Press "Enter" to skip to content

Beynəlxalq tədbirdə erməni diasporunun cinayətkar əməlindən danışılıb

Xarici İşlər Nazirliyi

Son yeniləmə: 15 Dekabr 2021 00:27

Bayraqdar.info – Misirin Şarm Əl Şeyx şəhərində BMT-nin Korrupsiya əleyhinə Konvensiyasına tərəf dövlətlərin Konfransının 9-cu sessiyası keçirilir. 13-17 dekabr 2021-ci il tarixlərini əhatə edən sessiya çərçivəsində Azərbaycan nümayəndə heyətinin təşkilatçılığı ilə “İanə toplanması fəaliyyətlərinin korrupsiya və digər cinayətkarlıq məqsədləri üçün sui-istifadəsi” adlı xüsusi tədbir baş tutub.

Bu barədə bayraqdar.info-ya Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən məlumat verilib. Bildirilib ki, dekabrın 14-də panel müzakirə formatında hibrid əsasda keçirilən tədbirdə Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev və BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin (UNODC) yüksək vəzifəli rəsmisi Tim Steele açılış nitqi ilə çıxış ediblər.

Baş prokuror K.Əliyev öz çıxışında qeyri-kommersiya təşkilatları və xeyriyyə fondları tərəfindən həyata keçirilən ianə toplanması fəaliyyətinin böhran vəziyyətlərində olan insanlara humanitar dəstək istiqamətində əhəmiyyətli rol oynadığını deyib. Baş Prokuror bununla belə, bu cür fəaliyyətlərə məhdud nəzarətin yekunda onların bəzilərinin korrupsiya, çirkli pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsi kimi cinayətkarlıq məqsədləri üçün sui-istifadə edildiyini qeyd edib. Bu xüsusda, Baş prokuror, Azərbaycanın bu problemdən əziyyət çəkdiyini qeyd edib. K.Əliyev iştirakçıların diqqətini ötən il Vətən müharibəsi dövründə erməni diaspor təşkilatları tərəfindən təşkil edilmiş qanunsuz ianə toplanması kampaniyalarına diqqət yönəldib.

Tədbirdə BMT-nin Narkotiklər və Cinayətkarlıq İdarəsinin, Avropa Qeyri-Kommersiya Hüququ Mərkəzinin, Böyük Britaniyanın “Greenacre” Qeyri Hökumət Təşkilatının və Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidmətinin (MMX) mütəxəssislərinin təqdimatları dinlənilib və interaktiv müzakirələr aparılıb.

Çıxışçılar öz təqdimatlarında xeyriyyə fondları tərəfindən təşkil olunan ianə toplanması kampaniyalarından sui-istifadənin qarşısının alınması məqsədilə xüsusi qaydaların hazırlanmalı olduğunu bildiriblər. Natiqlər bəzi xeyriyyə təşkilatları tərəfindən cinayətkarlıq əməllərinin maliyyələşdirilməsi məqsədilə virtual valyutalardan və internetin nəzarətsiz seqmentindən istifadə edildiyini, bəzi bank və digər maliyyə qurumlarının bu cür fəaliyyətlərə vasitəçi olaraq alət edildiyi və digər məqamları xüsusi vurğulayıblar.

“Tədbirdə çıxış edən MMX-nin nümayəndəsi Ermənistan və Azərbaycan arasında baş vermiş 44 günlük müharibə dövründə xaricdə fəaliyyət göstərən erməni diaspor təşkilatları tərəfindən 170 milyon ABŞ dolları məbləğində vəsait toplandığını və bunun 110 milyon ABŞ dolları məbləğində hissəsinin qanunsuz olaraq Ermənistan büdcəsinə köçürüldüyünü qeyd edib. Bu faktın Ermənistanın yüksək səviyyəli rəsmiləri, o cümlədən baş naziri tərəfindən də etiraf edildiyini və müxtəlif ölkələrin vətəndaşlarından humanitar yardım adı altında aldadılaraq toplanmış və Ermənistanın dövlət büdcəsinə köçürülmüş bu vəsaitin Azərbaycanın işğaldan azad edilmiş ərazilərində əvvəllər yerləşdirilmiş qanunsuz silahlı birləşmələrin silahlanmasına sərf olunduğunu deyib.

Xarici İşlər Nazirliyi bildirir ki, Azərbaycan tərəfi bundan sonra da bütün beynəlxalq platformalar çərçivəsində erməni diaspora təşkilatları tərəfindən müxtəlif ölkələrdə təşkil olunan və Azərbaycanın suverenliyinin əleyhinə yönəlmiş ianə toplanması kampaniyalarının ifşa olunması və qarşısının alınması istiqamətində məqsədyönlü fəaliyyətini davam etdirəcəkdir”, – deyə məlumatda vurğulanır.

Mission News Theme by Compete Themes.