Press "Enter" to skip to content

İstanbulda keçirilən “Stratcom 21” Sammitində Azərbaycan da təmsil olunur

Son yeniləmə: 11 Dekabr 2021 15:43

Bayraqdar.info – Dekabrın 11-də İstanbulda Beynəlxalq Strateji Kommunikasiya Sammiti – “Stratcom 21” işə başlayıb. Tədbirdə Azərbaycan da təmsil olunur.

Bu barədə bayraqdar.info-ya Türkiyənin ölkəmizdəki səfirliyindən məlumat verilib.

Qeyd edilib ki, Türkiyə Cümhurbaşqanlığı İletişim Başqanlığı tərəfindən təşkil olunan tədbirdə ölkəmizi Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir.

Vurğulanıb ki, İstanbuldakı Haliç Konqres Mərkəzində keçirilən sammitdə dünyanın 23 ölkəsindən müxtəlif akademiyaların, beyin mərkəzlərinin, dövlət qurumlarının əməkdaşları, media və özəl sektorun təmsilçiləri, qeyri-hökumət təşkilatlarının, beynəlxalq təsisatların üç mindən çox nümayəndəsi iştirak edir.

İki gün davam edəcək tədbirdə strateji kommunikasiya, ictimai və rəqəmsal diplomatiya, dezinformasiya, böhran idarəçiliyi, kommunikasiya kampaniyaları, hökumət rabitəsi, yeni media, ictimaiyyətlə əlaqələr, sosial media şəbəkələrinin təhlili, yeni kommunikasiya texnologiyası meyilləri, strateji marketinq, media büdcələri, alqoritmlərin insan həyatına təsiri, ictimai rəy sorğuları, siyasi kommunikasiya və bu kimi digər aktual məsələlər müzakirə olunacaq.

Fahrettin Altun: Yaradılacaq yeni kibertəhlükəsizlik arxitekturasında üzərimizə düşəni etməyə hazırıq

Sammitin açılış mərasimində iştirakçıları salamlayan Türkiyə Cümhurbaşqanlığı İletişim Başqanlığının rəhbəri Fahrettin Altun qlobal dünyada medianın gücü, səhv və aqressiv məlumatlandırma kampaniyaları, dezinformasiyanın dünya ölkələrinə mənfi təsirindən danışıb. O, bu məqsədlə dünyanın yeni bir kibergücə ehtiyacı olduğunu vurğulayıb.

F.Altun sosial medianın idarə edilməsinin ayrı-seçkiliyə, kiberfaşizmə və ümumiyyətlə insanların həyatına mənfi təsirinə son verəcəyini deyib. Çıxışda qeyd edilib ki, burada beynəlxalq təşkilatların, media qurumlarının və bütün cəmiyyətlərin üzərinə çox vacib vəzifələr düşür: “Sayın Cümhurbaşqanımızın irəli sürdüyü “Daha ədalətli dünya” prinsipinin mühüm ölçülərindən biri də kiber dünyada cəmiyyətlər və ölkələr arasındakı bərabərsizliyin aradan qaldırılması, transmilli şirkətlər tərəfindən həyata keçirilən siyasi mühəndislik araşdırmaları və kiber dünyanın yaratdığı təhlükəsizlik böhranının ölkələrin birgə səyləri ilə aradan qaldırılmasıdır.

Dünya 5-dən böyük olduğu kimi, bizim kiber dünyamız da üç və ya beş sosial media baronundan qat-qat böyükdür. Biz Türkiyə olaraq yaradılacaq bu yeni kibertəhlükəsizlik arxitekturasında üzərimizə düşəni etməyə hazırıq”.

