Son yeniləmə: 17 Dekabr 2021 17:45
Bayraqdar.info – Məlum olduğu kimi, pandemiya dönəmində boşanmaların sayı kəskin artdı. Ürəkağrıdıcı olsa da statistik məlumatlar məhz bu dövrdə ailə nikahlarının pozulmasının ötən illərlə müqayisədə 33-34 faiz atdığını göstərir. Məsələ ilə bağlı bayraqdar.info-ya “Status” Sosial Araşdırmalar Mərkəzinin sədri, psixoloq-sosioloq Nail Cəlil danışıb.
O bildirib ki, boşanmaların sayının kəskin artması qoyulan məhdudiyyətlərlə, ailədə ənənəvi ünsiyyət stereotiplərinin dəyişməsi ilə, məşğulluq səviyyəsinin azalması və işsizliyin artması ilə birbaşa əlaqədardır.
“İkinci ciddi səbəb uzun müddət kütləvi tədbirlərə, məclislərə, toylara qoyulan qadağalarla bağlıdır. Burada sosial şəbəkələrdən yaranan asılılıq, problemlərin həllinin internetdə axtarılması, medianın, xüsusən ailə məsələləri ilə bağlı verilişlərin mənfi təsiri də müəyyən rol oynayır. Çünki belə verilişlərdə ailədəki ziddiyyətlər, məişət səviyyəsində hər kəsə bəlli olan problemlər daha çox qabardılır, gerçək sosial-iqtisadi və mənəvi-psixoloji səbəblər isə kölgədə qalır. Radikal feminizmin təbliği, qadın və kişi hüquqlarının insan hüquqları kontekstindən çıxarılaraq bir-birinə qarşı qoyulması da burada öz sözünü deyir”, – deyə N.Cəlil bildirir.
Ekspertin sözlərinə görə, statistik məlumatlar göstərir ki, son iki ildə – 2020 və 2021-ci illərdə boşanmaların sayı 13-14 faizdən 33-34 faizə qədər artıb. Azərbaycanda son 10 ildə boşanmaların davamlı artması müşahidə edilir: “Məsələn, 2011-ci ildə bu göstərici qurulan ailələrə nisbətdə 10,5 faiz təşkil edirdisə, 2021-ci ildə boşanmalarının xüsusi çəkisi bundan azı 3 dəfədən çox artıqdır. Bu rəqəmlər çox təəssüf ki, cəmiyyətdə ailə təsisatının yaşadığı kəskin böhrandan xəbər verir. Sosioloji və sosial-psixoloji qiymətləndirmə aparıldıqda bu o deməkdir ki, insanların azı 40 faizi ailədə özünü ifadə edə, çətin, böhranlı məqamlarda ailə həyatını qoruya, tənzimləyə bilmir. Bütövlükdə daimi rahatlıq axtarışı, adi məişət məsələlərinin şişirdilməsi, ənənəvi mənəvi-əxlaqi dəyərlərdən uzaqlaşma ailədə böhranı dərinləşdirir. Boşanmanın çıxış yolu kimi təbliğ olunması isə problemləri daha da kəskinləşdirir, dramatikləşdirir”.
Ekspert qeyd edir ki, ailə və nikahın dayanıqsızlığı, boşanmaların sayının artması ilə bağlı yaranan çoxsaylı problemlər bu gün bir çox dünya ölkələri üçün xarakterikdir. Bu problem əksər hallarda urbanizasiya prosesi və urbanizasiyanın doğurduğu intensiv miqrasiya ilə izah edilir.
“Məsələn, pandemiya dönəmində kəndlərdə şəhərlərlə müqayisədə boşanmaların sayı və nisbəti aşağı olaraq qalıb. Digər tərəfdən, qadınların ümumi fəallığının artması tədqiqatçılar tərəfindən boşanmaların sayını artıran amil kimi dəyərləndirilir. Başqa sözlə, ailə təsisatı indi özünün çətin və böhranlı anlarından birini yaşayır. Ailəni daxildən möhkəmləndirən bir çox amillər – qadının həyat yoldaşından iqtisadi asılılığı, dini, əxlaqi, hüquqi qadağalar əvvəlki təsir gücünü və əhəmiyyətini itirib. Odur ki, indi ailədə qarşılıqlı şəxsi münasibətlərin səviyyəsi mühüm əhəmiyyət kəsb edir. Çoxsaylı tədqiqatlar göstərir ki, əksər ailələrdə boşanmalar hər iki tərəf-müqabilin həlli yolunu yalnız ayrılmaqda gördüyü müxtəlif ailədaxili münaqişələrlə bağlı olur”, – deyə N.Cəlil bildirir.