Son yeniləmə: 18 Dekabr 2021 08:57
Bayraqdar.info – Azərbaycanın bütün ölkələrlə qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrini daha da inkişaf etdirmək və beynəlxalq platformalarda fəal iştirak etmək siyasəti gələn ildə də uğurla həyata keçiriləcək. Bunu xarici işlər naziri Ceyhun Byramov deyib.
Qeyd edək ki, dekabrin 17-də Gülüstan Sarayında Xarici İşlər Nazirliyi tərəfindən ilin yekunlarına həsr edilmiş qəbul təşkil edilib. Tədbirdə Xarici İşlər Nazirliyinin rəhbər heyəti, müvafiq qurumlardan yüksək səviyyəli nümayəndələr, ölkəmizdə akkreditə olunmuş diplomatik nümayəndəlik və beynəlxalq təşkilatların ofislərinin rəhbərləri iştirak ediblər.
Bu barədə bayraqdar.info-ya Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən məlumat verilib.
Bildirilib ki, tədbirdə xarici işlər naziri Ceyhun Bayramov, Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və ölkəmizdə akkreditə olunmuş diplomatik korpusun duayeni Nasser Abdul Kareem çıxış ediblər.
Nazir C.Bayramov tədbir iştirakçılarını salamlayaraq, Azərbaycan Respublikasının 2021-ci il ərazində dövlət başçısının rəhbərliyi ilə həyata keçirdiyi, ölkəmizin milli maraqlarına əsaslanan, müstəqil, dönməz, açıq və praqmatik xarici siyasətindən danışıb: “Zəfərimizin, Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsinin birinci il dönümünün qeyd edildiyi cari il ərzində xarici siyasət müstəvisində atılan uğurlu addımlar, o cümlədən Azərbaycan Prezidentinin həm milli, həm də beynəlxalq təşkilatlara sədrliyi çərçivəsində irəli sürdüyü təşəbbüslər, həyata keçirilən layihələr, bölgədə münaqişə sonrası sülh quruculuğu istiqamətində atılan konkret addımlar, habelə ikitərəfli və çoxtərəfli müstəvilərdə əməkdaşlığın daha da inkişaf etdirilməsi istiqamətində görülən işlərdən bəhs edib.
Münaqişə sonrası bölgədə yaranmış yeni reallıqlar müstəvisində Azərbaycanın gələcəyə baxışını tədbir iştirakçıları ilə bölüşən nazir, dövlət rəhbəri tərəfindən bu xüsusda bəyan edildiyi kimi, Azərbaycanın bölgədə sülh quruculuğu, sabitlik və dayanıqlı inkişafa hədəfləndiyini vurğulayıb. Nazir, azad edilmiş ərazilərdə həyata keçirilən geniş miqyaslı quruculuq işlərindən danışaraq, dost və tərəfdaş ölkələrin bərpa və quruculuq prosesində ölkəmizə dəstək olmasını minnətdarlıqla qeyd edib.
Nazir C.Bayramov diplomatik korpusa səmərəli diplomatik fəaliyyətlərinə görə təşəkkür edib və onları Yeni 2022-ci il münasibətilə təbrik edib”.
Azərbaycan Respublikasının Prezidentinin köməkçisi Hikmət Hacıyev çıxışında ölkələrimiz arasında əməkdaşlıq və dostluq münasibətlərinin inkişaf etdirilməsinə daim diqqətlə yanaşıldığını və geridə qoymaqda olduğumuz il ərazində ölkələrimiz arasında dostluq əlaqələrinin inkişaf etdiyini qeyd edib. O, Azərbaycanın dünya dövlətləri ilə həmrəylik nümayiş etdirərək, COVİD-19 qarşı qlobal mübarizədə öz töhfəsini verdiyini və bu gün beynəlxalq təşkilatlarda cərəyan edən proseslərin post-COVİD dövründə siyasi və iqtisadi baxımından daha ədalətli dünya düzəninin qurulmasının zəruri etdiyini vurğulayıb.
H.Hacıyev çıxışında qlobal miqyasda üzləşdiyimiz hədə və təhdidlərin universal regional və beynəlxalq təşkilatların çevikliyinin artırılmasının və yeni reallığa uyğunlaşdırılmasının daha da zəruriliyinin şərtləndirdiyini bildirib.
H.Hacıyev Azərbaycanın Cənubi Qafqaz regionunda 30 ilə yaxın davam edən Ermənistanın hərbi işğalına son qoyaraq yeni reallıq yaratdığını və bu gün Azərbaycanın bölgədə regional əməkdaşlıq, kommunikasiyaların açılması, dövlətlərin qarşılıqlı şəkildə bir-birinin ərazi bütövlüyünə hörmət edilməsi prinsiplərinə və məramlarına əsaslanan yeni Cənubi Qafqaz regionunun qurulmasına çalışdığını qeyd edib. Hal-hazırda Azərbaycanın qarşısında azad edilmiş ərazilərdə bərpa və yenidənqurma işlərinin həyata keçirilməsi və məcburi köçkünlərin geri qaytarılması kimi vacib məsələlər durduğunu bildirib. Bu xüsusda, ən böyük maneələrdən biri mina təhlükəsi olduğunu və bu təhlükənin aradan qaldırılmasında Azərbaycan beynəlxalq ictimaiyyətin ciddi dəstəyinə ümid etdiyini vurğulayıb. Hikmət Hacıyev yeni il münasibətilə təbriklərini tədbir iştirakçılarına çatdırıb.
Tədbirdə ölkəmizdəki diplomatik korpus adından çıxış edən diplomatik korpusun duayeni, Fələstin səfiri Nasser Abdul Kareem tədbirdə iştirak edən dövlət rəsmilərini salamlayıb və qəbulun təşkili üçün minnətdarlıq ifadə edib.
Geridə qoyduğumuz ildə qlobal səviyyədə üzləşdiyimiz çağırışlardan bəhs edən səfir, qarşıdan gələn 2022-ci ilin yeni başlanğıclar üçün qapı olacağını qeyd edib. Səfir Nasser Abdul Kareem ötən ildə baş verən uğurlara istinad edərək, ən önəmli hadisə kimi Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsini qeyd edib.
İmzalanmış üçtərəfli bəyanatın yalnız Azərbaycan deyil, bütün bölgə üçün sülh, inkişaf və tərəqqi mərhələsinin əsasını qoyduğunu bildirib. Duayen, Yeni 2022-ci il münasibətilə təbriklərini çatdırıb və Azərbaycan xalqına, hökumətinə və rəhbərliyinə sülh, əmin-amanlıq və rifah arzulayıb.
Tədbirdə Azərbaycan Prezidenti İlham Əliyevin çıxışları, yerli və xarici mediaya müsahibələri və iştirak etdiyi regional və beynəlxalq tədbirlər əsasında hazırlanmış video nümayiş etdirilib.
Daha sonra qəbul konsert proqramı ilə davam edib.