Son yeniləmə: 14 Dekabr 2021 14:41
Bayraqdar.info – Vətəndaşlara hədə-qorxu gələrək onların pul vəsaitlərini ələ keçirən “Ltv 7” internet kanalının əməkdaşları barəsində olan cinayət işi məhkəməyə göndərilib.
Baş Prokurorluqdan bu barədə bayraqdar.info-ya verilən məlumatda qeyd edilib ki, “Ltv 7” xəbər kanalının bölgə müxbiri Fazil Quliyev və bloger Vüsal Zeynalovun hədə-qorxu ilə pul tələb etmələri barədə Prokurorluğa müraciət daxil olub. Müraciətlər əsasında Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılaraq istintaq aparılıb.
“İstintaq zamanı müəyyən olunub ki, Fazil Quliyev və Vüsal Zeynalov özlərini jurnalist kimi təqdim edərək 2021-ci il fevralın 13-də Dövlət Sərhəd Xidmətinin N saylı hərbi hissəsinin ərazisinə qanunsuz daxil olublar. Onlar mobil telefonları ilə hərbi hissənin təsərrüfat fəaliyyətinə dair videoçəkilişlər aparıblar. Bundan sonra isə “qoçaqlar” qeyd olunan çəkilişi sosial şəbəkələrdə yayacaqları hədəsi ilə hərbi hissənin rəhbərliyindən 500 manat məbləğində pul tələb ediblər.
“Eyni zamanda, “Ltv 7 xəbər” internet kanalının direktoru Ceyhun Şəmilov, kanalın direktoru müavini Gülmirə Rəcəbova, müxbirlər Gülnarə Məmmədova, Sevil Mərəndski, operator Elnur Cəfərov, sürücü Sadiq Əlizadə qabaqcadan əlbir olan bir qrup şəxs halında özlərini jurnalist kimi təqdim ediblər. Onlar ölkə ərazisində pandemiya ilə bağlı karantin qaydalarının pozulmasına yol verilməsi barədə məlumatlar toplayıblar. Sonra həmin məlumatları ictimaiyətə çatdırmaqla müxtəlif şəxsləri rüsvay edəcəkləri barədə hədə-qorxu gəlməklə pul tələb edib almaları müəyyən edilib.
“S.Mərəndski, G.Məmmədova, C.Şəmilov, V.Zeynalov, F.Quliyev, G.Rəcəbova, E.Cəfərov, S.Əlizadə, İ.Novruzov və R.Rzayeva Cinayət Məcəlləsinin 182.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən hədə-qorxu ilə tələb etmə) və digər maddələri ilə təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunublar. Onların barəsində müvafiq olaraq həbs və polisin nəzarəti altına vermə qətimkan tədbirləri seçilib.
Hazırda cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti üzrə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib”, – deyə məlumatda bildirilir.