Son yeniləmə: 13 Dekabr 2021 13:08
Nihat Büyükbaş: Təhsil məsələsində də Azərbaycan üçün ən yaxşısı nədirsə onu etməyə çalışırıq
Bayraqdar.info – Son vaxtlar türk dünyasının daha dərindən inteqrasiyası yönündə mühüm addımlar atılır. Türk Dövlətləri Təşkilatının yaranması ilə bu proses tarixinin ən yüksək səviyyəsinə çatıb. Təbii ki, türk dünyasının birliyində açar rolunu Türkiyə-Azərbaycan qardaşlığı oynayır. Bəs, bu qardaşlıq fonunda türk dünyasında elm, təhsil sahəsində atılmalı olan addımlar hansılardır? Türkiyənin Bakıdakı səfirliyinin eğitim müşaviri Dr.Nihat Büyükbaşın bayraqdar.info-ya özəl müsahibəsində həm bu, həm də iki ölkənin təhsil sahəsində əməkdaşlığı ilə bağlı digər suallara cavab aldıq.
Təhsil sahəsində əlaqələrimizin əsası Xalq Cümhuriyyəti dövründə qoyulub
– İlk sualımız son vaxtların gündəmi ilə bağlıdır. Türk Dövlətləri Təşkilatının yaranması ilə türk dünyasında inteqrasiya daha da dərinləşməkdədir. Bəs, bunun fonunda Azərbaycanla Türkiyə arasında təhsil sahəsindəki inteqrasiyanı necə dəyərləndirirsiniz?
– Türkiyə ilə Azərbaycan arasındakı təhsil əlaqələrinin tarixi Məhəmməd Əmin Rəsulzadənin qurduğu Xalq Cümhuriyyətinin yaranma dövrünə təsadüf edir. 1918-ci ildə qurulan AXC ilə o zaman Osmanlı imperatorluğu arasında təhsil sahəsində əməkdaşlıq razılaşması vardı. Bu razılaşmaya əsasən müəllimlərin mübadiləsi həyata keçirilmişdi. Dərs kitabları göndərilmişdi. Eyni zamanda 1991-ci ildən sonra müstəqilliyini əldə edən Azərbaycandan minlərlə gənc Türkiyədə ali təhsil almağa getdi. Öz növbəsində Türkiyədən də gənclər Azərbaycan universitetlərində oxumaq üçün bura gəldilər. Bu proses hazırda da davam edir. Dolayısı ilə əlaqələrimizin güclənməsində təhsil sahəsinin xüsusi rolu var. Azərbaycanın 1991-ci ildə əldə edilən müstəqilliyindən sonra Bakıda qurulan Bakı Türk Anadolu Liseyi də Türkiyə Milli Eğitim Bakanlığına bağlıdır və hazırda orda təhsil alanların sayı 2500-ü keçib. Eyni zamanda təhsil sahəsində əlaqələrin daha da dərinləşməsi üçün ortaq qərarlar qəbul edilib. Bunların başında isə ortaq türk tarixi, ortaq türk coğrafiyası, ortaq türk dilinin tədrisi ilə bağlı atılacaq addımlar dayanır. Artıq ilkin addım da atılıb. Bildiyiniz kimi Azərbaycan və Türkiyədə məktəblərdə ortaq türk tarixi tədris edilməyə başlanıb. Eyni zamanda digər türk dövlətlərində də tezliklə bunun tədris olunması ümumi işin xeyrinə ola bilər. Bir sözlə, Türk Dövlətləri Təşkilatına üzv olan ölkələrdə ortaq türk tarixi, ortaq türk coğrafiyası və ortaq türk dilinin tədrisinə dair önəmli qərarlar qəbul edilib. Bu istiqamətdə hazırda mühüm addımlar atılır.
Türkiyədə ali təhsil alan azərbaycanlı tələbələrin sayı 25 mindən çoxdur
– İki ölkə arasında ali təhsil sahəsindəki durumu konkret rəqəmlərlə necə ifadə edərdiniz?
