Press "Enter" to skip to content

Beynəlxalq Türk Dili Günü müzakirələri keçirilib

Son yeniləmə: 16 Dekabr 2021 09:20

Növbəti hədəf türk dilinin BMT tərəfindən beynəlxalq dil kimi qəbul edilməsinə nail olmaqdır

Bayraqdar.info – Dekabrın 15-i tarixinin Beynəlxalq Türk Dili Günü elan ediləcəyi barədə xəbər vermişdik.

Həmin məlumatda sözügedən tarixdə UNESCO-nun Türkiyə Milli Komissiyası, Pamukkale Universiteti, Pamukkale Universitetinin Altay Topluluqları Dil və Mədəniyyətləri Tətbiq və Araşdırma Mərkəzi (ALTAY DİLMER), həmçinin Avrasiya Yazarlar Birliyinin əməkdaşlığı ilə tədbirin keçiriləcəyi və Beynəlxalq Türk Dili Gününün həmin tədbirdə elan ediləcəyi vurğulanmışdı.

15 dekabr – Beynəlxalq Türk Dili Günü

15 dekabr tarixinin seçilməsi təsadüfi deyil

Xatırladaq ki, bu tarixin seçilməsi də təsadüfi deyil. Belə ki, danimarkalı dilçi alim Vilhelm Thomsen tərəfindən Orhun kitabələrinin, Göytürk abidələrinin oxunduğunun bəyan edildiyi tarix məhz 15 dekabra təsadüf edir. Daha dəqiq desək, V.Tomsen rus türkoloqu Vasili Radlovun köməyi ilə 1893-cü ildə bu abidələri oxuyub və məlumat həmin il dekabrın 15-də Danimarka Kral Elmlər Akademiyasında elm aləminə elan edilib.

Beləliklə, bir müddət öncə, daha dəqiq desək 2021-ci il iyunun 4-də UNESCO-nun Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə və Türkmənistan Milli Komissiyalarının iştirak etdiyi toplantıda 15 dekabr tarixinin Beynəlxalq Türk Dili Günü elan edilməsi razılaşdırılıb. Bunun rəsmən bəyan edilməsi üçün isə dekabrın 15-də yuxarıda bəhs etdiyimiz beynəlxalq simpozium keçirilib.

Bu barədə bayraqdar.info-ya tədbrinin təşkilatçılarından olan ALTAY DİLMER-dən məlumat verilib. Qeyd edilib ki, tədbir türk xalq musiqisi sənətçisi İrfan Gürdalın türk dünyasını musiqi çalarları ilə birləşdirən bəstələrinin dinlənilməsi ilə başlayıb. “Beynəlxalq Türk Dili Günü” tədbiri elm adamlarının açılış nitqləri və açıqlamaları ilə davam edib.

Bu, yeni irəliləyişlərin başlanğıcı olacaq

Prof. Dr. Nergis Biray

Simpoziuma ev sahibliyi edən Pamukkale Universiteti ALTAY DİLMER-in müdiri Prof. Dr. Nergis Biray çıxışının əvvəlində İsmayıl Qaspıralının “Dildə, fikirdə, işdə birlik” ifadəsini xatırladaraq milli kimlik və istiqlal məsələsində dilin önəmli rol oynadığını vurğulayib.

O, türk dünyasının bu yolda birgə fəaliyyət nümayiş etdirəcəyini bəyan edib.

Çıxışına “Əcdadlarımızın keçmişdə daşlara həkk etdiklərini bizlər bu gün zehnimizə həkk etməyə çalışırıq” sözlərilə davam edən N.Biray, sonda “Beynəlxalq Türk Dili Gününün elan edilməsi yeni irəliləyişlərin başlanğıcı olacaq” deyib.

Türk dilinin birləşdirici xüsusiyyəti

Prof. Dr. Öcal Oğuz

UNESCO Türkiyə Milli Komissiyasının sədri Prof. Dr. Öcal Oğuz çıxışında bildirib ki, türk dilinin Birləşmiş Millətlər Təşkilatı tərəfindən beynəlxalq dil kimi qəbul edilməsi üçün addımlar atmağa davam edəcəklər: “Türk dilinin daha görünən bir dil olmasının təmin edilməsi üçün mədəniyyətlərin bir-birinə yaxınlaşması və qaynaşması istiqamətində işlər davam etdiriləcək. Türk dilinin yazılı şəkildə təqib oluna bildiyi ilk dövrdən bu yana çoxlu əsərlər yaranıb və bu əsərlər üzərində araşdırmalar türk dilinin birləşdirici xüsusiyyətini ortaya çıxararaq addımlarımızı gücləndirəcək”.

