Press "Enter" to skip to content

Hulusi Kılıçın kitabının Ankarada təqdimatı keçirilib

Son yeniləmə: 12 Dekabr 2021 09:52

Bayraqdar.info – Türkiyənin Azərbaycandakı sabiq səfiri Hulusi Kılıçın “44 gün Vətən müharibəsi, Hulusi Kılıç informasiya cəbhəsində” adlı kitabının üçüncü nəşrinin Ankarada təqdimatı keçirilib. Azərbaycanın Türkiyədəki səfirliyi və Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondu (TADƏHF) tərəfindən təşkil olunan mərasim Ankarada fəaliyyət göstərən Şuşa Konfrans Mərkəzində reallaşıb.

Bu barədə bayraqdar.info-ya verilən məlumata görə, şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi, həmçinin Azərbaycanın və Türkiyənin Dövlət himnlərinin səsləndirilməsi ilə başlayan tədbirdə Türkiyə Cümhurbaşqanı yanında Təhlükəsizlik və Xarici Siyasət Şurasının üzvü, TADƏHF rəhbəri professor Aygün Attar, Azərbaycanın Ankaradakı səfiri Rəşad Məmmədov, Moldovanın Türkiyədəki səfiri Dimitri Croitor, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Şamil Ayrım, Azərbaycanın Əməkdar rəssamı, İstanbulun Yeditəpə Universitetinin professoru Teymur Rzayev, Türkiyə Xarici İşlər Nazirliyinin məsul əməkdaşı İsmayıl Hakkı Musa, Türkiyə-Azərbaycan İşgüzar Şurasının (DEİK) sədri Selçuk Akat çıxış ediblər. Çıxışlarda Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə yenilməz Azərbaycan Ordusunun qazandığı rəşadətli Qələbə, 44 günlük vətən müharibəsində baş verən proseslərdən bəhs edilib. Natiqlər, eləcə də Azərbaycan həqiqətlərinin dünya birliyinə olduğu kimi çatdırılması istiqamətində aparılan informasiya mübarizəsi barədə fikir və mülahizələrini bölüşüblər.

Təqdimat mərasimi çərçivəsində ötən il dekabrın 10-da Bakıda keçirilən Hərbi Zəfər Paradı, Prezident İlham Əliyevin səfir Hulusi Kılıça Azərbaycanın “Dostluq” Ordenini təqdim etməsi, “44 gün Vətən müharibəsi, Hulusi Kılıç informasiya cəbhəsində” adlı kitabının Bakı təqdimatı barədə videomateriallar nümayiş etdirilib.

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva və “YAŞAT” Fondunun rəhbəri, Vətən müharibəsi qazisi Elvin Hüseynov videogörüntü ilə təqdimata qoşulublar.

Səfir Dimitri Croitor çıxışında həmkarı Hulusi Kılıç haqqında xoş sözlər ifadə edərək diqqətə çatdırıb ki, o, yalnız Azərbaycanın dostu deyil, eyni zamanda, Türkiyə-Moldova münasibətlərinin inkişafına böyük əmək və səy göstərən təcrübəli diplomat, gözəl insandır.

Hulusi Kılıç təqdimatda iştiraka və çıxışlardakı xoş sözlərə görə minnətdarlığını ifadə edib. O deyib: “Mən diplomatik fəaliyyətimdə hər zaman Can Azərbaycanın ərazi bütövlüyünü diqqətdə saxlamışam. Hər bir fürsətdə Azərbaycan həqiqətlərini beynəlxalq ictimaiyyətə çatdırmaq könlümün istəyi, borcum olub”.

Mission News Theme by Compete Themes.