Press "Enter" to skip to content

Partiyalar millət vəkilliyinə namizədlərini müəyyənləşdirdi

KKTC Cümhuriyyət Məclisi

Son yeniləmə: 17 Dekabr 2021 14:29

KKTC parlamentinə düşməyə şanslılar arasında Azərbaycana özəl münasibəti ilə fərqlənənlər də var

Bayraqdar.info – Xəbər verdiyimiz kimi 2022-ci il yanvarın 23-də qardaş Kuzey Kıbrıs Türk Cümhuriyyətində növbədənkənar parlament seçkiləri keçiriləcək. Siyasi ekspertlər KKTC Cümhuriyyət Məclisinə keçiriləcək bu seçkilərin ölkənin gələcəyi üçün xüsusi önəm kəsb etdiyi qənaətindədir. Hesab olunur ki, bir, yaxud iki mandat ucbatından tez-tez dəyişən koalisiya hökumətləri erasına nəhayət ki, son qoyula bilər. Məhz bu kontekstdə hakim Ulusal Birlik Partiyasının lazımi çoxluğu əldə edəcəyi ehtimal olunur.

UBP-nin qalibiyyət üçün şanslarını artıran məqamlar

Qeyd olunan ehtimalın bir neçə səbəbi var. Əvvəla, dediyimiz kimi, bir-birini tez-tez əvəz edən koalisiya hökumətləri real bir iş görə bilmir. KKTC xalqı isə artıq bu durumdan təngə gəlib. Odur ki, xalqın daha çox uğur qazanması ehtimal edilən partiyaya üstünlük verəcəyi gözlənilir.

Bu partiya isə indiki halda UBP-dir. UBP-nin şansını artıran digər bir məqam indiki Cümhurbaşqanı Ersin Tatarın vaxtı ilə məhz bu partiyaya rəhbərlik etməsidir. E.Tatarın Kıbrıs probleminin həlli məsələsində milli maraqlardan çıxış etməsi səbəbindən onun hakimiyyət dövrü KKTC-də ikinci Denktaş dövrü kimi qəbul edilir.

Çünki E.Tatar mərhum qurucu Cümhurbaşqanı Rauf Denktaşın problemə yanaşmasına uyğun mövqe sərgiləyir. Bu kontekstdə E.Tatarın özündən əvvəlki iki cümhurbaşqanından fərqli olaraq Türkiyə ilə soyuq deyil, isti münasibətlər qurması KKTC-də yol, su, enerji kimi problemlərin həllində Türkiyənin yaxından iştirakına imkan yaradıb.

Ehtimal edilir ki, KKTC-nin müstəqil dövlət kimi dünya birliyində tanınmasına hesablanmış bu siyasətin davamlı olması üçün hökumətin də sabit və dəyişməz olmasını istəyən xalq yanvarın 23-də UBP-yə səs verəcək.

UBP-nin qalib gəlməsinə dəstək olacaq daha bir məqam isə partiyadaxili durumla bağlıdır. Məsələ burasındadır ki, hakim partiya bu seçkilərə sabitlik, birlik və bərabərlik içində gedir. Millət vəkilliyinə namizəd olan da, olmayan da yalnız bir məqsəd uğrunda çalışır – UBP-nin təkbaşına hökumət qurmasına. Bunun üçün isə partiya bu seşkilərə kifayət qədər sanballı, sahələrinin bilicisi, həmçinin dost və qardaş ölkələrlə gözəl əlaqələr qurmuş şəxslərlə gedir. Onların arasında isə “Azərbaycanın dostları” adlandıra biləcəyimiz namizədlər də var.

Düzdür, KKTC-də siyasi mühitdə təmsil olunanların mütləq əksəriyyəti Azərbaycana dostyana münasibət sərgiləyir. Bununla belə, UBP-nin namizədlərindən ikisinin adını xüsusi olaraq vurğulamağı özümüzə borc bilirik. Onlardan biri indiki nazir və millət vəkili Resmiye Canaltay, digəri isə keçmiş nazir və keçmiş millət vəkili Şerife Ünverdidir. Onlar haqqında bir az sonra ətraflı məlumat verəcəyik.

Təkbaşına hakimiyyətə gəlib sabit hökumət modeli yaratmaq

Oğuzhan Hasipoğlu

Hələlik isə UBP-nin Baş katibi Oğuzhan Hasipoğlunun partiyanın namizədləri ilə bağlı mediaya açıqlamasına toxunaq. O, partiyanın namizədlərinin ümumi hədəflərini bəyan edib. Onların vəzifəsinin Kıbrıs türk xalqının əmin-amanlığı və firavanlığı içində gələcəyə addımlaması üçün çalışmaq, öz dövlətini yaşatmaq, həmçinin Ana Vətən Türkiyə ilə əlaqələri daha inkişaf etmiş, daha məhsuldar və yaxşı nöqtələrə daşımaq olduğu vurğulanıb.

“Hər şeydən öncə ölkə və xalq gəlir” deyən O.Hasipoğlu bildirib ki, mövcud ağır şərtlərə baxmayaraq xalqın güvəndiyi yeganə partiya UBP-dir: “Bunu getdiyimiz bölgələrdə də hiss edirik. Meydanda tək biz varıq. Məqsədimiz təkbaşına hakimiyyətə gəlib, sabit hökumət modeli yaratmaqdır. Təcrübə göstərir ki, çoxpartiyalı koalisiyalar ölkəmizə xidmət edə bilməz. Sədr seçilən Faiz Sucuoğlu ilə partiya daxilində sabitliyi təmin etdik. Yanvarın 23-də keçiriləcək seçkilərdə bu sabitlik və etimadın qutuda da öz əksini tapacağına şübhəmiz yoxdur”.

