Press "Enter" to skip to content

Sükanı Azərbaycanın əlində olan tərəqqi qatarı

Nadir Azəri

Son yeniləmə: 16 Dekabr 2021 13:34

İndi hər kəs o qatara bilet almağa can atır

Bayraqdar.info – Nəhayət Brüssel görüşü də baş tutdu. Bir müddətdir bəzi xarici ekspertlərin, həmçinin Ermənistanın hakim dairələrinin və müxalifətinin manipulyasiya predmetinə çevrilmiş Brüssel görüşü artıq tarix oldu. Sözün hər bir mənasında həm də.

Əvvəla görüş baş tutdu və tarixdə 15 dekabr gündəliyi kimi hər zaman xatırlanacaq. Digər tərəfdən isə görüşdə, həmçinin ondan sonra səslənən fikir, bəyanat və açıqlamalar baxımından da bu görüş tarix oldu.

İkinci məqam Ermənistanın diplomatik masada növbəti məğlubiyyəti, Azərbaycanın isə daha bir qələbəsi baxımından hələ uzun illər müzakirə ediləcək. Yəni Brüssel görüşünün başa çatması ilə yanaşı Baş nazir Nikol Paşinyanın timsalında, belə deyək ki, Ermənistanın postmüharibə dövründəki oyunları da başa çatdı. Artıq belə demək mümkündür. Çünki N.Paşinyanın böyük ümidlərlə getdiyi, Azərbaycana təzyiq üçün dəstək alacağını düşündüyü Avropa Ermənistanın Baş nazirini əliboş, üstəlik də əlavə bir zərbə vurmaqla geri göndərir. Əlavə zərbə ifadəsini təsadüfən işlətmədik.

Avropa da Ermənistanı haqq yoluna dəvət edir

Brüssel görüşünün nəticələrinə, həmçinin Avropa Birliyi Şurasının Prezidenti Şarl Mişelin görüşə dair bəyanatına diqqət etsək görərik ki, Ermənistan nəinki hər hansı bir qazanc əldə edə bildi, əksinə Rusiyada, Soçi görüşündə ondan tələb olunmayan bəzi məsələlər Avropada tələb olundu. Hər halda Ş.Mişelin bəyanatında humanitar məsələlər çərçivəsində girov və itkin düşmüş şəxlər məsələsinin də qabardılması deyilənlərə bir misaldır. Məsələ burasındadır ki, Azərbaycan Birinci Qarabağ müharibəsi zamanı girov və itkin düşmüş 4 mindən çox azərbaycanlının aqibətinə Ermənistan tərəfindən aydınlıq gətirilməsini dəfələrlə tələb edib. Amma Ermənistanla bərabər beynəlxalq təşkilatlar da Brüssel görüşünə qədər Azərbaycanın bu tələbini duymazdan gəlirdilər. İndi isə göründüyü kimi, Avropanın, o cümlədən Qərbin bu məsələdə “buzu əridi”. Azərbaycanın haqlı mövqeyini dəstəkləyən Avropa, “girov və itkin düşmüş şəxslər” məsələsini də gündəmə gətirməklə Ermənistana qəfil sillə vurmuş oldu. Yəni Ermənistanın güvəndiyi dağlara da (AvropaN.A.) qar yağdı.

Məhz bu görüşdən sonra beynəlxalq ekspertlərin, aparıcı analitik mərkəzlərin altını xüsusi ilə cızdıqları bir fikir var – Azərbaycan Avropadan bu məsələdə inanılmaz bir dəstək aldı. Dünənə qədər Ermənistanın ən yaxın müttəfiqi, arxası, dayağı kimi çıxış edən Avropa onu yarıyolda qoydu və reallıqla barışmalı oldu.

Ermənistanın tək yolu reallığı qəbul etməkdir

Əslində, Avropanın, ümumiyyətlə prosesləri dərindən təhlil etmək qabiliyyətinə malik bütün qurum və şəxslərin Azərbaycanın 44 günlük Vətən müharibəsindən sonra regionda yaratdığı reallığı qəbul etməkdən başqa çıxış yolu yoxdur. Çünki bu reallıq həm regiona əbədi sülh və inkişaf vəd edir, həm də digər ölkə və qurumlara Azərbaycan-Türkiyə cütlüyünün təklif etdiyi platforma çərçivəsində əməkdaşlığa qoşularaq dividentlər qazanmağa imkan yaradır. Təbii ki, Avropa da boş xəyallara qapılmaqdansa, bu imkandan yararlanmağa üstünlük verib.

Bunun üçün isə Avropa işğaldan azad edilmiş Azərbaycan ərazilərinin minalardan təmizlənməsi, orada aparılan quruculuq-bərpa işlərində iştirak və müharibədən zərər görmüş insanlara yardım göstərilməsi istiqamətində öz köməyini təklif edib. Əslində, bunu Avropanın postmüharibə dövründə Azərbaycana qarşı haqsız davranışlarına görə üzrxahlığı kimi də dəyərləndirmək olar. Görünür Avropanın bəlli dairələri Ermənistanın qəyyumu qismində çıxış etməyin onlara ziyandan başqa heç nə vəd etmədiyini anlayıblar. Bunu onlara anlatmqda əsas rolu isə Azərbaycan Prezidentinin qətiyyəti oynayıb.

Bir sözlə, Avropada artıq anlayıblar ki, Azərbaycanın yaratdığı reallığa daş atmaq yox, ondan faydalanmaq lazımdır. Çünki bu reallığa atılan daşlar bumeranq effekti verərək geriyə, onların özünə qayıdır. Odur ki, indi avropalılar regiona sabitlik və tərəqqi, prosesdə iştirak edəcək ölkələrə isə əlavə dividentlər vəd edən qatara “bilet almağa” cəhd edirlər. Sükanı Azərbaycanın əlində olan bu tərəqqi qatarının yolu isə Zəngəzurdan türk dünyasına, oradan da bütün dünyaya istiqamətlənib.

Mission News Theme by Compete Themes.