Press "Enter" to skip to content

Yücel Karauz: Zəfər paradı demək, qalib Azərbaycan deməkdir

Dr. Yücel Karauz

Son yeniləmə: 10 Dekabr 2021 22:26

Bayraqdar.info – “Bildiyimiz kimi ötən il dekabrın 10-da Bakıda Zəfər paradı keçirildi. Bu Zəfər paradı Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyi tarixi qələbəyə həsr edilmişdi. Yəni, 10 noyabr 2020-ci ildə Moskvada üçtərəfli Bəyanatın imzalanmasından bir ay sonra keçirilən bu Zəfər paradının mühüm əhəmiyyəti vardı”.

Bunu bayraqdar.info-ya özəl açıqlamasında Türkiyənin ölkəmizdəki sabiq hərbi attaşesi, ehtiyatda olan general Yücel Karauz deyib.

Onun sözlərinə görə, bu, Azərbaycanın dövlət tarixçiliyi baxımından ən önəmli və torpaqlarını işğaldan azad etmiş bir qalib dövlət kimi keçirmiş olduğu ilk Zəfər paradı idi: “Paradlar silahlı qüvvələrin, dövlətin gücünü, birliyini, bərabərliyini, müasir silah sistemlərini, ordusunun gücünü sərgilədiyi, həmçinin dostun güvən, qürur duymasının, düşmənin isə qəzəb və qorxusunun yaranmasının əsası olan bir vasitədir”.

Y.Karauz deyib ki, bu Zəfər paradı 1988-ci ildən bəri Vətən, dövlət, millət və bayraq üçün şəhid olan minlərlə vətən övladımızın qanının, qısasının alınması, sağlamlıqlarını itirmiş qazilərimizin acılarının bir anlıq da olsa sakitləşməsi deməkdir: “Zəfər paradı bir millətin şahlanışı, milli birlik və bərabərliyini ən yüksək səviyyəyə çatdırması deməkdir. Zəfər paradı demək, 30 il öncə sıfır nöqtəsində olan Azərbaycan Silahlı Qüvvələrinin artıq bu gün dünyanın ən güclü 50 ordusu sırasında yer tutması deməkdir. Zəfər paradı demək, uzun illər torpaqları işğal altında olan Azərbaycanın artıq qalib dövlət kimi tarixə düşməsi deməkdir. Azərbaycan Silahlı Qüvvələrinin heyətinin vətən, millət, dövlət üçün gözünü qırpmadan canını verməsi deməkdir. Zəfər paradı demək, müasir, qalib Azərbaycan deməkdir. Zəfər paradı demək, milli güc elementləri baxımından Azərbaycanın artıq regional güc olması deməkdir.

Zəfər paradı demək, Türkiyə-Azərbaycan qardaşlığı deməkdir. Zəfər paradı demək, güclü siyasi liderlik, güclü hərbi liderlik, güclü xalq insanı olmaq deməkdir. Zəfər paradı demək, cənab Prezident, müzəffər Ali Baş Komandan İlham Əliyev deməkdir. Zəfər paradı demək, düşmənin başına bir şimşək kimi çaxaraq, onun silahlı qüvvələrinin 60-65 fazinin darmadağın edilməsi deməkdir. Zəfər paradı demək, hərbi gücü məhv edilən, bunun fonunda xalqının milli və mənəvi ruh düşkünlüyünə yol açılan, çıxılmaz dalana düşən Ermənsitan deməkdir. Zəfər paradı demək, artıq bu bölgədə Azərbaycansız hər hansı bir şəxsin, dövlətin, yaxud beynəlxalq birliyin söz söyləmək iqtidarında olmaması deməkdir. Zəfər paradı demək, Türkiyə-Azərbaycan qardaşlığı tarixinin ən yüksək səviyyəyə çatması deməkdir. Zəfər paradı demək, türk dünyasının qəhrəmanlıq tarixinə yeni şanlı qələbənin yazılması deməkdir”.

Müsahibimiz sonda “Allah bizə hər zaman zəfərləri qeyd etməyə, Zəfər paradlarında iştirak etməyə nəsib etsin. Dolayısı ilə bizə bu qüruru yaşadan bütün şəhidlərimizə Allahdan rəhmət diləyir, qazilərimizə can sağlığı arzulayıram. Mən bir Anadolu türkü olaraq Azərbaycan Silahlı Qüvvələrinə, Azərbaycan xalqına, cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə sadəcə Azərbaycanın deyil, bütün türk dünyasının zəfəri olan bu zəfəri bizə bəxş etdiyi, bu qüruru bizi yaşatdığı üçün öz minnətdarlığımı bildirirəm”, – deyib.

Mission News Theme by Compete Themes.