Son yeniləmə: 16 Dekabr 2021 13:18
Bayraqdar.info – Bu gün – 16 dekabr qardaş Qazaxıstanın müstəqillik günüdür. Düz 30 il öncə, dekabrın 16-da ölkənin ilk Prezidenti Nursultan Nazarbayevin başçılığı altında Qazaxıstan özünün müstəqilliyini elan edib. O dövrdə SSRİ adlanan, əslində isə Rusiya imperiyasının varisi olan bir dövlət bu qardaş ölkəni də illər boyu işğal altında tutub, təbii sərvətlərini talayıb, aydın insanlarını repressiya edib, milyonlarla qazaxı aclıqla soyqırıma uğradıb.
Qazaxıstan da digər türk dövlətləri kimi ilk fürsətdə Rusiyanın işğalından qurtularaq müstəqillik elan etməklə inkişafın yeni və daha dinamik mərhələsinə qədəm qoyub. Artıq arxada qalan 30 illik dövr qardaş ölkənin dünyada möhkəmlənməsinə, tanınmasına, qəbul edilməsinə imkan yaradıb. O həddə ki, dünyanın ən böyük gücləri belə bu gün Qazaxıstanla yaxından maraqlanır, onu tərəfdaş kimi görür, birlikdə hərəkət etmək istəyir.
Müstəqillik yolu 1986-cı ildə başlamışdı
Qazaxıstanın müstəqilliyi 1991-ci il dekabrın 16-da elan edilsə də bu yolun başlanğıcı 1986-cı ilin eyni günündə qoyulmuşdu. Məhz həmin gün qazax gəncləri Moskvanın basqıçı rejiminə baş qaldırmışdı. Öz imperiya iddialarından heç cür imtina edə bilməyən Rusiya Qazaxıstan xalqının iradəsini heçə sayaraq bu Respublikaya qazax olmayan birisini başçı təyin etmək qərarı vermişdi. Bu isə qazaxların haqlı narazılığına səbəb olmuş, onlar küçələrə çıxaraq dinc etiraz etmişdilər.
1986-cı ilin 16 dekabr dinc etirazlarına Moskva özünəməxsus qanlı işğalla cavab vermişdi. Rusiyanın içərilərindən cəlb edilmiş xüsusi təyinatlı qüvvələr Almatı və başqa şəhərlərdə dinc sakinlərə qarşı ən amansız hücumlar etmiş, nəticədə 170-dən çox insan məhv edilmişdi.
Bundan başqa minlərlə insan həbs edilmiş, bir çox tələbə ali məktəblərdən qovulmuşdu. Məhz qazax xalqının bu haqlı iradəsini nəzərə alan Prezident N.Nazarbayev 5 il sonra – 1991-ci ilin 16 dekabrında ölkənin müstəqilliyini elan etməklə həm də 1986-cı il olaylarına belə dəyər vermişdi.
Dünyanın sayılıb-seçilən dövləti
Qeyd etdiyimiz kimi, Qazaxıstan artıq dünyanın ən sayılıb-seçilən dövlətləri arasındadır. Əlbəttə, Rusiya istilası davam etsəydi belə olamayacağı şübhəsizdir. Amma indi istila yoxdur.
Bu arada qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev qardaş ölkənin Prezidenti Qasım-Jomart Toqayevə dekabrın 15-də bu münasibətlə təbrik məktubu göndərib. Məktubda yetərincə dərin mənalı fikirlərin yer alması diqqət çəkməyə bilməz.
Sitat: “Müstəqillik illərində Qazaxıstan tarixi sınaqlardan şərəflə çıxaraq bütün sahələrdə sürətli inkişaf yolu keçmiş, böyük nailiyyətlər əldə etmiş, beynəlxalq aləmdə yüksək nüfuz qazanmışdır. Azərbaycan Respublikası qardaş ölkənizin bu uğurlarına səmimi-qəlbdən sevinir”.
Sitat: “Xalqlarımızı dərin tarixi kökləri olan dostluq münasibətləri birləşdirir. Bu gün bu xoş ənənələr üzərində qurulan dövlətlərarası əlaqələrimiz müvəffəqiyyətlə inkişaf etməkdədir”.
Sitat: “İnanıram ki, sıx tellər ilə biri-birinə bağlı olan xalqlarımızın mənafelərinə uyğun olaraq Azərbaycan ilə Qazaxıstan arasındakı dostluq, səmərəli əməkdaşlıq və strateji tərəfdaşlıq münasibətləri bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir”.
Göründüyü kimi, Prezident İ.Əliyev öz məktubunda Qazaxıstanın həm tarixinə, həm bu gününə, həm də Azərbaycanla münasibətlərinə diqqət çəkir.
Qeyd edək ki, Prezidentin təbrik məktubunu dekabrın 15-də Mətbuat xidməti ictimailəşdirib.
Dünyanın supergücünün strateji tərəfdaşı
Yeri gəlmişkən, dünyanın bir nömrəli supergücü olan ABŞ-ın da Qazaxıstana göndərdiyi təbrik məktubu olduqca diqqətçəkəndir.
Surəti Dövlət Departamentindən bayraqdar.info-ya daxil olan və dövlət katibi Entoni Blinkenin adından yayımlanan məktubda deyilir ki, “ABŞ adından Qazaxıstan xalqını müstəqilliyin 30 illiyi münasibətilə təbrik edirəm”.
Məktubda bildirilir ki, ABŞ Qazaxıstanın iqtisadi inkişaf, zənginləşmə və böyümə çalışmalarına böyük dəyər verir. Eyni zamanda beynəlxalq sülh və təhlükəsizliyə verdiyi dəstəyə də qiymət verir.
“Qazaxıstan ötən 30 il ərzində Orta Asiyanın keçid mərhələsinin mərkəzində olub. Bu ölkə nüvəsizləşdirmə məsələlərində özünü başqa ölkələr üçün model kimi göstərib. Və biz Qazaxıstanın davam edən siyasi və insan haqları islahatlarından məmnun oluruq”, – deyə məktubda yazılır.
Daha sonra qeyd edilir ki, “ABŞ Qazaxıstanı dost adlandırmaqdan qürur duyur və onun suverenliyinə, müstəqilliyinə, ərazi bütövlüyünə sadiqdir. Biz aramızdakı strateji tərəfdaşlığı möhkəmləndirməyə davam edəcəyik”.
Bəli, bu gün qardaş Qazaxıstan həm qardaş ölkələr ailəsi – Türk Dövlətləri Təşkilatında fəal və hörmətəlayiq mövqeyi ilə, həm də qlobal müstəvidəki çəkisilə sayılıb-seçilən dövlətlərdən biridir. Deyə bilərik ki, Qazaxıstan qısa müddətli – cəmi otuz illik müstəqillik dönəmindən səmərəli istifadə edib, özünü tanıda və ən seçkin dövlətlərdən birinə çevrilə bilib. O baxımdan qardaş dövlətin müstəqilliyinin əbədi olmasını diləmək də bizə düşər.