Press "Enter" to skip to content

Yeganə Hacıyeva: Gürcüstan bu formatda qismən iştirak edəcək

Yeganə Hacıyeva

Son yeniləmə: 13 Dekabr 2021 20:14

Bayraqdar.info – “Gürcüstan uzun illərdir Ermənistan-Azərbaycan münaqişəsi üzərindən Cənubi Qafqazda öz mövqelərini xeyli möhkəmləndirib. Özü də təkcə Cənubi Qafqazda deyil, dünyada da möhkəmləndirib. Yəni regionun üç ölkəsindən ikisi arasında münaqişənin mövcudluğu Qərbin ümumilikdə Cənubi Qafqazla, regionun üç ölkəsinin cəmiyyətləri ilə bağlı bir çox layihələrində Gürcüstanın önə çıxmasına səbəb olub. Bu proses 20 ilə yaxın müddətdə davam edib. Münaqişənin başa çatmasından sonra isə Gürcüstan Cənubi Qafqazdakı bu cür mövqelərini itirib. Amma Gürcüstan bununla barışmaq istəmir”.

Bunu bayraqdar.info-nun sualını cavablandıran politoloq Yeganə Hacıyeva deyib.

Xatırladaq ki, 10 dekabr 2021-ci il tarixində Moskvada Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Cümhurbaşqanı Recep Tayyip Erdoğanın irəli sürdüyü təşəbbüsə əsasən “3+3” regional məsləhətləşmələr mexanizminin Azərbaycan, Ermənistan, İran, Rusiya və Türkiyə xarici işlər nazirlərinin müavinləri səviyyəsində təsis iclası keçirilib. Gürcüstan isə Rusiya amilini əsas gətirərək bu formatda iştirak etmək istəmədiyini bilidirib.

Bayraqdar.info-nun “Bəs, Gürcüstanın bu formatda iştirakdan imtina etməsi nə ilə nəticəələnə bilər” sualını cavablandıran politoloq deyib ki, Gürcüstan bu formatda iştirakdan heç də bütövlükdə imtina etmir: “Xatırlatmaq istəyirəm ki, 44 günlük Vətən müharibəsindən sonra, bu ilin yayında Ermənistanın təxribatı nəticəsində ilk sərhəd gərginliyi baş verəndə Gürcüstan tərəflər arasında vasitəçilik təklifini irəli sürmüşdü. Həmin vaxt Gürcüstanın vasitəsilə hətta bir mübadilə də baş tutmuşdu. Ermənistana diversantların bir qrupunun qaytarılması müqabilində Yerevan minalanmış rayonlardan ikisinin minalı ərazilərinin xəritəsini Azərbaycana vermişdi. Yəni Gürcüstan yeni reallıqllarda yenidən təşəbbüsü ələ almağa cəhd etmişdi. Amma aydın məsələdi ki, Ermənistanın verdiyi xəritələrdə dürüstlük əmsalı cəmi 25 faiz olunca, daha sonra Ermənistan sərhəddə növbəti təxribat törədincə və həmçinin Gürcüstanın vasitəçilik təklifinin uzunmüddətli hesabda perspektivli olmadığı üçün rəsmi Tbilisinin cəhdləri davamlı ola bilmədi. Ardınca Gürcüstan bəyan etdi ki, o, 3+3 formatında iştirak etmək istəmir. Daha doğrusu qismən iştirak etmək istəyir”.

Y.Haciyeva deyib ki, “Gürcüstan bu formatdan tam imtina edir”, demək də doğru deyil: “Çünki əgər Gürcüstan tam iştirakdan imtina etsə bu, onun ziyanına işləyəcək. Ona görə də Gürcüstan qismən iştirak edəcək. Bu qismən iştirak isə format daxilində ikitərəfli əməkdaşlıqda özünü göstərəcək. Yəni Gürcüstan Rusiya istisna olmaqla digər ölkələrlə format daxilində ikitərəfli əməkdaşlıqda maraqlıdır. Rusiyaya gəlincə Gürcüstanı başa düşmək çətin deyil. Çünki Gürcüstanın ərazi itkisi ilə üzləşdiyi iki münaqişədə Rusiyanın birbaşa iştirakı var. Bu ölkənin ərazisində qondarma separatçı qurumların formalaşmasında da Rusiyanın bu və digər şəkildə rolu var. Buna görə də Gürcüstan Rusiyanın Cənubi Qafqazda güclənməsinə xidmət edən layihələrdə iştirak etmək istəmir. Amma ümumilikdə bu format çərçivəsində regionda mühüm addımlar atılacaq”.

Mission News Theme by Compete Themes.