Press "Enter" to skip to content

Misir-Azərbaycan Dostluq Cəmiyyəti ofisinin açılış mərasimi

Son yeniləmə: 14 Dekabr 2021 14:24

Bayraqdar.info – “Azərbaycanda gördüklərimdən sonra fikrimi bir cümlə ilə ifadə etsəm, deyərdim ki, Azərbaycan Misirə dost yox, əsl qardaş ölkədir”. Bunu Misir parlamenti sədrinin sabiq müavini, Seyidlər Şurasının sədri Seyyid Mahmud Şərif deyib.

Misir-Azərbaycan Dostluq Cəmiyyəti ofisinin açılış mərasimində çıxış edən S.M.Şərif ölkəmizə səfərindən və Prezident İlham Əliyevlə görüşündən aldığı xoş təəssüratları bölüşüb.

Qeyd edək ki, Diasporla İş üzrə Dövlət Komitəsi (DİDK) əməkdaşlarının Misir Ərəb Respublikasına səfəri çərçivəsində Misir-Azərbaycan Dostluq Cəmiyyətinin ofisinin rəsmi açılış mərasimi olub. Bu barədə bayraqdar.info-ya dekabrən 14-də DİDK-dən məlumat verilib.

Bildirilib ki, açılış mərasimində DİDK-in, Azərbaycanın Misirdəki səfirliyinin əməkdaşları, Misir-Azərbaycan Dostluq Cəmiyyətinin həmtəsisçiləri, Azərbaycan diasporunun, yerli ictimaiyyətin nümayəndələri və tələbələr iştirak ediblər.

Misir-Azərbaycan Dostluq Cəmiyyətinin ofisinin açılış lentini DİDK sədrinin müavini Elşad Əliyev, Azərbaycanın Misirdəki fövqəladə və səlahiyyətli səfiri Tural Rzayev, Misir parlamenti sədrinin sabiq müavini, Seyidlər Şurasının sədri Seyyid Mahmud Şərif kəsiblər.

Cəmiyyətin ofisində davam edən tədbir Azərbaycan və Misirin Dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb. Tədbir iştirakçılarına DİDK sədri Fuad Muradovun salamını və təbrikini çatdıran E.Əliyev əlamətdar hadisənin iki dövlət tarixində yeni səhifə açdığını, bu tədbirdə Misir tərəfinin yüksək səviyyədə iştirakını xalqlarımızın tarixi dostluq və qardaşlıq əlaqələrinə nümunə kimi dəyərləndirildiyini bildirib. O, Misirdəki tələbələrin Azərbaycan dilini öyrənməsinin olduqca xoş təəssürat yaratdığını nəzərə çatdırıb.

Misir parlamentinin Dini məsələlər və vəqflər komitəsinin sədri, Misir-Azərbaycan Dostluq Cəmiyyətinin həmtəsisçisi və İdarə Heyətinin üzvü, Prof. Dr. Şeyx Əli Cümə, Misir parlamenti sədrinin sabiq müavini, Seyidlər Şurasının sədri Seyyid Mahmud Şərif və başqaları cıxış edərək cəmiyyətin fəaliyyətinə uğurlar arzu ediblər.

Mission News Theme by Compete Themes.