Press "Enter" to skip to content

Elşad Əliyev: Ulu öndər diaspor quruculuğu sahəsində müstəsna xidmətlər göstərib

Son yeniləmə: 13 Dekabr 2021 01:06

Bayraqdar.info – Ulu öndər Heydər Əliyev diaspor quruculuğu sahəsində, xaricdə yaşayan soydaşlarımızın Azərbaycanla sıx əlaqələrinin qurulmasında müstəsna xidmətlər göstərib.

Bunu Diasporla İş üzrə Dövlət Komitəsi (DİDK) sədrinin müavini Elşad Əliyev deyib. O bildirib ki, SSRİ dönəmində məhz Heydər Əliyevin təşəbbüsü və uzaqgörənliyi nəticəsində azərbaycanlı gənclər ittifaqın ən yaxşı ali məktəblərində təhsil alıblar.

Bu barədə bayraqdar.info-ya dekabrın 13-də DİDK-dən məlumat verilib.

Bildirilib ki, Qahirə şəhərində Azərbaycan xalqının Ümummilli lideri, görkəmli dövlət xadimi Heydər Əliyevin anım gününə həsr olunmuş fotosərgi və tədbir keçirilib. Fotosərgini ziyarət edənlər arasında Komitənin, ölkəmizin Misirdəki səfirliyinin əməkdaşları, Azərbaycan diasporunun və yerli ictimaiyyətinin nümayəndələri də olub: “Sərgidə dahi siyasətçi və görkəmli dövlət xadiminin həyat və fəaliyyətini, o cümlədən Misirə səfərlərini əks etdirən fotolar nümayiş etdirilib. Sərgi ziyarətçilər böyük maraq doğurub”.

Vurğulanıb ki, sərgidən sonra baş tutan anım mərasimi Azərbaycanın Dövlət Himninin səsləndirilməsi və Ümummilli liderin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Tədbiri giriş sözü ilə açan Azərbaycanın Misirdəki fövqəladə və səlahiyyətli səfiri Tural Rzayev dahi siyasətçinin tarixi və siyasi fəaliyyətindən, müstəqil Azərbaycan dövlətinin inkişafı və beynəlxalq nüfuzunun möhkəmləndirilməsi naminə göstərdiyi misilsiz xidmətlərindən danışıb. “44 günlük Vətən müharibəsində Azərbaycanın qazandığı qələbə məhz Heydər Əliyevin vaxtında toxumu səpilmiş siyasətin nəticəsidir”, – deyə səfir vurğulayıb.

DİDK sədrinin müavini Elşad Əliyev Ulu öndətin diaspor quruculuğu sahəsindəki müstəsna xidmətlərdən danışıb. Xaricdə yaşayan soydaşlarımızın Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında böyük rol oynadıqlarını nəzərə çatdıran sədr müavini qeyd edib ki, bu strategiyanın əsası Heydər Əliyevin təşəbbüsü ilə 2001-ci ilin noyabr ayında Bakıda keçirilən Dünya Azərbaycanlılarının I Qurultayında qoyulub. Hazırda bu siyasətin Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi və diaspor quruculuğunun yeni inkişaf mərhələsinə qədəm qoyduğu vurğulanıb.

Qeyd edib ki, birlik və həmrəylik göstərən Azərbaycan diasporunun xidmətləri dövlətimiz tərəfindən yüksək qiymətləndirilir. Təsadüfi deyil ki, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva xaricdə yaşayan soydaşlarımızın hər zaman, o cümlədən Vətən müharibəsi dönəmində Azərbaycanın yanında olduqlarını bildiriblər.

Tədbirdə çıxış edən misirli alimlər vurğulayıblar ki, Azərbaycanın dövlət quruculuğu, beynəlxalq nüfuzunun möhkəmləndirilməsi istiqamətində əvəzsiz xidmətlər göstərən Heydər Əliyev müxtəlif ölkələrlə, o cümlədən Misirlə ikitərəfli əməkdaşlıq əlaqələrini inkişaf etdirən böyük dövlət xadimi olub.

Tədbir Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən sənədli filmin nümayiş etdirilməsi ilə yekunlaşıb.

Mission News Theme by Compete Themes.