Son yeniləmə: 14 Dekabr 2021 23:36
Bayraqdar.info – Bu gün Onun günüydü. Ad günüydü (14 dekabr 1915). O qədər böyük sənətkardır ki, onun haqqında nəsə yazmağa cəsarət etmədim. Buna görə də mərhum Ümummilli lider Heydər Əliyevn 2001-ci ildə məşhur sənətkarın xatirə gecəsində etdiyi çıxışı yazmaq qərarına gəldim. Bu dünya şöhrətli müğənnini yalnız onun yaxın dostu olmuş Ulu Öndər Heydər Əliyev belə xarakterizə edə bilərdi. Söhbət səsi bulaqlar kimi çağlayan, bülbül cəhcəhini xatırladan, hamının sevimlisi, ustad sənətkar Rəşid Behbudovdan gedir.
“Mən onun səsinin vurğunu idim”
Ulu Öndər dahi sənətkarı belə xatırlayır: “Mən şəxsən ilk dəfə R.Behbudovu 1943-cü ildə Bakıda Zabitlər Evində dinlədim. O andan mən onun sənətinə, səsinə vurğunam. Bütün onun mahnıları, onun ifa etdiyi gözəl musiqilər, onun gözəl səsi məni həmişə heyran edib. R.Behbudov Azərbaycanda çox tez şöhrət və hörmət qazandı. R.Behbudov nadir şəxsiyyət idi. Azərbaycan mədəniyyətində bənzərsiz ifaçı idi. Onun irsi haqqında tədqiqatçılar əsərlər yaradıblar. Onun Azərbaycan mədəniyyətinin XX əsrdə inkişafında əvəzsiz xidməti daim yad ediləcək. Təbii ki, bütün bunlar hamısı onun xüsusi istedadı ilə bağlı idi. Bu, onda Allah vergisi idi. O, öz təkraredilməz səsi, xarici görünüşü, artistlik istedadı ilə böyük musiqiçi və müğənni idi. Onun Azərbaycan musiqisinə gəlməsinin bir neçə mərhələsi var. Bu qədər müsbət xüsusiyyətlərin bir adamda cəmləşməsi nadir hadisədir. O, Azərbaycan mədəniyyətinin ən dərin incilərindən biridir”.
“İrəhmin gəlsin, nənə”
Ulu Öndər bildirir ki, musiqi xalqları tanıdan ən gözəl bir vasitədir. Söz yox ki, hansısa kəşflər, alimlərin yaradıcılığı xalqları, millətləri tanıtsa da bir müddətdən sonra çərçivədə qalır. “Məsələn, soruşsam ki, Eynşteyn kimdir, çox adam tanımaz. Amma musiqi mədəniyyəti bütün xalqı dünyada tanıdır. R.Behbudov Azərbaycanda ilk estrada mahnılarının mərhum Tofiq Quliyev ilə birlikdə yaradıcısı olub. 40-cı illərdə estrada çox cazibədar idi. Lakin o, özünəməxsus ustalığı ilə müasir estrada janrı ilə Azərbaycan xalq musiqisini, folklorunu sintez edib ifa edirdi. Hesab edirəm ki, bu, bizim musiqi tariximizdə xüsusi yer tutur. O, bizim xalqımızın qədim mahnılarını elə gözəl ifa edirdi, elə müasirləşdirirdi ki, adam heyran qalırdı. Amma bunu edərkən o, heç vaxt öz milli köklərindən ayrılmamışdı. Onun ifa etdiyi bütün mahnılar milli xarakterli idi. O, öz mahnılarında o qədər şirin və məharətlə ifa edirdi ki, adamı üç qat sevindirirdi və adama zövq verirdi.
“Onun ifası tamamilə başqa idi. Onun üslubunda “Ləbləbi” mahnısında o, “İrəhmin gəlsin, nənə” deyirdi. Çünki əslində o söz “rəhmin gəlsin, nənə”dir. Amma o, xalqın dilinə yaxın olmaq üçün belə şirin oxuyurdu. Ona görə də çox sevilirdi”.
“Arşın mal alan” Azərbaycanda bir tarixi hadisə idi
“O, bir müğənni kimi çoxşaxəli bir insan idi. O, ilbəil öz üzərində işləyərək yaradıcılığını daim yeniləyirdi. Uzun illər onun yaradıcılığının heyranı olan bir şəxs kimi mən onun hərtərəfli inkişafını görürdüm. Onun həyatında, sənət fəaliyyətində ən görkəmli yeri dahi Ü.Hacıbəylinin “Arşın mal alan” operettasında ifa etdiyi Əsgər rolu tutub. Məlumdur ki, Ü.Hacıbəyli o əsəri XX əsrin əvvəllərində yazıb. Amma o əsər bundan sonra da əsrlər boyu yaşayacaq. O əsər heç vaxt öz aktuallığını itirmir. Heç vaxt sənət sevən insanı yormur, əksinə, insana ilham verir, ruh gətirir. O operetta Azərbaycan səhnəsində daim nümayiş etdirilib. 20-30-cu illərdə hətta Mərkəzi Asiya ölkələrində də bu operetta həmişə göstərilib.
