Son yeniləmə: 14 Dekabr 2021 15:33
Bayraqdar.info – Məlum olduğu kimi dekabrın 13-də Türkiyənin xarici işlər naziri Mevlüt Çavuşoğlu Ermənistanla münasibətlərin normalaşmasına hesablanmış addımlar atılacağını bildirib. Nazir bu məqsədlə özəl təmsilçilərin təyin ediləcəyini deyib. Eyni zamanda, Ermənistan tərəfindən də Türkiyə ilə ilkin şərt olmadan danışıqlar aparmaq istəyi bəyan edilib və bu məqsədlə təmsilçi təyin ediləcəyi bildirilib.
Öz növbəsində Türkiyənin ölkəmizdəki sabiq hərbi attaşesi, ehtiyatda olan general Yücel Karauz bayraqdar.info-ya özəl açıqlamasında sözgedən məsələni dəyərləndirib: “Öncə bunu bildirməyi vacib sayıram ki, Türkiyə-Ermənistan əlaqələrinin normallaşması istiqamətində Azərbaycandan xəbərsiz hər hansı bir addımın atılması mümkün deyil. Yəni yuxarıda bəhs edilən işlər Azərbaycanın məlumatlandırılması və qardaş ölkə ilə koordinasiyalı şəkildə həyata keçirilir. Onu da vurğulamağı özümə borc bilirəm ki, dövlətlərarası əlaqələrdə sonsuz düşmənçilik, yaxud da sonsuz dostluq deyilən bir şey yoxdur. Dövlətlər savaşarlar da, barışarlar da”.
Türkiyəli general bildirib ki, Ermənistanın ötən il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanat əsasında üzərinə düşən öhdəlikləri yerinə yetirməsindən aslı olaraq bu ölkə ilə əlaqələr normallaşa bilər: “Bu, eyni zamanda regiona sülh, sabitlik və daimi inkişaf gətirilməsi üçün əhəmiyyət kəsb edə bilər”.
Y.Karauz deyib ki, heç şübhəsiz bu addım düzgün dəyərləndirilməlidir: “Yəni, Zəngəzur koridoru da daxil, Cənubi Qafqaz regionunun inkişafına yönəlik addımların atılmasında, Azərbaycanla əbədi sülh sazişinin imzalanmasında Ermənistan qərarlılıq nümayiş etdirməli, addımlar atmalıdır. Hesab edirəm ki, dekabrın 13-də verilən açıqlamalar Ermənistanın bu istiqamətdə nəhayət ki, olumlu addım atacağına işarə edir. Çünki özəl təmsilçilərin təyin edilməsi, əslində ortadakı problemlərin diplomatik yolla həllinə maraq göstərildiyindən xəbər verir”.
Müsahibimiz bununla belə qeyd edib ki, bu özəl təmsilçinin təyini məsələsi nə həddindən çox şişirdilməli, nə də həddindən artıq lazımsız addım kimi dəyərləndirilməməlidir: “Bunu sülhə, əməkdaşlığa, inkişafa təkan üçün bir ilkin addım kimi dəyərləndirmək lazımdı. Bu, eyni zamanda Türkiyənin Qafqaza əbədi sülh gətirilməsində əlindən gələni etməyə hazır olduğunu bir daha təsdiqləyir. Ermənistana Türkiyədən çarter reyslərinin açılması Ermənistan iqtisadiyyatı üçün böyük bir dəstək olacaq. İki ölkə arasında bu istiqamətdə danışıqların aparılması isə dediyim kimi Ermənistanın atacağı addımdan aslı olacaq. Ümumiyyətlə isə bu önəmli bir addımdır”.
“Eyni zamanda, bu açıqlamanın Brüssel görüşü ərəfəsində verilməsini də diqqətdən qaçırmaq olmaz. Yəni, Türkiyə bununla bir daha Avropaya Azərbaycanın haqq və hüququnu daim müdafiə edəcəyinə, bu istiqamətdə lazım olan bütün addımları atacağına dair mesaj vermiş oldu. Bu olduqca önəmli bir addımdır. Amma bir daha bəyan edirəm ki, Türkiyə Azərbaycanın razı olmayacağı, Azərbaycanın haqq və hüququna zərər verəcək hər hansı bir məsələdə yer almayacaq. Eyni zamanda bölgəyə əbədi sülhün gəlməsi üçün bundan sonra da Türkiyə-Azərbaycan birgə əməkdaşlığı fonunda davamlı addımlar atılacaq. Ümid edirəm ki, Ermənistan da artıq ağlını başına toplayaraq, üzərinə götürdüyü öhdəlikləıri yerinə yetirəcək”, – deyə Y.Kaarauz sonda əlavə edib.