Press "Enter" to skip to content

Dövlət Gömrük Komitəsi yanında İctimai Şurada narazılıqlar

Dövlət Gömrük Komitəsi

Son yeniləmə: 13 Dekabr 2021 09:37

Bayraqdar.info – Məlumdur ki, dövlət qurumlarının yanında ictimai şuralar yaradılır və bu şuralara üzvlər seçilir. Həmin üzvlərin fəaliyyəti dövlət qurumu ilə vətəndaş cəmiyyəti arasındakı münasibətləri yaxşılaşdırmaq, ictimaiyyətin irad və təkliflərini nazirlik, komitə və dövlət qurumlarına çatdırmaqdan ibarətdir.

Bu yaxınlarda Facebook-da qarşımıza bir video çıxdı. Videoda Hüquqşünas Qadınlar Assosiasiyasının rəhbəri Xanım Əhmədzadə Dövlət Gömrük Komitəsi yanında İctimai Şuranın işi ilə bağlı iradlar səsləndirir və narazılıq bildirirdi. Məsələ ilə bağlı bayraqdar.info X.Əhmədzadə ilə əlaqə saxlayıb. O, narazılıqların qaynaqlandığı səbəblərdən danışıb.

Bir tərəf belə düşünür

X.Əhmədzadə bildirib ki, ölkədə fəaliyyət göstərən bütün nazirlik və komitələrdə ictimai şuralar fəaliyyət göstərir. Bu fəaliyyətin də kökündə ictimai şuralar haqqında 2013-cü ildə qəbul olunmuş qanun dayanır: “Bu, mənim yeganə iştirak etdiyim seçkilər idi. Digər sahələr mənə uyğun gəlmədiyi üçün DGK-dan namizədliyimi verdim. Sentyabrın 21-də DGK-da İŞ-ə seçkilər keçirildi. Seçkinin 2-ci mərhələsi isə sentyabrın 22-də keçirildi. Nəticə olaraq 13 nəfər İŞ-ə üzv seçildi. Növbəti mərhələdə 13 nəfərin içindən sədr, müavinlər və katib seçilməli idi. Oktyabrın 22-də seçki günü təyin edildi. DGK-da seçkiyə toplaşdıq. Seçkidə qalib gəlmiş namizədlər öz namizədliklərini irəli sürdülər. 13 nəfərin iştirakı ilə səs çoxluğu ilə bir nəfər – Nazim Bayandurov sədr seçildi.

“İclasda DGK katibliyinin rəisi Anar Süleymanov da iştirak edirdi. O, öz tövsiyələrini verərək iclas zalını tərk etdi. Əlavə olaraq 3 nəfər müavin, 1 nəfər də katib seçildi. Səsvermənin nəticəsində İŞ-də rəhbərliyin kimlər olduğu məlum oldu. Bunu bilən kimi 5 nəfər üzv – Namiq Məmmədov, Hafiz Əlməmmədov, Çingiz Məmmədov, Elməddin Muradlı və Ədil Ədilzadə heç bir rəy bildirmədən iclas zalını tərk etdi. Halbuki, reqlamentdə qeyd edilib ki, hər bir üzvün problemi olarsa, ya özünü pis hiss edərsə, yazılı şəkildə rəy bidirib iclası tərk edə bilər. Onlar isə heç bir rəy bildirmədən zalı tərk etdilər. Onlar zalı tərk edəndən sonra yetərsay olduğu üçün iclası davam etdirdik. Onu da qeyd edim ki, 1 sədr və 3 müavinin seçilməsində adıçəkilən şəxslər səsvermədə iştirak ediblər. Yəni Konstitusiyanın 56-cı maddəsinə əsasən hər bir insanın səsvermə hüququ var”.

İşləmək üçün şərait yaradılmır

X.Əhmədzadə bildirir ki, İŞ haqqında qanuna əsasən, hansı qurumun yanında Şura fəaliyyət göstərirsə, onlara işləmək üçün şərait yaradılmalı, texniki problemləri həll olunmalıdır. DGK İŞ-in texniki məsələlərini həll etməlidir, ona işini yerinə yetirməsi üçün şərait yaratmalıdır. İnformasiya təminatı və digər məsələləri öz üzərinə götürməlidir. Seçkidən keçən bu qədər müddət ərzində DGK fəaliyyət üçün şərait yaratmaqdansa, onları inkar etməyə başlayıb.