“Səhv etmirəmsə, əsər 1946-cı ildə işıq üzü gördü və demək olar ki, ölkənin bütün respublikalarını gəzdi. R.Behbudovun gözəl səsi olduğu kimi sözləri də gözəl tələffüz edirdi. Bəzən mahnını oxuyurlar, sözlər bir-birinə qarışır. Amma o, o qədər düzgün mahnının sözlərini tələffüz edirdi ki, bu, onun sənətini daha da yüksəldirdi. Bu da ondan irəli gəlirdi ki, o, Azərbaycan dilini mükəmməl bilməklə yanaşı rus dilini də gözəl bilirdi.
““Arşın mal alan” Azərbaycanda bir tarixi hadisə idi. Amma əgər bu əsər ölkə daxilində qalsaydı, bu qədər məşhur olmazdı. Ancaq onu rus dilinə çevirdilər. R.Behbudov rus dilində o mahnıları çox gözəl ifa edirdi. Mən Leninqradda oxuyanda həmin filmi bütün keçmiş Sovet respublikaları qəbul edir, sevə-sevə baxıb dinləiyrdilər. Başqa xalqların nümayəndələri də onun mahnılarını böyük sevgiylə ifa edirdilər. O, Azərbaycan musiqisini ilk dəfə dünyaya tanıdan əsərdir. Yaranandan filmə çevrilənə qədər bir mərhələ idi, amma onu film kimi rus dilinə çevirəndən sonra bütün dünyanı dolaşdu. Azərbaycan mədəniyyəini, musiqisini, incəsənətini dünyaya açan ikinci bir hadisə olmamışdı.
Mahnının hər bəndində “Azərbaycan -Türkiyə”
“Rəşid dünyanın bir çox ölkələrinə səyahət edib, konsertlər verib və Azərbaycan musiqisini o insanların qəlbinə salıb. Deyərdim ki, R.Behbudov dünyanı dolaşan ilk Azərbaycan musiqisidir.
“Bir dəfə R.Behbudovgilin evində oturub çay içirdik, 60-cı illərin əvvəli idi. Radio bir o qədər musiqi verə bilmirdi. O, ilk dəfə Türkiyəyə gedən Azərbaycan elçisi olub. Azərbaycan mahnıları Türkiyədə çox böyük maraqla qarşılanırdı. Yadımdadır ki, o, maqnitofonu qurdu və orada oxuduğu bir mahnını qoydu. Mahnınn hər bəndindən sonra o deyirdi: İstanbul-Bakı, İstanbul-Azərbaycan, Azərbaycan-Türkiyə.
“Gələcək nəsillər bilməlidir ki, R.Behbudov Azərbaycan xalqının dünyada tanıdılmasına nə qədər böyük töhfə verib. Mənim böyük qardaşım akademik Həsən Əliyev deyirdi ki, biz illərdir ki, dünyaya neft veririk, amma ölkəni tanıda bilmədik. Amma R.Behbudov bir mahınısı ilə Azərbaycanı dünyaya tanıtdı. Mən bu sözləri heç vaxt unutmaram”.
“Azərbaycan” mahnısını oxumağı ondan mən istədim
“Mən onunla hələ Azərbaycanın rəhbəri olmamışdan dost idim. Azərbaycan küçəsi ilə Bülbül küçəsinin kəsişməsində bir evdə yaşayırdım. Biz piyada gəzə-gəzə bizim evə getdik. Zərifə xanım bizə xidmət etdi. Mən ona bir neçə mahnı haqqında fikirlərimi dedim. Ondan soruşdum ki, Rəşid, Rauf Hacıyevin “Azərbaycan” mahnısını niyə oxumursan? O mahnını bilirsənmi? Dedi bilirəm. Zərifə xanım pianoda ifa etdi, Rəşid oxudu. Bir müddət sonra gördüm ki, o, mahnını çox gözəl oxudu. O mahnını çoxları oxuyub. Lakin onun kimi heç kəs o cür gözəl oxuya bilmir. Nəbi Xəzrinin sözlərinə musiqisini Müslüm Maqomayev bəstələyən “Azərbaycan” mahnısını da R.Behbudov elə yaradıb ki, onu heç kim o cür oxuya bilməz.
https://www.youtube.com/watch?v=uhQXS_UrH-0
“Bir dəfə birlikdə Qazaxıstana getmişdik. Orada da hamı Rəşidi görən kimi qışqırırdı “Rəşid, Rəşid”. Qazaxıstanda da at əti yemək adətdir. Mən özüm at əti yedim, ona at ətini də quzu əti kimi təqdim etdim və o da yedi. Sonra soruşdum ki, sən bildinmi ki, nə yedin? Dedi, hə, quzu əti. Mən ona at ətinin olduğunu bildirəndə, o, çox pəjmürdə oldu. Deyirdi ki, mən evdə hər gün dovğa içirəm. Dovğanı çox sevirdi.
“Mahnı Teatrının binasını ona verdim”
“O, Mahnı Teatrını yaradanda ona bina lazım idi. Dedim, get gəz, bax, bina tap, hansını istəyirsənsə, mənə de. İndiki Mahnı Teatrını bəyəndi. O vaxt həmin binada Layihə İnstitutu yerləşirdi. Onlar üçün də həmin yer dar idi. Mən o İnstitutu oradan köçürdüm və o binanı Rəşidə verdim. O yığcam bina olsa da, Rəşid o binanı çox sevdi. Onun ruhu bu gün də həmin binadadır”.
https://www.youtube.com/watch?v=sIYQGRqFVPQ