Son yeniləmə: 16 Dekabr 2021 18:34
Bayarqdar.info – Azərbaycanla Macarıstan arasında əlaqələr strateji tərəfdaşlıq səviyyəsindədir. Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.
ƏƏSMN-dən dekabrın 16-da bayraqdar.info-ya verilən məlumata görə, Azərbaycan Respublikası Hökuməti və Macarıstan Respublikası Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə birgə Komissiyanın Azərbaycan tərəfindən həmsədri S.Babayev ölkəmizdə səfərdə olan Macarıstanın kənd təsərrüfatı naziri İştvan Nadzın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Görüşdə Macarıstanın Azərbaycandakı səfiri Viktor Szederkenyi də iştirak edib.
S.Babayev Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun ötən il Vətən müharibəsində qazandığı tarixi Zəfəri qeyd edib. O, Ermənistanın işğalından azad edilmiş ərazilərimizdə böyük quruculuq işləri aparıldığını, Macarıstan şirkətlərinin də bu işlərdə iştirak etməyə maraq göstərməsinin məmnunluq doğurduğunu bildirib.
Ölkəmizdə aparılan sosial-iqtisadi siyasətin nailiyyətləri barədə məlumat verən S.Babayev iki ölkə arasında digər sahələrdə olduğu kimi, kənd təsərrüfatı sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün geniş potensialın mövcud olduğunu qeyd edib.
Nazir dekabrın 16-da Bakıda keçirilən Azərbaycan-Macarıstan Kənd Təsərrüfatı Biznes Forumunun iki ölkənin kənd təsərrüfatı üzrə şirkətləri arasında əməkdaşlığın inkişafında mühüm önəmini vurğulayıb.
2005-2021-ci illərdə Bakı və Budapeştdə 10-dan artıq biznes forum, işgüzar görüş və digər tədbirlərin keçirildiyi, 2019-cu ildə Budapeştdə Azərbaycan Evinin açıldığı, ölkəmizdə xidmət, nəqliyyat, ticarət, kənd təsərrüfatı üzrə 20-dək Macarıstan şirkətinin fəaliyyət göstərdiyi bildirilib.
Azərbaycan və Macarıstan Hökumətləri arasında iqtisadi əməkdaşlıq üzrə birgə Komissiyanın fəaliyyətindən bəhs olunub. 2022-ci ilin fevral ayında Bakıda Komissiyanın 8-ci iclasının, iclas çərçivəsində Azərbaycan-Macarıstan Biznes Forumunun keçirilməsinin nəzərdə tutulduğu qeyd edilib.
İ.Nadz ölkəsinin Azərbycanla əlaqələrinin daim inkişaf etməsinin və bu gün yüksək səviyyədə olmasının məmnunluq doğurduğunu bildirib. Əməkdaşlığın ildən-ilə genişlənməsi üçün böyük potensialın olduğunu, kənd təsərrüfatı sahəsində əlaqələrin genişlənməsində maraqlı olduqlarını vurğulayıb.
Görüşdə gələn il Kənd Təsərrüfatı və Ərzaq Sənayesi üzrə Azərbaycan-Macarıstan İşçi Qrupunun 2-ci iclasınınkeçirilməsinin nəzərdə tutulduğu qeyd edilib. İki ölkə arasında kənd təsərrüfatı və ərzaq məhsulları üzrə ticarət dövriyyəsinin artırılması məqsədilə ixrac potensiallı məhsullarına dair məlumat mübadiləsi aparılıb.