Son yeniləmə: 18 Dekabr 2021 15:34
Bayraqdar.info – “Mədəni Yenilənmə” layihəsi tədbirləri davam edir. Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində musiqişünas, filosof, tədqiqatçı, fəlsəfə elmləri doktoru, Moskvada Müasir Musiqi Assosiasiyasının aparıcı ekspertlərindən biri Rauf Fərhadovun “Totalizmdən postmodernizmə doğru” mövzusunda mühazirə-diskussiyası keçirilib.
Bu barədə məlumat Mədəniyyət Nazirliyindən bayraqdar.info-ya verilib.
Məlumatda bildirilir ki, musiqişünas XX-XXI əsrlərin ümumi mədəniyyətində mühüm dönüşlər yaratmış başlıca təmayüllər kimi totalizm və postmodernizmin başlıca prinsiplərini qeyd edib. O, müxtəlif dövrlərin musiqi nümunələrini – Orando Lassonun “Əks-səda” madriqalı, Bernd Alois Tsimmermanın “Kral Ubünün süfrə ziyafəti üçün musiqi”, Alfred Şnitkenin “Şüşə harmonika” cizgi filminə bəstələdiyi musiqini, Fausto Romitelli, Mixael Bayl, Marko Nikodiyeviç, Liza Lim və digər müəlliflərin əsərlərini illüstrə qismində səsləndirib.