Son yeniləmə: 11 Dekabr 2021 11:39
Bayarqdar.info – Ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində tədbir keçirilib. Tədbir iştirakçıları görkəmli dövlət xadimi, müasir Azərbaycanın memarı və qurucusu, Ulu öndər Heydər Əliyevin büstü qarşısına güllər düzüblər.
Nazirlikdən bayraqdar.info-ya verilən məlumata görə, nazir Sahil Babayev Ümummilli lider Heydər Əliyevin Azərbaycanın hərətərəfli inkişafı, müstəqil Azərbaycan dövlətinin qurulması və möhkəmləndirilməsi, ölkəmizin dünya birliyində layiqli yer tutması üçün göstərdiyi misilsiz tarixi xidmətləri qeyd edib.
S.Babayev Ulu öndər Heydər Əliyevin hələ 1969-82-ci illərdə Azərbaycana rəhbərlik etdiyi dövrdə respubikamızda əldə olunan dinamik inkişafı diqqətə çatdırıb. Həmin dövrdə Azərbaycanın gələcək dövlət suverenliyi və müstəqilliyi üçün iqtisadi potensialın təməlinin qoyulduğunu vurğulayıb.
S.Babayev Ulu öndər Heydər Əliyevin təşəbbüsü və böyük səyləri sayəsində 1971-ci ildə yaradılan Cəmşid Naxçıvanski adına Hərbi Liseyin milli zabit kadrların, Silahlı Qüvvələrimizinformalaşmasında müstəsna rolunu vurğulayıb. Həmin zabitlərin tarixi Zəfərimizlə başa çatan Vətən müharibəsində rəşadətlər göstərərək şanlı qəhrəmanlıq tarixi yazdıqlarını qeyd edib.
Nazir bildirib ki, xalqın çağırışı ilə Ümummilli lider Heydər Əliyevin 1993-cü ilin iyununda yenidən respublika rəhbərliyinə qayıdışı ölkəmizin müqəddəratını tənəzzüldən tərəqqiyə dəyişərək, müasir müstəqil Azərbaycan dövlətinin qurulmasına və uzunmüddətli inkişaf yoluna səfərbər olunmasına imkan yaradıb: “Ulu öndər Heydər Əliyev milli iqtisadiyyatın sağlam əsaslar üzərində dirçəlməsi və tərəqqisini təmin edən iqtisadi inkişaf strategiyasını formalaşdırmaqla, əhalinin rifah halının, vətəndaş firavanlığının təminatını dövlətin ali məqsədlərindən biri kimi müəyyən edib. Bunun bariz təzühürü kimi, 1995-2003-cü illərdə orta aylıq real əməkhaqqı 5,1 dəfə, orta aylıq əməkhaqqı 6 dəfədən çox, pensiya və müavinətlərin orta aylıq məbləği 8 dəfə artıb, əhalini məşğulluq imkanları ildən-ilə genişlənib. MDB-də ilk dəfə olaraq 1999-cu ildə Azərbaycanda yeni sosial-iqtisadi münasibətlər dövrünə uyğun Əmək Məcəlləsi və Demoqrafik İnkişaf Konsepsiyası, 2001-ci ildə “Məşğulluq haqqında” Qanun və s. qəbul edilib”.
Qeyd edilib ki, eyni zamanda, əlilliyi olan şəxslər və sağlamlıq imkanları məhdud uşaqlar üçün reabilitasiya mərkəzləri şəbəkəsinin qurulmasına, həmin şəxslər üçün inteqrasiya məqsədli tədbirlərin təşkilinə başlanıb: “Xüsusilə də 1990-cı illərdən şəhid ailələri və müharibə əlillərinin mənzillə, müharibə əlillərinin avtomobillə təminatına da başlanıb. Bu mühüm sosial proqramlar ildən-ilə genişlənib, ötən dövrdə şəhid ailələri və müharibə əlillərinə 11 mindən çox mənzil və fərdi ev, müharibə əlillərinə 7400-dək avtomobil verilib”.
S.Babayev Ulu öndər Heydər Əliyevin uğurlu daxili və xarici siyasətinin Prezident İlham Əliyev tərəfindən yüksək səviyyədə davam və inkişaf etdirilməsi nəticəsində Azərbaycanın mühüm tarixi nailiyyətlər əldə etdiyini bildirib. O, milli iqtisadiyyatın dünyada rekord göstərici olaraq 3 dəfədən çox artması şəraitində sosial müdafiə və aktiv məşğulluq proqramlarının da dəfələrlə genişləndiyini vurğulayıb. Geniş miqyaslı sosial islahatları, ölkədə müasir sosial müdafiə və reabilitasiya infrastrukturunun qurulduğunu, sosial ödənişlərdə dəfələrlə artımların olduğunu qeyd edib.
Bildirib ki, xüsusilə də 2020-ci il Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun Vətən müharibəsində möhtəşəm Zəfər əldə etdiyi, 30 ilə yaxın Ermənistanın işğalı altında qalmış doğma torpaqlarımızın azad edildiyi bir il kimi, şanlı qəhrəmanlıq salnaməsi kimi tarixə qızıl hərflərlə yazıldı.
Nazir Ümummilli lider Heydər Əliyevin işıqlı xatirəsinin xalqımızın qəlbində əbədi yaşayacağını vurğulayıb.
Tədbir əlilliyi olan gənclərin ifasında Ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Sən elə bir zirvəsən” mahnı-klipinin nümayişi ilə davam edib.