Hikmət Hacıyev: Çətinliklərə baxmayaraq, həqiqəti dünyaya çatdırmağa nail olduq

Tədbirdə çıxış edən Hikmət Hacıyev mövzu ilə bağlı bir sıra vacib məqamlara toxunub. Prezidentin köməkçisi Azərbaycanın uzun illər məruz qaldığı haqsızlıq və hücumlar barədə danışıb: “Təəssüflər olsun ki, Azərbaycan müstəqilliyinin ilk illərindən, hətta dünyanın strateji kommunikasiyanın nə olduğunu belə bilmədiyi dövrdə ölkəmizə qarşı strateji kommunikasiyanın, dezinformasiyanın, yalan xəbərlərin yayıldığını gördük. Müstəqilliyinin bərpasının 30-cu ilini qeyd edən Azərbaycan ötən dövr ərzində informasiya savaşı, hibrid savaşlar, psixoloji savaşlarla üzləşib. Xüsusilə Qarabağ müharibəsi – Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi işğalçılıq siyasəti məhz bu əsaslarla, psixoloji savaşla, hibrid savaşlarla müşayiət olunub. Dünyanın dezinformasiyanı hələ tam qavramadığı dövrdə Azərbaycan bu cür savaşlarla üz-üzə qalıb. Lakin 1990-cı illərin əvvəllərində Azərbaycan bu savaşa hazır deyildi. Ona görə də Ermənistan Azərbaycan torpaqlarını işğal etmişdi. Bu işğalın terror, təcavüzkar separatizm, ayrı-seçkiliklə müşahidə olunduğuna baxmayaraq dünya Azərbaycanı qınayırdı. Ermənistanın silahlı qüvvələri tərəfindən bizim insanlarımız öldürüldüyü halda azərbaycanlıların erməniləri öldürdüyü barədə yalan informasiyalar irəli sürülürdü. Nəticə etibarilə dünyada “erməni soyqırımı” adı altında təbliğat aparılırdı. Bütün bunlara baxmayaraq Azərbaycan öz haqlı savaşını apararaq dünyaya həqiqəti çatdırmağa çalışırdı”.

H.Hacıyev qeyd edib ki, erməni lobbisinin dünya üzrə bizə qarşı apardığı bu siyasətə cavab olaraq yalnız strateji səviyyədə hərbi, diplomatik və informasiya siyasətimizi bir araya gətirərək, koordinasiya olunmuş şəkildə siyasət həyata keçirərək bunun qarşısını ala bilərdik: “Bu proseslər dünyanın susduğu, baş verənləri görmək, duymaq istəmədiyi anda oldu. Bu problemlərin fonunda biz uzunmüddətli bir yola çıxdıq. Otuz illik işğal dövründə strateji kommunikasiya və strateji rabitə formalaşdıraraq, bunu həyata keçirməyə başladıq. Əsas hədəfimiz Azərbaycan tərəfindən həyata keçirilən siyasətin vahid bir mesajla dünyaya çatdırılması idi. Çətinliklərə baxmayaraq, düşünürəm ki, həqiqəti dünyaya çatdırmağa nail olduq. Bu, xüsusilə Azərbaycanın Vətən müharibəsində bir daha özünü doğrultdu”.

Vətən müharibəsi haqqında danışan H.Hacıyev bildirib ki, bu savaş dövründə strateji kommunikasiyanın düzgün qurulması Azərbaycanın qarşısında duran ən vacib məsələlərdən biri idi.

Vurğulanıb ki, ermənilərin ölkəmizə qarşı yenidən başlatdığı savaşa baxmayaraq dünyanın aparıcı media orqanlarının çoxunun qapıları Azərbaycan üçün qapalı qalmaqda davam edirdi:“Burada Azərbaycan Prezidenti dünya mediası ilə birbaşa təmas quraraq ölkəmizin apardığı strateji kommunikasiyada ön sırada oldu. 44 gün davam edən Vətən müharibəsi dövründə dövlətimizin başçısı dünyanın 30-dan çox aparıcı televiziyalarına və informasiya agentliklərinə saatlarla davam edən müsahibələr verdı. Məhz bunun sayəsində Azərbaycan yalnız döyüş meydanında deyil, informasiya müharibəsində də qələbə qazandı. Bu yolda bizə dəstək verən hər bir kəsə minnətdarlığımızı bildiririk.

Sammitdə Böyük Britaniyanın Rabitə direktoru Alex Stuart Aiken videobağlantı vasitəsilə çıxış edib.

Sonra Türkiyənin nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlu geniuş məruzə edib.

Sammitin açılış mərasimi Cümhurbaşqanı Recep Tayyip erdoğanın videomüraciətinin səsələndirilməsi ilə başa çatıb.

Qeyd edək ki, sammitdə məruzəçi qismində NATO, Avropa İttifaqı, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD), Birləşmiş Millətlər Təşkilatı (BMT), UNICEF, BMT-nin Ətraf Mühit Proqramı, BMT İnkişaf Proqramı, Beynəlxalq Atom Enerjisi Agentliyi kimi beynəlxalq təşkilatların strateji kommunikasiyalar sahəsində fəaliyyət göstərən rəhbərləri çıxış edəcəklər.

Mission News Theme by Compete Themes.