Son yeniləmə: 16 Dekabr 2021 10:41
Bayraqdar.info – Dekabrın 16-sı Fövqəladə Hallar Nazirliyi işçilərinin peşə bayramıdır. Bu münasibətlə FHN rəhbərliyi Şuşa, Füzuli, Ağdam, Kəlbəcər, Laçın, Cəbrayıl, Zəngilan, Xocavənd, Qubadlı rayonlarında və Suqovuşanda yerləşən FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin hissələrində görüşlər keçirilib. Tədbirlərdə FHN işçilərinin Həmkarlar İttifaqının sədri Mehman İsmayılov və FHN-in Qarabağ Regional Mərkəzinin rəisi polkovnik Mirəli Feyziyev iştirak edib.
Bu barədə bayraqdar.info-ya FHN-dən məlumat daxil olub.
Məlumatda bildirilir ki, görüşlərdə Azərbaycanın azadlığı və ərazi bütövlüyünün təmin olunması zamanı canlarını fəda etmiş şəhidlərin, həmçinin erməni terrorizmi nəticəsində həyatlarını itirmiş soydaşların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirlərdə çıxış edən M.İsmayılov əməkdaşları 16 dekabr – Fövqəladə Hallar Nazirliyi işçilərinin peşə bayramı münasibətilə təbrik edib, onlara çətin və şərəfli işlərdə uğurlar arzulayıb.
İttifaq sədri qeyd edib ki, ötən 16 il ərzində Nazirlik fövqəladə hallarla mübarizədə etibarlı şəbəkənin yaradılması, mülki müdafiə, əhalinin və ərazilərin təbii və texnogen hallardan qorunması, yanğından mühafizə və su hövzələrində insanların təhlükəsizliyinin təmin olunması ilə bağlı mühüm işlər görüb.
“Müharibə zamanı FHN-in bütün strukturları digər qurumlar kimi Müzəffər Ali Baş Komandanın ətrafında sıx birləşərək qələbənin qazanılmasında öz töhfələrini vermişlər. Nazirliyin qüvvələri düşmən tərəfindən ağır artilleriya qurğularından və raketlərdən atəşə məruz qalan yaşayış məntəqələrinin yanğından mühafizəsində və xilasetmə işlərində rəşadət göstəriblər”, – deyə o bildirib.
Görüşlər zamanı hissələrə FHN işçilərinin Həmkarlar İttifaqı tərəfindən sovqatlar təqdim edilib.