– Türkiyə və Azərbaycan olaraq ali təhsil sahəsində də çox önəmli əməkdaşlığımız mövcuddur. Bu gün Türkiyədə ali təhsil alan azərbaycanlı tələbələrin sayı 25 mindən çoxdur. Bu, hazırda Türkiyədə ali təhsil alan 180 ölkənin gənclərinin ümumi sayının 12 faizinə bərabərdir. Yəni, böyük bir rəqəmdir. Amma Azərbaycanda təhsil alan Türkiyə gənclərinin sayı ümumilikdə xarici ölkələrdən olan tələbələrin sayında daha çox paya sahibdir. Azərbaycana ali təhsil almağa gələn türkiyəli gənclərin sayı 3 mini keçib ki, bu da Azərbaycanda təhsil alan xarici tələbələrin tam yarısı deməkdir. Dolayısı ilə biz zatən inteqrasiyanı formalaşdırmışıq. Bundan sonrakı hədəfimiz universitetlərimizdə daha keyfiyyətli təhsil üçün ortaq addımlar atmaqdır.
– Bütün bunların fonunda iki qardaş ölkənin orta təhsil sahəsindəki əməkdaşlığının dərinləşməsi baxımından hansısa yeniliklər varmı?
– Hazırda Türkiyə Milli Eğitim Bakanlığı ilə Azərbaycan Təhsil Nazirliyi arasında ortaq əməkdaşlıq mövcuddur. Mən bu vəzifədə olduğum müddətdə Türkiyə milli təhsil naziri Bakıya iki dəfə səfər edib. Azərbaycan təhsil naziri də Türkiyəyə üç dəfə səfər edib. Bu yaxınlarda bizim nazirimizin Azərbaycana növbəti səfəri gözlənilir. Bu səfərlər fonunda ortaq əlaqələr hər keçən gün daha da dərinləşir. Əməkdaşlıq sahələrimizdən biri peşə təhsili ilə bağlıdır. Bu əməkdaşlığın nəticəsi kimi hazırda Azərbaycanda iki yeni peşə məktəbinin inşası davam edir. Türkiyə bu peşə məktəblərinə müəllim və tədris-laboratoriya vəsaiti istiqamətində dəstək verəcək. Eyni zamanda azərbaycanlı müəllimlər Türkiyə Milli Eğitim Bakanlığına bağlı olan İstanbul Milli Eğitim Müdirliyinin təşkilatçılığı ilə Türkiyədə kurs keçirlər. Hətta bir qrupu artıq bu kursu başa vurub. Yəni bu cür əməkdaşlıqlardan hər iki ölkənin təhsili fayda görür. Bir sözlə, bir-birindən öyrənmək vasitəsilə ortaq bir gələcək istiqamətində önəmli fəaliyyətlər göstərilir.
Dövlətimiz bura ən bilikli müəllimləri göndərir
– Bakı Türk Anadolu Liseyini dediniz. Eyni zamanda burada dövlətlə yanaşı Türkiyənin özəl və vəqf liseyləri də fəaliyyət göstərir. Onlarda təhsilin keyfiyyəti ilə bağlı nə deyə bilərsiniz?
– Öncə onu deyim ki, orta təhsil sahəsində Azərbaycanın təhsil sistemi ilə Türkiyə təhsil sisteminin çox fərqi yoxdur. Türkiyə dövlətinin Bakıda bir orta təhsil müəssisəsi var ki, bu da dediyim kimi Bakı Türk Anadolu Liseyidir. Bu, Türkiyə Milli Eğitim Bakanlığına bağlı və Türkiyə türkcəsində təhsil verən liseydir. Türkiyə sisteminə bağlı olduğu üçün də orta təhsil 12 ildir bu liseydə. Bundan başqa mərhum Turan Yazganın zamanında qurduğu Türk Dünyası Araşdırmaları Vəqfinin Bakı Atatürk Liseyi var. O bir vəqf liseyi olsa da Azərbaycan Təhsil Nazirliyinə bağlıdır. Digər bir liseyimiz isə Diyanət Vəqfinin Bakı Türk Liseyidir. O liseyə də qəbul 6-cı sinifdəndir. Amma qəbul olmaq üçün imtahan verilməlidir. Həm Bakı Türk Anadolu Liseyində, həm də Bakı Türk Liseyində təhsil ödənişsizdir. Onu da deyim ki, Bakı Türk Anadolu Liseyi səviyyəsində Azərbaycanda heç bir xarici məktəb yoxdur. O mənada ki, həm ödənişsizdir, həm də müəllimlərinin hamısını Türkiyə dövləti göndərir. Hazırda liseydə 100 müəllim dərs deyir ki, bunların hamısını da əməkhaqqısı Türkiyə dövləti tərəfindən verilir. Həmin müəllimlər Azərbaycana göndərilərkən də imtahan verirlər. Yəni, dövlətimiz bura ən bilikli müəllimləri göndərir. Bu imtahana girmək üçün isə həmin müəllimin Türkiyədə orta məktəbdə ən azı beş il işləməsi lazımdı. İki mərhələli imtahanda uğur qazananlar burada işləmək hüququ əldə edirlər. İkincisi bu liseyin şagirdlərinin yarısı Türkiyə, yarısı isə Azərbaycan vətəndaşıdır. Bununla da Azərbaycan vətəndaşlarına da xidmət etmiş oluruq. Buranın məzunlarının böyük hissəsi ali təhsillərini Türkiyə universitetlərində alırlar.
