Press "Enter" to skip to content

Azərbaycan Xalq Cümhuriyyəti və Alaş Orda haqqında danışılıb

Füzuli Məcidli

Bayraqdar.info – Beynəlxalq Türk Akademiyasının vitse-prezidenti Alaş Ordaya həsr olunmuş konfransa qatılıb.

Bu haqda xəbəri dekabrın 13-də BTA yayıb.

Xəbərdə deyilir ki, “13 dekabr tarixində Qazaxıstanda Alaş Ordanın qurucularından Əlixan Bökeyxanın anadan olmasının 155 illiyi və Qazaxıstan Respublikasının müstəqilliyinin 30 illiyinə həsr olunan “Alaş Respublikası: de-yure və de-fakto” adlı beynəlxalq konfrans keçirilib. Tədbirdə Qazaxıstan Respublikası Prezident Administrasiyasının təmsilçiləri, parlamentin deputatları, universitet rektorları, nüfuzlu alimlər və dövlət xadimləri, müxtəlif ölkələrdən qonaqlar iştirak edib”.

Tədbir hibrid formatda keçirilib. Konfransda BTA-nın vitse-prezidenti, siyasi elmlər üzrə fəlsəfə doktoru Füzuli Məcidli “Azərbaycan Xalq Cümhuriyyətinin Orta Asiyanın türk muxtariyyətləri ilə münasibətləri (1918-1920)” mövzusunda çıxış edib.

“Akademiya vitse-prezidenti bildirib ki, 1918-20-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti (AXC) Orta Asiyadakı türk muxtariyyətləri ilə əlaqələrə xüsusi önəm verirdi. Təsadüfi deyil ki, AXC Türküstan Muxtariyyətinə öz səfirini təyin etmişdi. Cəmi bir neçə ölkədə diplomatik nümayəndəlik açmaq imkanı tapan AXC Türküstanı xüsusi olaraq seçmişdi. Təəssüf ki, bolşeviklərin işğalı nəticəsində o səfir fəaliyyətə başlaya bilməmişdi.

“F.Məcidli qeyd edib ki, AXC qurucularını Alaş və Türküstan qurucuları ilə ortaq məqsəd, vahid hədəf birləşdirirdi. Ona görə onların taleyi də eyni oldu. Əksəriyyəti güllələndi, repressiya olundu, sürgünə göndərildi və ya ömür boyu mühacir həyatı yaşamağa məcbur oldu. Lakin onlar həm müstəqillik dövründə, həm də ondan sonrakı illərdə mühacirət həyatı yaşayarkən Türkiyədə və Avropada sıx əməkdaşlıq etdilər, öz ölkələrinin istiqlalı uğrunda mübarizələrini davam etdirdilər. Cümhuriyyətimizin qurucuları canlarını fəda etməklə bizim bugünkü müstəqilliyimizin toxumunu səpdilər və istiqlaliyyət ideyasının bizim düşüncələrimizdə yaşamasına nail oldular”, – deyə xəbərdə bildirilir.

O da qeyd edilib ki, konfrans Qazaxıstanın Avrasiya Milli Universiteti, Tarix və Etnologiya İnstitutu, Dövlət Tarixi İnstitutu, “Dil-Xəzinə” Milli Elm-Təcrübə Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilib.

Mission News Theme by Compete Themes.