Son yeniləmə: 11 Dekabr 2021 19:59
Bayraqdar.info – Azərbaycan Dövlət Akademik Musiqili Teatrında dekabr ayında nümayişi nəzərdə tutulan əksər tamaşalara bütün biletlər satılıb, bəzilərinə isə yerlər olduqca məhduddur. Bu barədə Akademik Musiqili Teatrın mətbuat xidmətindən bildirilib:
“Sevindirici haldır ki, iki ilə yaxın yorucu fasilədən sonra teatrımıza bu qədər tamaşaçı axını var və burada həyat öz əvvəlki axarı ilə davam edir. Bir-birindən baxımlı səhnə əsərlərinə tamaşaçıların günbəgün artan marağından da hiss olunur ki, onlar Teatrdan ötrü çox darıxıblar.
“Bu ayın sonlarında oynanılacaq “Paris Notr-Dama ithaf” (V.Hüqo, səhnələşdirən: S.Qulamov) tamaşasına biletlər artıq bir ay öncədən satılıb qurtarıb. “Mən dəyərəm min cavana” (F.Sücəddinov, T.Vəliyeva), “Baladadaşın toy hamamı” (Elçin), “999-cu gecə” (F.Əmirovun musiqiləri əsasında) səhnə əsərlərinə də “İticket.az” onlayn bilet satışı portalında bilet tapmaq mümkün deyil. “Bir nəfəs qədər” (səhnələşdirən: S.Qulamov) və “Beş manatlıq gəlin” (S.Rüstəmov, M.S.Ordubadi) tamaşalarının premyeralarınına da demək olar ki, biletlər qalmayıb.
“Əslində bu çox müsbət haldır ki, vaxtı ilə teatrların tamaşaçı qıtlığı yaşayacağı ilə bağlı bədbin proqnozlar alt-üst olur və Teatr icmasında xoş ovqat yaradır. Qeyd edək ki, Teatrda uşaqlar üçün də tamaşalar bərpa olunub. Bu ayın 29-dan yanvarın 4-nə qədər gündə iki seans olmaqla, balaca dostlarımız üçün nağıl-tamaşalar nümayiş olunacaq. Teatrın repertuarı həmişəki kimi zəngindir, bununla yanaşı, müxtəlif rejissorların təqdimatında fərqli-fərqli janrlarda tamaşalar hazırlanır.
“Akademik Musiqili Teatrın tamaşalarına bilet tapmaqda çətinlik çəkən tamaşaçıların çoxsaylı müraciətlərini nəzərə alaraq onların zövqlərinə uyğun səhnə əsərlərini növbəti aylarda bir daha göstərəcəyik. Bu barədə Teatrın rəsmi saytı və sosial şəbəkə hesablarında mütamadi olaraq məlumatlar veriləcək. Biletləri şəhərin bütün teatr-konsert kassalarından və “ASAN Xidmət” mərkəzlərindən əld etmək olar.
“Xatırladaq ki, tamaşaçılar yalnız COVID-19 pasportu və bu virus əleyhinə peyvəndə əks göstəriş sertifikatı ilə teatra buraxılır. Teatr zalında isə tibbi maskadan istifadə olunmalıdır”, – deyə xəbərdə bildirilir.