– Azərbaycanlı gənclərin bir çoxunun Türkiyə universitetlərini seçməsi bəllidir. Bunun bir səbəbinin qardaş ölkələr kimi yaxınlığımızla bağlı olduğu məlumdur. Bəs, bir təhsil mütəxəssisi kimi bu marağın başqa məqamları ilə bağlı nə deyə bilərsiniz?
– Türkiyənin burdakı liseylərində, o cümlədən sonradan Türkiyə universitetlərində təhsil alan azərbaycanlı gənclərin öz vətənlərinə layiqli vətəndaş kimi yetişməsi bizim təhsil sistemimizin əsas hədəfidir. Yəni bəzi xarici təhsil qurumlarından və xarici ölkələrdən fərqli olaraq biz azərbaycanlı şagird və tələbələrə təhsil verərkən onların Azərbaycanın elmli, bilikli, bacarıqlı vətəndaşları kimi yetişməsini əsas tuturuq. Biz onların müstəqil bir dövlətin vətəndaşları olaraq dünyada hər zaman qətiyyətli davranmaları, Vətənlərinin milli maraqları naminə bütün çətinliklərə sinə gərmələri üçün güclü bir kadr kimi yetişməsini əsas tuturuq. Çünki Azərbaycanın gələcəyi məhz öz Vətənini, bayrağını, millətini sevən, əldə etdiyi bilik və bacarıqla dövlətinin daha da inkişafı üçün çalışacaq gənclərdən aslıdır. Yəni bu məsələdə də bizim başlıca fəaliyyətimiz bir millət iki dövlət fəlsəfəsinə əsaslanır. Əgər bu gün Azərbaycanın müxtəlif sahələrində, o cümlədən 44 günlük Vətən müharibəsində misilsiz qəhrəmanlıq göstərən ordusunda fərqlənən kadrların tərkibinə baxsaq ikili təhsil əlaqələrimiz nəticəsində yetişən insan qaynaqlarımızın önəmli bir rolunun olduğunu görürük. Bir sözlə, təhsil məsələsində də biz Azərbaycan üçün ən yaxşısı nədirsə onu etməyə çalışırıq.
Türkiyə türkləri Anadoluda min ildir müstəqil və azad yaşayırlar. Başqa ölkələrin istilası altında yaşamadığı üçün bütün uğurlara özləri nail olublar. Bura iqtisadiyyatın, sənayənin, o cümlədən müdafiə sənayəsinin bir çox sahələri daxildir. Bizim bu prinsipimiz azərbaycanlı gənclərin təhsilində də əsas tutulur.
Maarif okulları burada fəaliyyətə başladıqdan sonra o boşluq da dolacaq
– Bəlli olduğu kimi hazırda Maarif okulları dünyanın müxtəlif nöqtələrində açılır. Bəs, Azərbaycanda bu baxımdan durum necədir?
– Azərbaycanda Maarif okullarının açılması üçün lazım olan anlaşma imzalanıb. Hazırda məktəb üçün münasib yer arayışındadırlar. Hesab edirəm ki, önümüzdəki tədris ilində inşallah bu okul ilk şagirdlərini qəbul edəcək. Beləliklə, Maarif okulu da fəaliyyətə başlayandan sonra Azərbaycandakı təhsil fəaliyyətlərimiz daha da yüksək səviyyəyə qalxacaq. Yəni milli məsələ olaraq gördüyümüz təhsil sahəsində azərbaycanlı qardaşlarımıza verdiyimiz dəstəkdə belə deyək, bir ayağımız əskikdir. Maarif okulları da burada fəaliyyətə başladıqdan sonra o boşluq da dolacaq və gələcəyə daha əmin şəkildə baxacayıq.