir.

Xəbərdə bildirilir ki, layihə çərçivəsində qoruq ərazisinə turlar, məktəbli və tələbələr üçün ustad dərslər təşkil edilib. Bu turlar çərçivəsində qoruq ərazisinə arxeoloji qazıntılarla maraqlanmaq, gələcəkdə buranı kompleks tədqiq etmək üçün bir sıra mütəxəssislər – sənətşünaslıq üzrə elmlər doktoru, dosent İmaş Hacıyev, BDU-nun dosenti t.ü.f.d. Yunis Nəsibli, Tarixçi-etnoqraf, jurnalist İsmayıl Umudlu, t.ü.f.d. Bəhmən Faziloğlu, AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun əməkdaşı m.ü.f.d. Rizvan Qarabağlı, AMEA-nın əməkdaşı t.ü.f.d. Anar Ağalarzadə, antropolq Vüsal Həsənov dəvət edilib. Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Qazax rayon komitəsinin təşkilatçılığı ilə qazilər və döyüşçülər də Göyəzən dağında aparılmış arxeoloji qazıntı sahəsində olublar.

Mission News Theme by Compete Themes.