Son yeniləmə: 14 Dekabr 2021 14:36
Bayraqdar.info – Ümummilli lider Heydər Əliyevin bünövrəsini qoyduğu diaspor siyasəti uğurla davam etdirilir. Bunu ölkəmizin Misirdəki səfiri Tural Rzayev deyib.
Səfir bildirib ki, Diasporla İş üzrə Dövlət Komtəsinin diaspor quruculuğu sahəsində gerçəkləşdirdiyi müxtəlif layihələr böyük əhəmiyyət kəsb edir.
Məlumat üçün bildirək ki, Diasporla İş üzrə Dövlət Komitəsi (DİDK) əməkdaşlarının Misir Ərəb Respublikasına səfəri çərçivəsində bu ölkədə yaşayan Azərbaycan icmasının nümayəndələri ilə görüş keçirilib. Komitədən bayraqdar.info-ya dekabrın 14-də verilən məlumata əsasən görüşə DİDK-nın, Azərbaycan səfirliyinin əməkdaşları və yerli ictimaiyyətin nümayəndələri qatılıblar.
İki ölkənin Dövlət himnlərinin səsləndirilməsi ilə başlayan görüşdə çıxış edən DİDK sədrinin müavini Elşad Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə keçirilən görüşün əhəmiyyətindən danışıb. Sədr müavini soydaşlarımızın birliyindən, Koordinasiya şuralarının və Azərbaycan evlərinin səmərəli fəaliyyətindən də bəhs edib.
Vətən müharibəsi dövründə xalqımızın və düasporumuzun Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşdiyini deyən E.Əliyev diaspor təşkilatlarının Azərbaycan həqiqətlərinin təbliğ olunması istiqamətində böyük layihələr həyata keçirdiyini, diasporumuzun fəaliyyətində keyfiyyət dəyişikliyinin baş verdiyini nəzərə çatdırıb.
Səfir Tural Rzayev isə son illər ərzində soydaşlarımızın fəaliyyətində canlanma yarandığı, dünya azərbaycanlılarının tarixi vətənlərinə dayaq olmağa çalışdıqlarını vurğulayıb. Səfir Misirdəki icmamızın yaxşı təşkilatlandığına və keyfiyyətli işlər gördüyünə diqqəti cəlb edib.
Qeyd edib ki, bu ölkənin müxtəlif şəhərlərində azərbaycanlılar yaşayır və onların arasında şəbəkələşmənin gücləndirilməsi vacibdir. Çıxışının sonunda səfir Dövlət Komitəsinə uğurlar arzulayıb.
Ərəb ölkələri üzrə Azərbaycanlıların Koordinasiya Şurasının Misirdəki əlaqələndiricisi, tədqiqatçı-alim Seymur Nəsirov diasporumuzun yerli ictimai-siyasi, elmi və media çevrələri ilə geniş əlaqələr qurmasından bəhs edib. O, həmçinin diasporumuzun cəmiyyətə sıx inteqrasiya etməsi, Azərbaycan dilinin misirli və əcnəbi tələbələrə tədris edilməsi, Misirin qədim kitabxanalarında klassik Azərbaycan şairlərinin əlyazmalarının üzə çıxarılmasında diasporumuzun mühüm rolu, azərbaycanlı alimlərin ərəb mənbələrində Azərbaycan tarixi və ədəbiyyatı ilə bağlı məlumatları araşdırması barədə ətraflı məlumat verib.
Tədbir DİDK-nın hesabatının və Misirdəki icmamızın fəaliyyətinin əks olunduğu videoçarxların nümayiş etdirilməsi ilə davam edib.
Azərbaycan Diasporuna Dəstək Fondunun fəaliyyəti, Misirdə maraqlı layihələr həyata keçirmək məqsədilə icma üzvlərinə fonda müraciət formaları barədə ətraflı məlumat verilib.
Layihələrlə bağlı geniş fikir mübadiləsinin aparıldığı görüş icma üzvlərinin suallarının cavablandırılması və 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunmuş ziyafətlə yekunlaşıb.