Press "Enter" to skip to content

Dünya səviyyəli pəhləvan diqqətdən kənar qalıb – VİDEO

Laçın və Hüseyn Abdulhüseynov qardaşları ABŞ-da

Bayraqdar.info – Əslən Qubadan olan ictimai fəal Əlabbas Məhərrəmli Facebook hesabında paylaşım edərək həyəcan təbili çalıb. O, həmyerlisi, nadir istedad sahibi, pəhləvan Laçın Abdulhüseynovun dözülməz durumu ilə bağlı iki nazirə müraciət edib.

Müraciətdə deyilir: “Paylaşdığım video coxlarının tanıdığı Qubalı, pəhləvan nəslinin davamçısı L.Abdulhüseynovun dünyaya səs salan görüntülərinin kicik bir hissəsidir. İki nazirə müraciətimin səbəbi odur ki, Laçın həm idman, həm də qədim pəhləvan sənəti olaraq mədəniyyət sahəsi ilə məşğul olur. Göstərdiyi nömrələrdə insanları necə heyran elədiyini hamı görür. Ona xarici ölkələrdən təkliflər cox olub, amma millətinə, dövlətinə, elinə-obasına sevgi, bağlılıq onun kənara getməsinə imkan verməyib”.

Daha sonra qeyd edilir ki, “Laçın hazırda ailəsi ilə Qubada yaşayır. Atası pəhləvan Əlinin adına təsis elədiyi təmirsiz, şəraitsiz idman klubunda calışır. Sizlərdən bir vətəndaş kimi, Qubalı ictimai fəal kimi xahiş edirəm: L.Abdulhüseynovu qəbul edəsiniz, onun normal şəraitdə idman sahəsində, həm də mədəniyyət sahəsi olan pəhləvan sənətində fəaliyyət göstərməsinə yardım edəsiniz. Laçın həm də işsizdir. Belə bir oğulun gündəlik muzdlu işlərdə fəhləliklə cörək pulu qazanmasına biganə qalmayaq”.

Qeyd edək ki, Ə.Məhərrəmli müraciətini gənclər və idman naziri Fərid Qayıbov və mədəniyyət naziri Anar Kərimova ünvanlayıb.

Onu da bildirmək yerinə düşər ki, Laçın öz qardaşı, pəhləvan Hüseynlə birlikdə uzun illərdir bu sənətlə məşğul olur, “Azeri Brothers” cütlüsü kimi dünyanın müxtəlif ölkələrində nümayişlərdə təqdir görüb.

Bu arada əlavə edək ki, pəhləvan sənəti əsrlərdir Azərbaycanda həm bir idman, həm də bir mədəniyyət hadisəsi olaraq insanların könlünü fəth edib. Düzdür, son illərdə bu sənəti çox da görmək olmur. Yalnız Novruz bayramında, özəlliklə də Bakıdakı şənliklərdə pəhləvanlar öz məharətlərini göstərirlər. Halbuki şəxsən mənim də uşaqlıq illərində gördüyüm o idi ki, pəhləvanlar bayram olmasa belə el-obanı gəzib dolaşar, öz məharətlərini göstərərdilər. Bu da gənclərin sağlam ruhda böyüməsinə, sağlam həyat tərzinə meyllənməsinə səbəb olardı. O baxımdan Ə.Məhərrəmlinin müraciəti mütləq hər iki nazirlik tərəfindən diqqətə alınmalıdır. Ümumiyyətlə isə düşünürük ki, bu müraciət ölkənin 1-ci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, Azərbaycan mədəniyyətinin və idmanının bütün anlamlarda hamisi Mehriban Əliyevaya çatacağı təqdirdə öz həllini mütləq tapacaq. Çünki onun belə məsələlərə həssaslığı, qayğısı illərdir ki, göz önündədir.

https://www.youtube.com/watch?v=Lk42zOYdttE

Və daha bir əlavə. Bu dəfə özümüzdən. Bizim Dədəli kəndinə də o illərdə tez-tez pəhləvanlar gələrdi. Biz uşaqdıq. Onlara baxıb həvəslənərdik və sonrakı günlərdə bacardıqca pəhləvanların hərəkətlərini təkrar eləməyə çalışardıq. Əlbəttə, uşaq ağlıyla, gücümüz çatdığı qədər. Açığı, bu həvəs bizim daha sağlam yetişməyimizə, zərərli vərdişlərdən uzaq durmağımıza səbəb olurdu. Az-çox öyrəndiklərimiz də vardı və mən əsgərliyə gedəndə çox sağlam birisi idim. İdmançı deyildim, amma baxan deyirdi ki, idmançısan. O pəhləvanlara baxıb yumruqla daş sındırmağı belə öyrənmişdim. Sonra illər ərzində bu vərdişimi unutdum. Lakin 2020-ci ilin pandemiya qapanmaları günlərində kənddə olarkən özümü yenidən sınamaq qərarına gəldim və yumruğumun yaddaşının yerində olduğunu gördüm…

Mission News Theme by Compete Themes.