Son yeniləmə: 17 Dekabr 2021 19:49
Bayraqdar.info – Adi məktəbi və internat məktəbini bitirən məzunların arasındakı fərq əsasən cəmiyyətə inteqrasiya olunarkən aşkar görünür. Adətən, internat məktəbi məzunlarının müəyyən qədər valideyn, yaxın qohum sevgisindən uzaq qaldıqları deyilir. Əsasən TV verilişlərində və yaxud da yazılarda bu mövzular çox qabardılır. Lakin bu gənclərin cəmiyyətə atıldıqdan sonra yaşadıqları həyatı demək olar ki, bir sıra hallarda yaşamaq uğrunda mübarizə hesab etmək olar. Doğrudur, onlar mənzillə, işlə dövlət tərəfindən təmin edilir. Amma onların hamısı mənzillə və işlə təmin olunurmu? Onlar işə girmək üçün hansı sosial-psixoloji maneyələrlə qarşılaşırlar? Və bu maneyələri aşa bilirlərmi?
Bu suallarla bayraqdar.info “ARES International Business Services”in rəhbəri, peşəkar psixoloq Rəvan Soltana müraciət etdi.
“Əvvəllər mən bir təhsil müəssisəsində işləyirdim. Orada internat məzunu olan uşaqlardan var idi və biz onlarla işləyirdik. Həm orada, həm də sonrakı fəaliyyətimdə internat məktəbini bitirən uşaqlarla işləmişəm. Ünsiyyət zamanı onların psixoloji dəstək ala bilməmələrini görürdüm. Məsələn, ailədə böyüyən uşaqlar ata-ana, bacı-qardaşdan dəstək görürlər. Bu, onların birinci dərəcəli qayğı sahəsi sayılır. İnternat uşaqlarının isə belə dəstəyə daha çox ehtiyacı olur. Biz bütün yaşlarımızda cəmiyyətin, haranınsa bir parçası olmağa çalışırıq ki, onda özümüzü daha gərəkli hiss edirik. Biz istədiyimiz yerlərdə özümüzü görməyə çalışırıq. İnternat uşaqlarında isə məktəbi bitirəndən sonra özlərini haranınsa bir parçası hiss etmək kimi zərurət hissi yaşanır. Onlar “Mən internatdan çıxmışam. Mənim heç kimim yoxdur, doğmalarım yoxdur, ata-anam yoxdur. Sanki heç bir yerin bir hissəsi olmamışam” kimi bir məyusluq hissi ilə oranı tərk edirlər. Təbii ki, psixoloji dəstək olmadığı təqdirdə onlar daha çox məyusluqla üzləşirlər. Həyatda tükənmişlik sindromu yaşayırlar.”
“Mən”in zəifləməsi özgüvənin itirilməsinə gətirib çıxarır
““Mən kimə lazımam? Heç kimə lazım deyiləm” və s. kimi düşüncələrlə özlərini həyatın axarına buraxılmış şəkildə yaşamağa həsr edirlər. Bu da sanki həmin adamlarda “mən”lərinin zəifləməsi, özgüvən, özünə dəyər, özünü gərəkli hiss etmək kimi hisslərdən uzaq olmağa gətirib çıxarır. Onlar cəmyyətdə özünü doğrultmaq, özünü cəmiyyətin hansısa bir hissəsinə aid etmək, rəğbətin təşkili və s. kimi problemlərlə yaşayırlar. Adamda bunların hamısında axsamalar baş verir. Təbii ki, bu zaman özgüvən və özünə dəyər çox zəif olur. Bütün psixoloji problemlərin kökü oradadır. Mənəvi zədə almış adamların hamısının ortaq cəhətləri onların “mən”lərinin zəif olmasıdır. Və yaxud da nəyinsə baş verməsindən dolayı “mən”lərinin sınıxması və orada zədələrin yaranmasıdır. Bu, insanda böyük boşluqlara və psixoloji zədələrə gətirib çıxarır.”
Hər şey düşüncənin necə formalaşmasından asılıdır
“Bu uşaqlar erkən yaşlarında cəmiyyətə inteqrasiya olunduqda bu hallarla üzləşirlər. 18 yaşı tamam olandan sonra uşaqlar internatdan xaric olunub cəmiyyətə qarışır. Təsəvvür edin ki, həmin yaşda insanda dəyərlər formalaşır, lakin onlarda prinsiplər sağlam formalaşa bilmir. Çünki fikir yalnız həyatda sağ qalmağa yönəlir. Bir gəlişim, bir inkişaf üzərində çalışmğa sanki vaxtları çatmır. Hətta təcrübə baxımından deyirəm ki, ümumiyyətlə inkişafa heç həvəsləri də olmur. Bunu bir vacib mövzu saymırlar deyə nəticədə belə acınacaqlı hallar formalaşır. İnternat uşaqları ilə bağlı cəmiyyətin özünün də mənfilikləri var.”
“Məsələn, keçən dəfə mən internetdə gördüm ki, bir internat uşağı məktəbdə müəllimi ilə dalaşır, müəlliminə nalayiq sözlər deyir, özünü “oğru dünyası”nda hiss edirmiş kimi davranış sərgiləyir. Baxın, belə hallarla üzləşirik. Ən başlıcası da düşüncələri artıq bu cür formalaşmağa başlayır ki, buna psixologiyada meta proqram deyirlər. Yəni düşüncənin cilalanmış forması. O, elə bilir ki, bu düşüncə forması normal düşüncə formasıdır.”
Əgər cəmiyyət onlara dəstək versə…
“İnternat məktəbini bitirmiş insanlara stimul, dəstək vermək lazımdır ki, onların cilalanmış düşüncələri yeni bir forma ala bilsin. Onlara cəmiyyətə, ətraf mühitə, sosial həyata faydalı olan müəyyən bir hissənin bir parçası olmaqda kömək etmək lazımdır. Onlara dəstək olmaq lazmdır ki, özlərini cəmiyyətin uğurlu bir parçasının hissəsi kimi hiss etsinlər. Yəni adamlarda özgüvən də olacaq, özlərini cəmiyyətin bir hissəsi kimi də sayacaqlar. Cəmiyyətə faydalı olmaları üçün bir səbəbləri olacaq. Bunu əsas tutub bir hərəkət edəcəklər. Belə olduğu təqdirdə təbii ki, istər internat məzunu, istərsə də sağlam ailədən çıxmış bir insan olsun, fərqi yoxdur, dəstək olunanda özlərini faydalı və yaxud da uğurlu bir cəmiyyətin bir parçası kimi hiss edəndə onların özgüvəni də olur, dəyəri də sağlam formalaşır. Cəmiyyətə faydalı bir insana çevrilirlər. Ən əsas məqamlar da bunlardır. Psixoloji dəstək, “mən”lərinin təkmilləşdirilməsi və vərdiş almış düşüncələrinin doğru istiqamətdə təşkil olunması. Bütün bunlar təşkil olunsa yüksək nəticələr əldə edə bilərik.”
Bir daha qeyd edək ki, bu fikirlər “ARES International Business Servicess”in rəhbəri, psixoloq Rəvan Soltana məxsusdur.