Son yeniləmə: 15 Dekabr 2021 13:35
Bayraqdar.info – Türkiyə nümayəndə heyəti Azərbaycana səfəri çərçivəsində Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinə baş çəkib.
Bu barədə Təhsil Nazirliyindən bayraqdar.info-ya verilən xəbərdə bildirilir.
Səfər çərçivəsində Bursa Şəhid Erol Olçok adına Texniki Anadolu Peşə Liseyi ilə Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi arasında Əməkdaşlıq Memorandumu imzalanıb. Razılaşmaya əsasən, peşə təhsili pilləsində tədris verən müəllimlərin qarşılıqlı mübadiləsi, təcrübə səfərlərinin həyata keçirilməsi və digər birgə tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.
“Qarşılıqlı əməkdaşlıq imkanlarının müzakirə edildiyi tədbirdə çıxış edənlər peşə təhsilinin inkişafının ölkə iqtisadiyyatı üçün əhəmiyyətini vurğulayıblar. Tərəflər əldə olunan razılaşmanın uğurlu təcrübə mübadiləsinin təmin olunmasında, dövrün tələblərinə cavab verən və əmək bazarına uyğun mütəxəssislərin hazırlanmasında faydalı olacağını qeyd ediblər. Vurğulanıb ki, bu sahədə əməkdaşlığın genişləndirilməsi, qarşılıqlı təcrübə mübadiləsi hər iki ölkənin təhsil səviyyəsinə müsbət töhfə verəcək.
“İmzalanma mərasiminin sonunda xatirə hədiyyələri qarşılıqlı şəkildə təqdim edilib.
“Daha sonra Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinə infotur təşkil olunub. Təqdimat zamanı qonaqlar mərkəzdə yaradılmış şəraitlə yaxından tanış olublar”, – deyə xəbərdə bildirilir.