Son yeniləmə: 14 Dekabr 2021 01:46
Bayraqdar.info – “Əslində bizim Brüssel görüşündən geniş bir gözləntimiz yoxdur. Ona görə ki, Avropanın istər sərhəddəki son gərginliyin həlli, istərsə də kommunikasiyaların açılmasına dair prosesə töhfə verəcək mexanizmləri yoxdur. Yəni Avropanın Cənubi Qafqazdakı proseslərə ümumi töhfə verəcək hansısa konkret təklifləri yoxdur”.
Bunu politoloq Yeganə Hacıyeva Brüsseldə bu gün keçiriləcək görüşlə bağlı açıqlamasında deyib.
Bayraqdar.info-ya özəl açıqlamasında politoloq bildirib ki, əslində buna xüsusi müəyyən edilmiş görüş kimi də yanaşmaq düzgün deyil: “O mənada ki, bu görüş sadəcə Brüsseldə keçiriləcək Avropa İttifaqı Şərq Tərəfdaşlığı Proqramı Sammiti çərçivəsində baş tutacaq. Həmin sammit çərçivəsində Avropa Şurasının rəhbəri Şarl Mişelin təşəbbüsü ilə Prezident İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyanın görüşü olacaq. Mən deyərdim ki, bu gün Brüssel gündəliyi əsasən Avropa İttifaqı Şərq Tərəfdaşlığı Şurasının proqramına fokslanacaq. Sadəcə postmüharibə dövründə Avropa da regiondakı proseslərdə sanki tərəf kimi, söz sahiblərindən biri kimi addım atmaq istəyir. Əslində isə 30 illik işğal dövründə Ermənistanın işğalçılıq siyasətinə qarşı qətiyyətli bir addım atmayan, ancaq ATƏT-in Minsk Qrupunun fərsiz səylərini dəstəkləyən Avropanın indiki iştirakçılığı bölgəyə sülhün gəlməsindən daha çox, Ermənistanı yeni təxribatlara sövq edir. Yəni istər Avropanın bəzi ölkələrinin, istərsə də ATƏT-in Minsk qrupunun üzvüləri olan ABŞ və Fransanın postmüharibə dövründə sərgilədikləri mövqe, səsləndirdikləri mesajlarla Ermənistanın təxribatları arasında bir sinxronluq hiss olunur. Bu sinxronluq bizi o qənaətə gətirir ki, bu təxribatların sifarişi Avropadan gəlir. Yəni daha dəqiq desək Avropanın, o cümlədən Fransa və ABŞ-ın son davranışları Ermənistanı öz təxribatçı əməllərini davam etdirməkdə bir qədər də ürəkləndirib”.
“Bu baxımdan bir daha təkrar edirəm ki, Brüssel görüşündən hansısa bir gözləntimiz yoxdur. Sadəcə Ermənistan əvvəlki hiyləgər metodlara əl atıb, guya sülh tərəfdarıdır kimi, bəzi mesajlar səsləndirəcək. Azərbaycanın mövqeyinə gəlincə, bu açıq və konkretdir. Biz öz mövqeyimizi ortaya qoymuşuq və bu mövqe əsasında 3+3 formatı kimi dəyərləndirilən əməkdaşlıq əlaqələrinin regiona əbədi sülh, iqtisadi inkişaf gətirəcəyi şübhəsizdir. Bunun üçün də Ermənsitan üzərinə götürdüyü öhdəlikləri bir an öncə yerinə yetirməlidir və kommunikasiyalar açılmalıdır”, – deyə politoloq sonda bildirib.