Son yeniləmə: 19 Dekabr 2021 13:48
Bayraqdar.info – Əlahiddə Ümumqoşun Orduda taktiki-xüsusi təlim keçirilib. Təlimə cəlb edilmiş xüsusi təyinatlı bölmələrə qərargahlar tərəfindən verilmiş tapşırıqlar 44 günlük Vətən Müharibəsində qazanılan döyüş təcrübəsinin tətbiqi ilə icra edilib.
Müdafiə Nazirliyindən bayraqdar.info-ya verilən məlumatda bildirilir ki, təlimin planına əsasən “Həyəcan” siqnalı ilə qaldırılan xüsusi təyinatlı bölmələrə təxribat hazırlığında olan şərti düşmənin terror qruplaşmasının zərərsizləşdirilməsi tapşırığı verilib. Eyni zamanda, qruplaşmanın rəhbərinin sağ olaraq ələ keçirilməsi tapşırığı verilib.
“Müxtəlif üsullarla təmas xəttini gizli şəkildə keçərək dağ aşırımlarından və ərazinin çətin keçiləbilən relyefindən istifadə edən xüsusi təyinatlılarımız düşmənin terror fəaliyyətləri planlaşdırdığı obyektə koordinasiyalı irəliləmə ilə yaxınlaşıb.
“Vizual müşahidə və havadan kəşfiyyat aparmaqla komandirlər tərəfindən düşmən obyekti qiymətləndirilib və basqın həyata keçirilib. Terror fəaliyyətlərinin gücləndirilməsi üçün köməyə gələn şərti düşmənin hərbi texnikası pusquya salınaraq sıradan çıxarılıb. Yaxın məsafəli döyüşdə yaralanmış hərbi qulluqçuya döyüş yoldaşları tərəfindən ilk tibbi yardım göstərilib və təxliyyə edilib. Çətin dağlıq şəraitdə aparılan antiterror əməliyyatı zamanı terror qruplaşmasının rəhbəri sağ olaraq ələ keçirilib və təxribatın planlaşdırıldığı obyekt sıradan çıxarılıb. Tapşırıqları yüksək peşəkarlıq və səriştə ilə yerinə yetirən xüsusi təyinatlılarımızın nəqliyyat-döyüş helikopteri vasitəsilə təxliyyəsi həyata keçirilib”, – deyə məlumatda bildirilir.