Press "Enter" to skip to content

Yücel Karauz: Genişmiqyaslı müharibənin olacağını düşünmürəm

Dr. Yücel Karauz

Son yeniləmə: 13 Dekabr 2021 15:04

Bayraqdar.info – Son günlər İranın nüvə fəaliyyətləri ətrafında gərginlik artmaqdadır. Belə ki, bu günlərdə bir araya gələn ABŞ və İsrailin müdafiə nazirləri İranı hədələyiblər. ABŞ müdafiə naziri Lloyd Ostin israilli həmkarı Beni Qants ilə görüşdən sonra verdiyi açıqlamada “İranın terrorçuluğa verdiyi dəstək və nüvə proqramı ilə bağlı İsrailin narahatlığını bölüşürük”, – deyib.

O, İsrailin İranın nüvə proqramı ilə bağlı mövqeyinin ABŞ tərəfindən dəstəklədiyini söyləyib: “Danışıqların uğursuz olacağı təqdirdə digər variantlara da əl atmağa hazırıq. Biz İranın təhdidlərinə qarşı İsrail başda olmaqla bütün müttəfiqlərimizlə işləməyə davam edəcəyik. Özümüzü, dostlarımızı və maraqlarımızı müdafiə edəcəyik”.

Bəs, bu görüş və açıqlama regiona yeni müharibə vəd edirmi? İrana qarşı müharibə dünyaya necə təsir edə bilər?

Bayraqdar.info-nun suallarını cavablandıran Türkiyənin ölkəmizdəki sabiq hərbi attaşesi, ehtiyatda olan general Yücel Karauz öncə deyib ki, İranın atom enerjisi və nüvə silahı istehsal edilməsi ilə bağlı fəaliyyətləri Qərb, xüsusilə də ABŞ tərəfindən çox sıx şəkildə müşahidə edilir: “Bununla bağlı həm ABŞ, həm də Avropa tərəfindən İrana qarşı sanksiyalar tətbiq edilib. Eyni zamanda, Beynəlxalq Atom Enerjisi Agentliyi vasitəsilə İranla bu məsələyə dair danışıqlar aparılır. Beş ay əvvəl bu istiqamətdə aparılan danışıqlar nəticəsiz tamamlanıb. Beş aylıq fasilədən sonra noyabrın 29-da Rusiya, Çin, Almaniya, Fransa, İngiltərə və İranın yüksək rütbəli rəsmilərinin iştirakı ilə Vyana şəhərində danışıqlar aparıldı. Öncə İranın bu toplantıya qatılmayacağı bəyan edilsə də, sonradan rəsmi Tehran ilkin bir sənəd hazırlayaraq görüşdə iştiraka qərar verdi”.

Türkiyəli general deyib ki, bu görüş fonunda da tərəflər arasında psixoloji hücumlar müşahidə edilir: “Belə ki, ABŞ və İsrail cəbhəsində hərəkətlilik davam edir. Bu iki ölkənin müdafiə nazirləri dekabrın 9-da görüşərək, İran məsələsini müzakirə etdilər. Nazirlər İranla başlayan nüvə danışıqlarının uğursuz tamamlanacağı halda bu ölkədəki nüvə obyeklərinin vurulması üçün birgə addım atacaqlarını bəyan ediblər. Daha doğrusu ABŞ-ın müdafiə naziri bu açıqlamanı verib. Eyni zamanda, hər iki ölkənin yüksək rütbəli hərbçiləri buna cavab olaraq İranın ata biləcəyi mümkün addımların önlənməsi üçün birgə təlimlərin keçiriləcəyini vurğulayıblar. İsrail İranla hər hansı bir razılaşmanın mümkünsüz olduğunu deyir və bu ölkənin nüvə potensialının məhv edilməsinin vacib olduğu qənaətindədir. İsrail iddia edir ki, İranın nüvə fəaliyyətləri Yaxın Şərqdə nüvə silahına malik olmaq yarışını daha da şiddətləndirir. Bu da regiona təhlükə vəd edir. Təbii ki, İran da cavabsız dayanmır. İranın yüksək rütbəli hərbçiləri cavabın sərt olacağını bəyan ediblər”.

Müsahibimiz deyib ki, dolayısı ilə son müşahidə edilənlər tərəflərini bir-birinə qarşı psixoloji hücumudur: “Bu psixoloji hücumdan kənarda İranın nüvə potensialının tamamilə məhv edilməsi üçün genişçaplı hansısa hücumun olacağını zənn etmirəm. Amma İranın bir və ya bir neçə obyektinə zərbə vurula bilər. Təbii ki, İran da buna cavab verəcək. Dünyanın hazırda COVID-19 pandemiyasından və qlobal iqtisadi problemdən əziyyət çəkdiyi bir vaxtda genişmiqyaslı müharibənin olma ehtimalı yoxdur. Əgər elə bir şey olarsa o zaman Yaxın Şərq üçüncü dünya müharibəsinin başlanğıc nöqtəsi ola bilər. Çünki İran ona qarşı hücumlara Yaxın Şərqdəki ABŞ və İsrail hərbi gəmilərini, hərbi bazalarını vurmaqla cavab verə bilər. Bu, heç bir ölkənin, nə İsrailin, nə İranın, nə ABŞ-ın, nə də Türkiyə və Azərbaycan kimi qonşu ölkələrin xeyrinə olan şeylər deyil. Hesab edirəm ki, sanksiyalr səbəbindən zəif duruma düşən İran sonda beynəlxalq birliklə razılaşacaq”

Mission News Theme by Compete Themes.