Press "Enter" to skip to content

Milli Hökumətin il dönümü: S.C.Pişəvərinin məzarı ziyarət edildi

BAO üzvləri S.C.Pişəvərinin məzarı başında

Bayraqdar.info – 1945-ci il dekabrın 12-də (1324-cü ilin 21 Azər günü) Azərbaycanın Güneyində, Təbrizdə Seyid Cəfər Pişəvərinin başçılığı ilə milli hökumət qurulub. Xalqımız üçün tarixi və ideoloji əhəmiyyəti böyük olan bu gün Azərbaycan tarixinə “21 Azər Hərəkatı” kimi düşüb.

Bu sözlər Bütöv Azərbaycan Ocaqlarının mətbuat xidmətindən dekabrın 11-də bayraqdar.info-ya daxil olan xəbərdəndir.

Xəbərdə daha sonra deyilir ki, “BAO rəhbərliyi və bir qrup üzvü, ziyalılar, gənclər bu əlamətdar gün ərəfəsində Birinci Fəxri Xiyabanda olublar. Öncə Azərbaycan Milli Hökumətinin (1945-1946) sədri olmuş Seyid Cəfər Pişəvərinin məzarı ziyarət edilib. Məzarının üzərinə BAO-nun və Azərbaycan Siyasi Quruluşlarının Əməkdaşlıq Platformasının (AZOH, Dirəniş, GADP) adından əklillər qoyulub. Ruhuna dualar oxunub”.

“BAO başqanı Zahir Əlisoy, BAO başqanının Türk dünyası ilə əlaqələr üzrə müavini, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Faiq Ələkbərli, humanitar məsələlər üzrə müavini, filologiya üzrə fəlsəfə doktoru, dosent Zəkulla Bayramlı, Güney Azərbaycan üzrə müavini Babək Türkoğlu, BAO üzvü Anar Can Kıtay çıxış etmişlər”, – deyə xəbər davam edir.

“Çıxışlarda S.C.Pişəvərinin başçılığı ilə Təbrizdə – Azərbaycanın Güneyində milli hökumətin qurulmasının xalqımız üçün tarixi və ideoloji əhəmiyyətinin böyüklüyü çatdırılmış, milli hökumətin fəaliyyət göstərdiyi bir il ərzində müxtəlif sahələr üzrə gördüyü işlər qeyd edilmişdir.

“1945-ci il dekabrın 12-də Təbriz şəhərində böyük çətinlik və xalqın əzmi ilə Azərbaycan Milli Hökuməti qurulan və daha cox “21 Azər” Hərəkatı kimi tarixə düşən bu günün əhəmiyyəti vurğulanmışdır.

“Daha sonra 1980-ci illərin axırlarında Azərbaycanın Quzeyində formalaşmış milli azadlıq hərəkatının lideri, mərhum Prezident Əbülbəz Elçibəyin məzarı da ziyarət edilmiş, ruhuna dualar oxunmuşdur” sözlərilə xəbər sona çatır.

BAO üzvləri Əbülfəz Elçibəyin məzarı başında
Mission News Theme by Compete Themes.