Son yeniləmə: 16 Dekabr 2021 14:03
Bayraqdar.info – Kubanın Azərbaycan, o cümlədən Türkmənistan, Özbəkistan və Gürcüstandakı səfiri Alfredo Nieves Portuondo Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda olub. Səfir burada Fondun prezidenti Günay Əfəndiyeva ilə görüşüb.
Fonddan bayraqdar.info-ya dekabrın 16-da verilən məlumata görə, görüş zamanı G.Əfəndiyeva rəhbəri olduğu təşkilatın fəaliyyəti barədə məlumat verib. O, türk xalqlarının çoxəsrlik tarixinin, zəngin mədəniyyətinin təbliği məqsədilə dünyanın müxtəlif ölkələrində həyata keçirilən tədbirlərdən və gələcək planlardan söz açıb.
G.Əfəndiyeva Fond ilə Kubanın ölkəımizdəki Səfirliyi arasında yaranan yeni əməkdaşlıq əlaqələrinin müxtəlif xalqların ümumbəşəri dəyərlərinin tanıdılmasına xüsusi töhfələr verəcəyinə inandığını qeyd edib.
Səfir Alfredo Nieves Portuondo isə Fond tərəfindən həyata keçirilən genişmiqyaslı işləri yaxından izlədiyini qeyd edib. O, Fondun fəaliyyət göstərdiyi illər ərzində yalnız Türk dövlətləri ilə deyil, digər ölkələrlə də tərəfdaşlıq münasibətlərinin mövcudluğunu təqdir edərək, təşkilatı eyni zamanda dünya xalqlarının mədəniyyətlərini bir-birinə yaxınlaşdıran körpü kimi qiymətləndirib.
Görüş Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu ilə Kuba arasında əlaqələrin inkişaf perspektivlərinin müzakirəsi ilə davam edib.