Press "Enter" to skip to content

Siyasi məhbusların azad edilməsi tələb olundu

Freedom House

Son yeniləmə: 17 Dekabr 2021 01:19

Freedom House təşkilatı isə iddia edir ki, Ermənistanda siyasi məhbus yoxdur…

Bayraqdar.info – Ermənistanda fəaliyyət göstərən 14 müxalif partiya birgə bəyanatla çıxış edərək hakimiyyəti siyasi mübarizədə qeyri-demokratik metodlardan istifadədə ittiham edib.

Bu haqda xəbəri dekabrın 16-da Sputnik Armenia yayıb.

Bəyanat müəllifləri Ermənistan hakimiyyətini “siyasi fəaliyyətinə görə həbs edilmiş bütün icma rəhbərləri, ağsaqqallar şurası üzvləri və nəzarət altındakı digər şəxsləri” azad etməyə çağırıb.

Bəyanatda deyilir ki, hazırkı hakimiyyət seçkilərdə xalqın iradəsini saxtalaşdıraraq yerlərdə hakimiyyəti ələ keçirməyə çalışır. Partiya təmsilçilərinə görə, bu əməl həbslər, basqı və rəqiblərlə haqq-hesab çəkmə təhdidlərilə müşayiət olunur. Özü də bu iş üçün hakimiyyət hüquq mühafizə orqanlarından istifadə edir.

“Bu, avtoritar rejim – bir şəxsin hakimiyyətinin qurulmasının yeni mərhələsidir”, – deyə bəyanatda bildirilir.

Daha sonra bildirilir ki, ölkənin bir sıra bölgələrində qeydə alınmış qanunsuz həbslər, basqı və təhdidlər sadəcə demokratiya və insan haqlarının kobud pozuntusu deyil. Ölkə rəhbərliyi bu yolla seçicilərin səslərini oğurlamaq istəyir. Eyni zamanda müxalifəti susmağa məcbur edir. Halbuki bu qüvvələr hazırkı hakimiyyətin Ermənistan üçün məhvedici olan siyasətinə qarşı çıxırlar.

“Məqsəd birdir – hakimiyyətə dirəniş göstərərək dövlətin məhv edilməsi prosesini dayandırmaq və xəyanətkar proqramlara mane olmaq istəyən hər kəsi həbs etmək”, – deyə siyasi müxalif partiya təmsilçisi bəyan edir.

Onların fikrincə, saxta demokratik şüarlar altında hakimiyyətə gəlmiş siyasi qüvvə antidemokratik metodlardan istifadə edir və avtoritar rejim qurur. Özü də bütün bunlar dünya ictimaiyyətinin gözü qarşısında, Ermənistanda diplomatik təmsilçiliyi olan və demokratik prinsiplərə sadiqliyini bəyan edən beynəlxalq qurumların və ölkələrin susqun razılığı şəraitində baş verir.

Əlavə edək ki, bəyanatı imzalayan partiyalar arasında məlum terrorçu təşkilat olan Daşnaksutyun da var.

Freedom House: Ermənistanda siyasi məhbus yoxdur

Və əsas məsələ. Təxminən bir ay öncə ABŞ mərkəzli Freedom House dünyada azadlıqların durumuyla bağlı ölkə hesabatlarını yaymışdı. Təbii ki, hər zamankı kimi Azərbaycan yenə də yerdən yerə vurulmuşdu. Amma sözümüz onda deyil.

Məsələ ondadır ki, həmin hesabatda Ermənistanda siyasi məhbusların olmadığı açıq mətnlə yazılmışdı və o bölmə beləcə boş buraxılmışdı. Lakin biz elə bu il də, ötən illərdə də faktlarla göstərmişik ki, Ermənistanda siyasi məhbuslar olub və var. Elə indi də var.

Bu dəfə isə artıq biz demirik, Ermənistanın 14 siyasi partiyası rəsmi bəyanatla belə olduğunu deyir və konkret faktlar da təqdim edir. İndi görək Freedom House nə edəcək? Görəsən növbəti hesabatda da bu ölkədə siyasi məhbusların olmadığını qırmızı-qırmızı yazacaqlar?

Yazacaqlar. Çünki illərdir belə etmirlərmi? Yenə də edəcəklər…

Mission News Theme by Compete Themes.