Press "Enter" to skip to content

Yeganə Hacıyeva: Nikol Paşinyan Rusiyadan sonra Avropadan da əliboş döndü

Yeganə Hacıyeva

Son yeniləmə: 15 Dekabr 2021 14:24

Rusiyadan sonra Avropa da məsələyə artıq Azərbaycanın yaratdığı yeni reallıqlar prizmasından baxır

Bayraqdar.info – “Bu bəyanatı birmənalı olaraq Azərbaycanın 44 günlük Vətən müharibəsindən sonra səsləndirdiyi mesajların toplusu kimi dəyərləndirə bilərik. Burada əsas məqamı xüsusi olaraq vurğulamağı özümə borc bilirəm. Belə ki, nəhayət Avropa da Cənubi Qafqazda sülh və inkişaf üçün işlək format olan, ötən il noyabrın 10-da imzalanan üçtərəfli Bəyanatın bəndlərini və onun həyata keçirilməsi üçün müəyyənləşdirilmiş ardıcıllığın prinsiplərini qəbul edir”.

Bunu Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin Brüssel görüşünə dair bəyanatını şərh edən politoloq Yeganə Hacıyeva deyib.

Bayraqdar.info-ya özəl açıqlamasında politoloq bildirib ki, prinsiplər aşağıdakı formada sıralanır: “Bu o deməkdir ki, birinci Ermənistanla Azərbaycan arasında sərhədlərin delimitasiya və demarkasiya məsələləri, sonra infrastrukturun tikilməsi üçün mina xəritələrinin faydalılıq əmsalı, kommunikasiyaların açılması, nəhayət humanitar məsələlərin çərçivəsində itkin düşmüş şəxlər məsələsi bu bəyanatda öz əksini tapıb. Bütün bunlar da Azərbaycanın irəli sürdüyü, qarşı tərəfdən icrasının təmin olunmasını tələb etdiyi məsələlərdir. Məlumat üçün bildirim ki, Azərbaycan Birinci Qarabağ münaqişəsi zamanı girov və itkin düşmüş 4 mindən çox azərbaycanlının aqibətinə Ermənistan tərəfindən aydınlıq gətirilməsini dəfələrlə tələb edib”.

Müsahibimiz vurğulayıb ki, ümumiyyətlə bunu Cənubi Qafqazda sülh və stabillik üçün bütün tərəflərin maraqlarına cavab verən bəyanat kimi dəyərləndirmək lazımdı: “Yuxarıda qeyd etdiyim kimi bunun Azərbaycan üçün xüsusi faydalılığı oldu. Çünki bu bəyanatda əks olunanları Azərbaycan 44 günlük Vətən müharibəsindən sonra dəfələrlə səsləndirib. İndi isə bu Şarl Mişelin timsalında Avropanın mövqeyi kimi də bəyan edildi. Bununla həm də bəlli oldu ki, Ermənistanın təxribatlar hesabına prosesi öz istəyinə uyğun çevirmək planı tamamilə fiaskoya uğrayıb. Rusiyadan sonra Avropa da məsələyə artıq Azərbaycanın yaratdığı yeni reallılqlar prizmasından baxır. Bir sözlə, bunu ümumilkdə Azərbaycanın növbəti qələbəsi kimi dəyərləndirmək lazımdır. Azərbaycan müharibədə üstün olduğu kimi, diplomatik sahədə də üstün tərəfdir. Bu uğur isə ölkə rəhbərinin həyata keçirdiyi siyasət nəticəsində əldə edilib”.

Açıqlamasında Brüssel görüşünün region və dünya üçün əhəmiyyəti məsələsinə də toxunana Y.Hacıyeva deyib: “Ümumilikdə daha öncə də qeyd etmişdik ki, Brüssel görüşündən geniş bir gözləntimiz yoxdur. Sadəcə postmüharibə dövründə Avropa da regiondakı proseslərdə sanki tərəf kimi, söz sahiblərindən biri kimi addım atmaq istəyir. Bununla belə, Şarl Mişelin bəyanatı Azərbaycanın bu dəfə də Avropa masasında qalib olaraq ayrıldığını təsdiqlədi. Nikol Paşinyan isə Rusiyadan sonra Avropadan da əliboş döndü. Bəlli oldu ki, Rusiya kimi Avropa da Ermənistanın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsini istəyir. Həmçinin, bu bəyanatda ATƏT-in Minsk qrupunun adının çəkilməməsi də diqqətdən yayınmamalıdr. Bu o deməkdir ki, ATƏT-in Minsk qrupu artıq tarixə köçüb. Halbuki Ermənistan, eyni zamanda ATƏT-in Minsk qrupunun necə deyərlər, yenidən dirildilməsinə cəhd göstərirdi. Amma görünən odur ki, Avropa bu məsələdə də Azərbaycanın mövqeyini əsas götürür. Bütün bunlar isə regionun sülh və sabitlik şəraitində inkişafı istiqamətində Azərbaycanın təklif etdiyi həll varinatının alternativinin olmadığını təsdiqləyir”.

Politoloq qeyd edib ki, Azərbaycan həm də Cənubi Qafqazda Avropa ilə Rusiya arasında müsbət əməkdaşlıq əlaqələrinin qurulmasında da körpü rolunu uğurla oynadı.

Mission News Theme by Compete Themes.