Son yeniləmə: 17 Dekabr 2021 14:29
Bayraqdar.info – Rəqəmsal tədris resurslarının yaradılması və qiymətləndirilməsi istiqamətində kurs proqramı başa çatıb. Proqramı Avropa İttifaqı (Aİ), Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (BMTİP) və Peşə Təhsili üzrə Dövlət Agentliyi tərəfindən birgə təşkil edilib.
Bu barədə bayraqdar.info-ya BMT İnkişaf Proqramının Azərbaycan nümayəndəliyindən məlumat verilib. Bildirilib ki, Proqram, Aİ-nin maliyyələşdirdiyi “Gələcək üçün Peşə Təhsili” layihəsi çərçivəsində ölkədə ilk dəfə olaraq “MOODLE” təhsil platformasından istifadə edərək həyata keçirilib.
Platforma istifadəçilərə öyrənmək üçün interaktiv onlayn məkanlar təqdim edir, eləcə də müxtəlif rəqəmsal təhsil resurslarının yaradılmasına imkan verir. Onlayn tədris resurslarının yaradılması və onlayn təhsilin təşkili üzrə mütəxəssis Dr. MariaToro-Troconisin apardığı təlim proqramına Bakı, Gəncə, Şəki, Cəlilabad, Lənkəran, İsmayıllı, Mingəçevir, Qəbələ və digər şəhərlərdə yerləşən peşə təhsil müəssisələrindən mütəxəssislər və PTDA-nınəməkdaşları qatılıb.
Bağlanış tədbirində iştirakçılar “Azərbaycanda rəqəmsal tədris resurslarının yaradılması və qiymətləndirilməsi üzrə alətlər vasitəsinin tətbiqi” kursu ilə bağlı fikirlərini paylaşıb. Onlar proqramın tətbiq dairəsinin genişləndirilməsi, həmçinin müxtəlif peşələr üzrə fərqli hədəf qruplarını nəzərə alaraq yeni rəqəmsal resursların yaradılması istiqamətində təkliflər irəli sürüblər.
Tədbir zamanı xüsusilə, onlayn tədrisə ehtiyacın artdığı dövrdə elektron resursların hazırlanmasında müəyyən standartların olması, eləcə də nəticələrin müvafiq ölçülmə imkanlarıvə ümumi keyfiyyət baxımından bu cür yanaşmalarınəhəmiyyəti vurğulanıb.
Onlayn bağlanış tədbirində kursu müvəffəqiyyətlə başa vuran 13 iştirakçı sertifikatla təltif edilib.Qeyd edək ki, layihə çərçivəsində onlayn tədrisin təşkili istiqamətində əlavə dörd kursun yaradılması nəzərdə tutulur.
Sözügedən proqram, Aİ tərəfindən maliyyələşdirilən və BMTİP tərəfindən Peşə Təhsili üzrə Dövlət Agentliyi ilə birgə həyata keçirilən “Gələcək üçün Peşə Təhsili və Təlimi: Azərbaycanda Qabaqcıl Peşə Təhsili Mərkəzlərinin yaradılmasına dəstək” layihəsi çərçivəsində təşkil olunur. Layihənin əsas məqsədi əmək bazarının tələblərinə uyğun tədrisin təşkilinə dəstək olmaq və bu istiqamətdə Azərbaycandakı peşə təhsil müəssisələrinin müasirləşdirilməsinə yardım etməkdir.