Beləliklə, qayıdaq “Azərbaycan dostları” adlandıra biləcəyimiz namizədlər məsələsinə. Qeyd edək ki, həm R.Canaltay, həm də Ş.Ünverdi zaman-zaman ölkəmizdə səfərdə olub.

Resmiye Canaltay: Azərbaycanda özümü öz vətənimdəki kimi hiss edirəm

Nadir Azəri Resmiye Canaltayla. Bakı, 1998

2021-ci ildə ictimai işlər və nəqliyyat naziri vəzifəsinə təyin olunan Resmiye Canaltay 1961-ci ildə Gazimağusada anadan olub. İbtidai məktəbi Ankarada oxuyub. Namık Kemal liseyini bitirdikdən sonra universitetdə biznes idarəçiliyi üzrə təhsil alıb. O, DAÜ Ünsiyyət fakültəsində kommunikasiya üzrə magistr təhsilini tamamlayıb.

KKTC-nin 3-cü prezidenti Derviş Eroğlunun qızı olan R.Canaltay kiçik yaşlarından UBP-də fəal iştirak edib. Dörd müddət UBP Gazimağusa Qadın Qollarının başqanı olub. İki müddətə UBP Divanının üzvü seçilib. Uzun illər turizm sahəsində iş qadını kimi çalışıb.

R.Canaltay bir müddət Kıbrıs Türk Səyahət Agentlikləri Birliyinin (KITSAB) prezidenti vəzifəsində çalışıb. Bir çox ölkələrdə turizm yarmarkalarında və müxtəlif seminarlarda iştirak edib. O, Gazımağusanı brend şəhərə çevirməyə çalışan Antik Mağusa Vəqfinin üzvü və qurucu sədri olub.

7 yanvar 2018-ci ildə keçirilən növbədənkənar parlament seçkilərində UBP-nin Gazimağusa millət vəkili seçilib. Evlidir, iki övladı var. İngilis dilini bilir.

Bu dəfə də UBP-nin siyahısından Gazimağusadan namizəd olan R.Canaltay ölkəmiz haqqında gözəl fikirləri ilə fərqlənir. Belə ki, Türk Dünyası Qadın Platforması (TÜRKAP) nümayəndə heyətinin tərkibində 2018-ci ildə ölkəmizdə səfərdə olan R.Canaltay səfər çərçivəsində bəndənizə verdiyi özəl açıqlamda (həmin vaxt “Yeni Azərbaycan”qəzetində işləyirdimN.A.) aşağıdakıları demişdi: “Onu da deyim ki, bu, mənim Azərbaycana üçüncü gəlişimdir. Hər gələndə Azərbaycanın daha da inkişaf etdiyini görürəm. Eyni zamanda Bakının inkişafı, tərəqqisi məni heyran edir. Təbii ki, Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin əsasını qoyduğu siyasətin Prezident İlham Əliyev tərəfindən davam etdirilməsi nəticəsində bu inkişafa nail olunub. Məhz həyata keçirilən siyasət nəticəsində Azərbaycan bütün sahələrdə inkişaf edib. Xalqın rifah halı yaxşılaşıb. İnsanlarda H.Əliyev sevgisini hiss edirik. Bu dövlətin qurucusunun adı çəkiləndə insanların gözündə sevgi parıltıları görürəm. Ruhu şad olsun, çox gözəl bir ölkə yaradıb. Eyni zamanda, burada özümü öz vətənimdəki kimi hiss edirəm, Türkiyədəki kimi hiss edirəm. İnsanların qonaqpərvərliyi bizləri heyran edir. XXI əsrdə bu cür qonaqpərvərliyi qoruyub saxlamaq, doğrudan da bir mədəni zənginlikdir. Bu zənginliyi hər zaman qoruyun. Əsl türklük budur”.

Şerife Ünverdi: Can Azərbaycana qucaq dolusu salamlarımı çatdırın

Şerife Ünverdi

1955-ci ildə Lefkoşada anadan olan KKTC-nin keçmiş əmək və sosial müdafiə naziri Ş.Ünverdi də Azərbaycanı çox sevir.

Qeyd edək ki, o, müxtəlif kəndlərdə ibtidai məktəblərdə təhsil alıb, orta məktəbi isə Lefkoşa Türk Qız Liseyində bitirib. 1977-ci ildə İstanbul Universitetinin stomatologiya fakültəsinndən məzun olub. 1977-80-ci illərdə Bakırköy Diş Poliklinikasında işlədikdən sonra 1980-ci ildə Kıbrısa qayıdıb və Lefkoşada diş həkimi işləyib.

Uzun müddət UBP-nin müxtəlif orqanlarında vəzifə tutan Ş.Ünverdi 1994-cü ildə UBP-dən Lefkoşa bələdiyyə məclisinə üzv seçilib. O, 1998-ci ilə qədər bu vəzifədə çalışıb.

2003-cü ildə parlament seçkilərində UBP-dən Lefkoşa millət vəkili seçilən Ş.Ünverdi 2005 və 2009-cu il seçkilərində də uğur qazanıb. 7 aprel 2011-ci ildə KKTC əmək və sosial müdafiə naziri vəzifəsinə təyin olunub və 2013-cü ilə qədər bu vəzifədə olub. Ailəlidir, iki övladı var.

Siyahı bəlli olduqdan dərhal sonra telefon açdığımız Ş.Ünverdi “Can Azərbaycana qucaq dolusu salamlarımı çatdırın” dedi və seçkilərdən dərhal sonra bayraqdar.info-ya müsahibə verəcəyini bildirdi. Onu da qeyd edək ki, Ş.Ünverdi məhz partiya sədrinin özəl təqdimatla irəli sürdüyü 10 namizəddən biridir.

Mission News Theme by Compete Themes.