Press "Enter" to skip to content

Teatrlar azad edilmiş ərazilərdə tamaşalar verəcək

"Planet parni iz Baku" KVN Teatrı

Son yeniləmə: 14 Dekabr 2021 11:30

Bayraqdar.info – “Yaxın zamanlarda işğaldan azad edilmiş ərazilərdə, həmçinin hərbi hissələrdə teatr tamaşalarının nümayişi nəzərdə tutulur”. Bu sözləri mədəniyyət nazirinin müavini Elnur Əliyev dekabrın 13-də Heydər Əliyev Sarayında “Planet parni iz Baku” KVN Teatrının kollektivi ilə görüşdə bildirib. Görüş kollektivin 20 illik yubileyi münasibətilə təşkil olunub.

“Teatr cəmiyyətin aynasıdır. Elə bir cəmiyyət yoxdur ki, orada teatra maraq olmasın. Biz teatr sahəsində yeniliklər tətbiq edərək onun populyarlaşdırılmasına zəmin yaratmalıyıq”, – deyə nazir müavini fikrini davam etdirib.

Mədəniyyət Nazirliyindən bayraqdar.info-ya verilən xəbərdə bildirilir ki, E.Əliyev yubileylə bağlı mədəniyyət naziri Anar Kərimovun təbriklərini KVN-çilərə çatdırıb və onlara uğurlar arzulayıb. “İnsan mədəniyyətindən kənarda heç nə etmir, çünki insanı insan edən onun mədəniyyətidir” fikrinin Nazirliyin devizi olduğunu qeyd edən E.Əliyev deyib: “Bu gün mədəniyyət sahəsində hər kəsin qarşısında milli kimliyimizi qorumaq missiyası dayanır. Unutmamalıyıq ki, hər bir millət öz milli dəyərləri ilə dünya ölkələri arasında seçilə bilir. Bu gün 44 günlük müharibədən sonra Qələbə qazanan xalqın nümayəndələri olaraq hər birimiz bu zəfərdə mədəniyyət amilinə də diqqət çəkməliyik. Vətənə sevgi mədəniyyəti, vətənpərvərlik mədəniyyəti bizə bu böyük Qələbəni yaşatdı”.

E.Əliyev daha sonra mədəniyyət sahəsində həyata keçirilən islahatlardan da söz açıb. Azərbaycan Film Komissiyasının fəaliyyəti, yaradıcı sənayelərin təbliği baxımından atılan yeni addım və layihələr haqqında məlumat verib.

O, 20 illik fəaliyyətlə əlaqədar Nazirliyin fəxri fərmanını Teatrın rəhbəri, Əməkdar artist Tahir İmanova təqdim edib.

Mission News Theme by Compete Themes.