O, həmçinin Beynəlxalq Türk Dili Günü ilə bağlı görülən işlər barədə də ətraflı danışıb. Avrasiya Yazarlar Birliyinin başqanı Dos. Dr. Yakup Ömeroğlu isə deyib: “Orhun abidələri türk millətinin ilk nəşri kimi qəbul edilə biləcək bir yazılı əsərdir. V.Tomsen bu mətnləri oxumaqla türk dilinin bu yazılı qaynaqlarının ilk bədii mətnlər olduğunu müjdələmişdir”.

UNESCO-nun Türkiyə Milli Komissiyasının keçmiş sədri Prof. Dr. Nabi Avcı qeyd edib ki, türk dili BMT-də istifadə edilən rəsmi dillərdən biri olmağı çoxdan haqq edib: “Dilimizlə bağlı işlərimizi davam etdirməli və bu araşdırmaları məktəblərdən başlayaraq geniş arealda yaymalıyıq”.

Beynəlxalq Türk Dili Gününün elan edilməsi çox düzgün qərardır

Prof. Dr. Ahmet Kutluhan

Söz alan ev sahibi Pamukkale Universitetinin rektoru Prof. Dr. Ahmet Kutluhan deyib ki, Beynəlxalq Türk Dili Gününün elan edilməsi çox düzgün qərardır.

Rektor belə mühüm bir günün elan olunması üçün bu günə qədər əməyi keçən bütün qurum, təşkilat, elm adamlarını təbrik edib. A.Kutluhan belə bir toplantıya ev sahibliyi etməkdən qürur duyduğunu bildirib.

Toplantı Türk Keneşinin (indiki adı Türk Dövlətləri Təşkilatı) keçmiş Türkiyə aqsaqqalı Prof. Dr. Mustafa İsenin türk dili ilə bağlı araşdırmalar haqqında verdiyi məlumat, Prof. Dr. Ahmet Bican Ercilasunun türk dilinin yayılma coğrafiyası, tarixi dərinliyi və dialektləri mövzusunda çıxışı ilə davam edib.

Beynəlxalq Türk Dili Günü mübarək olsun

Tədbirin birinci hissəsində həmçinin Elazığ Üniversiteti müəllimi Prof. Dr. Ahmet Buran, Uludağ Universitetinin müəllimi Prof. Dr. Cengiz Alyılmazın çıxışları dinlənilib.

Simpoziumun səhər iclasında türk dünyası ilə bağlı qurum və təşkilatların nümayəndələrinin açıqlamaları da dinlənilib. Açıqlamalarda Beynəlxalq Türk Dili Gününün elan edilməsinin alqışlanacaq qərar olduğu bəyan edilib.

Tədbirdə Beynəlxalq Türk Akademiyasının vitse-prezidenti Füzuli Məcidli də iştirak edib.

Füzuli Məcidli

Günortadan sonra isə Beynəlxalq Türk Dili Günü paneli olub. Paneldə Prof. Dr. Konuralp Ercilasun “Türk dilinin tarixi arxa planı”, Prof. Dr. Ali Akar “Türk Dil Birliğinin tarixi gerçəkləri və coğrafi imkanları”, Prof. Dr. M.Fatih Kirişçioğlu “Atatürk ve türk ləhcələri”, Dos. Dr. Sinan Güzel “Kimlik quruculuğunda əlifbanın rolu: Türk dünyası nümunəsi”, Dos. Dr. Gülsine Uzun “Ulus-dövlətin formalaşmasında dilin önəmi: Türk dili örnəyi” adlı məruzələri dinlənilib.

Tədbir bütün türk dünyasının Beynəlxalq Türk Dili Gününün mübarək olması diləyi ilə yekunlaşıb.

One Comment

Comments are closed.

Mission News Theme by Compete Themes.