Son yeniləmə: 14 Dekabr 2021 13:51
Bayraqdar.info – Rejissoru Doğuş Özokutanın, prodüseri Vasvi Çiftçioğlunun olduğu “Teslimat” növbəti beynəlxalq mükafat qazanıb. Kıbrıs türk istehsalı olan bu qısametrajlı film İspaniyadan “Ən yaxşı qısametrajlı film” mükafatına layiq görülüb.
KKTC-nin Bakıdakı nümayəndəliyindən bayraqdar.info-ya verilən məlumatda belə deyilir. Bildirilir ki, Doğu Akdeniz Universiteti (DAU) tərəfindən çəkilmiş və Mədəniyyət Ofisinin post-prodakşn istehsalı olan “Teslimat” bu il 18-cisi keçirilən Barselona İnsan Hüquqları Film Festivalının münsiflər heyəti tərəfindən mükafatlandırılıb. “Teslimat” bu mükafatı müsabiqəyə Kolumbiyadan qatılan Andres Roanın rejissoru olduğu “Desolvido” ilə bölüşüb.
O da qeyd olunub ki, dekabr ayı ərzində İspaniya və ABŞ-da keçirilən daha 3 beynəlxalq festivalın rəsmi seçiminə daxil olmağı bacaran “Teslimat” 22 noyabr 2020-ci il tarixində dünya premyerasından bu yana qatıldığı beynəlxalq festivalların sayını 50-yə çatdırıb.
“Teslimat” daha əvvəl doqquz dəfə İspan Akademiyası Mükafatlarına (GOYA) və iki dəfə Amerika Akademiya Mükafatlarına (OSCAR) vəsiqə qazanan festivalların rəsmi seçiminə daxil etdi.
İspaniya, İtaliya və Puerto-Rikodan ümumilikdə 7 beynəlxalq mükafata sahib olan “Teslimat” eyni zamanda GOYA-da akkreditə olunmuş festivallardan mükafat alan ilk və yeganə Kıbrıs türk qısametrajlı filmi olma xüsusiyyətinə malikdir.