Son yeniləmə: 14 Dekabr 2021 10:23
Bayraqdar.info – Türkiyənin Bursa şəhərində yerləşən dörd peşə təhsil müəssisəsini və Bursa Təhsil İdarəsini təmsil edən nümayəndə heyəti Azərbaycanda səfərdədir. Bu barədə bayraqdar.info-ya Təhsil Nazirliyindən verilən xəbərdə bildirilib.
Səfərin məqsədi iki ölkə arasında peşə təhsili sahəsində əməkdaşlıq perspektivlərinin genişləndirilməsi, qardaşlıq sazişlərinin imzalanmasıdır. Həmçinin, digər məqsəd təhsil alanlar və pedaqoji heyət üçün təcrübə mübadilələrinin təşkili, tədris proseslərinin səmərəliliyinin artırılmasıdır.
Səfərin ikinci günündə Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinə maddi-texniki baza ilə tanışlıq üçün infotur təşkil olunub.
Qonaqlar daha sonra təhsil nazirinin müavini İdris İsayevlə görüşüblər. Görüşdə hər iki ölkənin təhsil sistemində peşə təhsilinin rolu və əhəmiyyəti vurğulanıb.
Heyət üzvləri Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinə də baş çəkib, müəssisənin maddi-texniki bazası, infrastrukturu ilə yaxından tanış olub. Mərkəzlə tanışlıqdan sonra bu müəssisə ilə Bursa Şəhid Erol Olçok adına Texniki Anadolu Peşə Liseyi arasında qardaşlıq sazişi imzalanıb.
Qonaqlar həmçinin Peşə Təhsili üzrə Dövlət Agentliyinin kollektivi ilə görüşüb. Görüşdə Agentliyin direktoru Valeh Mirzalıyev, direktor müavini Ceyhun Kərəmov və şöbə müdirləri iştirak edib. Səfər çərçivəsində digər peşə təhsil müəssisələri ilə də mümkün əməkdaşlıq imkanlarının nəzərdən keçirilməsi planlaşdırılır.