“Onlar bizə öz namizədlərini seçdirmək üçün təzyiq göstərir. Elməddin Muradlı adlı bir QHT rəhbərini və onun özünə nəzərdə tutduğu müavinlərin seçilməsini israrla təkid edirlər. Noyabrın 27-də biz seçki protokolu ilə bağlı DGK-ya müraciət etdik ki, bizə işləməyə şərait yaradın. Biz müzakirələr keçirib ictimai rəyi öyrənməiyik. Bu qanunun məqsədi də bundan ibarətdir. DGK bizi noyabrın 27-də öz inzibati binasına dəvət etdi. Həmin iclasda da 13 nəfər iştirak edirdi. İclasda DGK katibliyinin rəisi A.Süleymanov və Mətbuatla iş şöbəsinin rəisi Natiq Axundov da var idi. Orada bizə Komitə sədri Səfər Mehdiyevin tövsiyələri ilə müraciət etdiyini deyərək israrla bildirildi ki, biz sizin protokolu o zaman qəbul edəcəyik ki, orada 13 nəfərin imzası olsun. Bir nəfər sədr və bir nəfər də müavin olsun.

Ortadakı maraq sual doğurur

“Biz onlara dedik ki, bu, ictmai əsaslarla olan işdir, siz bizə maaş vermirsiz, bunun nə əhəmiyyəti var ki, 1 ya 3 müavin olsun? Sizin burada nə marağınız var? Biz razılaşdıq ki, eybi yoxdur, əgər belədirsə, bir sədr və bir müavinin seçilməsi məsələsinə təkrar baxaq. Onsuz da üç aydır İŞ seçilsə də bizə işləməyə heç bir şərait yaradılmır. Biz dedik, o zaman seçkini burada keçirək. Hamı buradadır, amma o beş nəfər iclaslara gəlmir. Sabotaj və boykotla məşğuldurlar. A.Süleymanov dedi, siz gedin fikirləşin, dekabrın 3-də yenidən seçki keçirərsiniz”.

X.Əhmədzadə deyir: “Mənim nə sədr, nə də müavin olmaq fikrim yoxdur. Dekabrın 3-də DGK-nın təzyiqi ilə bir də seçki keçirdik. Yeddi nəfər toplaşdıq, yenə də o beş nəfər yox idi. Onlar qanuna hörmətsizlik etdilər. DGK təmsilçilərinə kim ixtiyar verib ki, İŞ-in üzərinə bu qədər gedirlər, məcbur edib zor göstərirlər? Kiminsə təyin edilməsi üçün ayrı-ayrı insanları çağırıb təzyiq göstərirlər. Biz qul dövründəmi yaşayırıq? İnsanlar istəmədiyi adama necə səs verə bilər? DGK zor tətbiq edir ki, filankəs seçilməlidir. Biz nə deyirik ki? Səs toplasın, seçilsin.

“Məni düşündürür ki, bunlar niyə bu qədər israr edirlər? Bunun kökündə nə dayanır? Hansı istəkləri var? Bizim fəaliyyətimizə DGK imkan vermir, hər vasitə ilə mane olurlar. Ümumiyyətlə, bu, sağlam yanaşma deyil. Bizim borcumuz vətəndaşlara, xalqa xidmətdir. Gömrük Komitəsində çoxlu nöqsanlar var, vətəndaşların narazılıqları var, biz onu öyrənib Komitəyə bildirməliyik. Biz düşünürük ki, bəlkə DGK sədrinin bundan xəbəri yoxdur? İstəyimiz budur ki, o, bizə vaxt ayırıb dinləsin. Eyni zamanda, iclaslarda iştirak etməyən İŞ üzvləri kənarlaşdırıla bilərlər. Kiminsə ərköyünlüyü ilə İŞ fəaliyyət göstərmir”.

