Son yeniləmə: 16 Dekabr 2021 14:39
Bayraqdar.info – 18-19 dekabr tarixlərində saat 19.00-da Mədəniyyət Nazirliyinin dəstəyi və AzerGold Qapalı Səhmdar Cəmiyyətinin baş sponsorluğu ilə Akademik Milli Dram Teatrında “Nizami Gəncəvi ili” çərçivəsində hazırlanmış “İSGƏNDƏRə yeni NAMƏ” tamaşasının premyerası olacaq.
Bu barədə xəbər bayraqdar.info-ya Mədəniyyət Nazirliyindən dekabrın 16-da verilib.
“İSGƏNDƏRə yeni NAMƏ” layihəsi Nizami irsinin teatr sənəti vasitəsi ilə retranslyasiyasını hədəfləyir. Layihənin əsas məqsədi Nizami Gəncəvinin hər hansı əsərini səhnəyə gətirmək yox, Nizami ruhunu, Nizami fəlsəfəsini müasir sənət düşüncəsi müstəvisində aktuallaşdırmaqdır.
“Belə ki, yazıçı-dramaturq İlqar Fəhminin Nizami Gəncəvinin “İsgəndərnamə” poemasının motivləri əsasında tərtib etdiyi yeni ədəbi əsas – “İSGƏNDƏRə yeni NAMƏ” poemanın xəyali sequelidir. Tamaşada poemadakı hadisələr xətti alternativ istiqamətdə davam etdirilir. Bəlli olduğu kimi, invariantda İsgəndər Zülqərneynə dirilik suyunu içmək qismət olmur, Xızır dirilik suyunu içib qiyamətə qədər qeybə çəkilir. İsgəndər isə dünyadan köçür.
“Poemadan fərqli olaraq, tamaşada Makedoniyalı İsgəndər dirilik suyunu tapıb içir. Tamaşanın əsas hadisələr xətti İsgəndərin əbədi həyat qazanmasından sonra baş verən faciələr, xəyanətlər, sui-qəsdlər, qanlı olaylar üzərində qurulub.
“Tamaşa seyrçiləri belə bir sual qarşısında qoyur: Görəsən, Nizaminin İsgəndəri ölüm ayağında, həqiqətən, dirilik suyunu içib, əbədi həyat əldə etsəydi, sonrakı aqibəti necə olardı? Həqiqətənmi, hər şey məhz Nizaminin filosoflarının təsvir elədiyi kimi faciəvi olacaqdı? Yoxsa İsgəndər öz düşündüyü kimi dünyada ali ədaləti bərqərar edə biləcəkdi?
“Vahid dövlət ideyasının, yer kürəsini bir qütbdən idarə etmək iddiasının aqibətini təsvir edən tamaşanın yaradıcılarına görə, İnsan ədəbİ həyatın yükünü çəkə bİlməz, çünkİ İnsan Tanrı deyİl.
“Tamaşanın quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə, quruluşçu rəssamı Əməkdar mədəniyyət işçisi İlham Elxanoğlu, ədəbi əsasın müəllifi İlqar Fəhmi, işıq üzrə rəssamı Rafael Həsənov, rejissor assistenti Nihad Qulamzadədir. Tamaşanın səhnə plastikası Xalq artisti Pərviz Məmmədrzayevə, səhnə qrafikası Binyamin Sailova məxsusdur.
“Səhnə əsərində Xalq artisti Nurəddin Mehdixanlı (Hörmüz), Əməkdar artist Şövqi Hüseynov (Xızır), Ziya Ağa (İskəndər), Fəridə Şahbazova (gənc Rövşənək), Rüstəm Rüstəmov (Ərəstun), Əməkdar artist Elşən Rüstəmov (Əflatun), Vüsal Mustafayev (Dəğyənus), Elçin Əfəndi (Antiqon), Əməkdar artist Kəmalə Müzəffər (yaşlı Rövşənək), Əməkdar artist İlqar Cahangir (İsgəndərus) və Sənan Kazımlı (Vəliəhd Sokrat) çıxış edirlər”, – deyə xəbərdə bildirilir.