Qarşı tərəf öz mövqeyini sosial mediada açıqlayıb

Baş verən hadisəyə qarşı tərəf olaraq Jurnalistika və İnkişaf Mərkəzi ictimai birliyinin sədri və avtosfer.az saytının təsisçisi Elməddin Muradlı öz Facebook səhifəsində aydınlıq gətirib. O yazıb:

“Dövlət Gömrük Komitəsi yanında İctimai Şura ləğv edilməlidir. Orada bəziləri özünü qanunsuz olaraq sədr, müavin, katib elan edib. Özləri özlərini tərifləyib vəzifə bölgüsü aparıblar. Biz 6 nəfər onlara etiraz olaraq iclasdan çıxmışıq. Heç vaxt da nəsə danışmadıq. Ancaq bunlar hər gün bizim haqqımızda ağızlarına gələni danışırlar. Biri deyir, Komitədə İctimai Şuranın sədri olsam nə qazansam bölək, biri deyir, maşın gətirəcəm, o biri ölkənin nüfuzlu şəxslərinin adından istifadə edir, bəzilərinin təşkilatlarının adı heç kimə məlum deyil. Biri var, işlədiyi dövlət qurumu boğaza qədər zibilin içində ola-ola başqa dövlət qurumunda nöqsan axtarır. Bunlar hətta “İctimai iştirakçılıq haqqında” qanuna zidd olaraq üç müavin seçiblər. Elə bil, dünyanın axırıdır.

“Haqqımızda boş-boş danışırlar. Cəfəngiyyatdan başqa bir şey deyil o yeddi nəfərin danışdığı. Mən burada ikiüzlü, riyakar adamlar gördüm. Çox dəhşətlidir. Sanki bəziləri ictimai işə yox, bazara üzv seçilib.  Mənimlə rəqabət apara bilməyib aciz durumda qalandan sonra qaçıb başqasına sığınanı gördüm. Nə var, nə var müavin olacaq, pul qazanacaq. Ay yoldaş, bu İctimai Şuradır, burada pul olmur.

Gömrük Komitəsini şantaj edirlərmiş…

“Biz iclası tərk etdik, iclasın katibi iclası tərk etdi, ancaq bunlar özlərini hüquqi yolla seçilmiş elan etdilar. İclasın katibi heç nəyə imza atmayıbsa sən kimsən özünü sədr və ya müavin elan edirsən? Durub bizi şantaj edirlər, Gömrük Komitəsini şantaj edirlər. Bilinmir ki, bunların dərdi nədir.

“Mən düşündüm və qərara gəldim ki, DGK yanında İctimai Şura ləğv edilməlidir, yenidən seçkilər keçirilməli və bu sahəyə dəxli olmayan adamlar da gedib bazarda alverini etməlidir. Hesab edirəm ki, 7 nəfərin etdiyi hərəkətlərdən sonra Şuranın fəaliyyəti normal olmayacaq, perspektiv olmayacaq və bunun da nə bizə, nə də Komitəyə faydası olacaq. Vətəndaş cəmiyyəti arasında bazar prinsipləri yaradanlarla birlikdə işləmək mənimçün xoş deyil. Mənimlə birlikdə iclası tərk edənlərin də mənə qatılacaqlarına ümid edirəm”.

Daha sonra E.Muradlı DGK-ya müraciət etdiyini bildirir. O, İctimai Şuranın ləğv edilməsini və yeni seçkilər keçirilməsini xahiş edib.

Maraqlıdır ki, yetərsaya sahib olan çoxluq işin normal məcrada davam etdirilməsində maraqlıdır və etiraz edənləri də iclasa qatılıb təkrar seçkidə iştiraka dəvət edir. Amma belə görünür ki, DGK rəhbərliyi və boykotçular bu durumdan razı deyillər. Hətta tələb edirlər ki, İŞ buraxılsın və yenidən formalaşdırılsın.

Yeri gəlmişkən, bayraqdar.info məsələylə bağlı DGK-ya da müraciət edib. Lakin söz verilsə də aradan bir neçə gün keçməsinə baxmayaraq münasibət bildirməyiblər. Biz də düşündük ki, onların münasibəti olmadan tərəflərin mövqeyini işıqlandıraq. DGK ictimai marağı nəzərə alıb hansısa münasibət bildirmək istəsə, onu da dərc edəcəyik.

Mission News Theme by Compete Themes.