Son yeniləmə: 10 Dekabr 2021 20:08
Bayraqdar.info – Hər hansı bir insanın həyatına bu və digər formada qəsd etmək, yaxud da həmin insanın ölümünə səbəb olmaq cinayət sayılır. Bu ölümə səbəb olan kəslər birmənalı olaraq cinayətkar kimi qanun qarşısında dayanır, onlar ən sərt şəkildə cəzalandırılırlar. Düzdür, bəzən bu ölümlərin ehtiyatsızlıq ucbatından baş verdiyi sübuta yetirilir və dəmir barmaqlıqlar arxasında dayananlar bir qədər yüngül cəza alırlar.
Təbii ki, insan ölümünə səbəb olan cinayətlər öz forma və nəticəsinə görə fəqrlənirlər. Sadə dillə desək, bunlar “tək bir adamın ölümünə səbəb olma”, “iki və daha çox adamın ölümünə səbəb olma” kimi sıralana bilər. Əslində, bəzən bu iki və daha çox adamın ölümünə səbəb olma cinayətinin arealı bir qədər də genişlənir. İnsanların kütləvi ölümlərinə səbəb olan cinayətlər meydana çıxır.
Dövrümüzdə bu kütləvi insan ölümlərinə səbəb olma faktlarına biz daha çox müharibə cinayətləri seriyasında rast gəlirik. Yəni, deyək ki, içməli suyun zəhərlənməsi kimi cinayət əməlləri vasitəsilə insanların kütləvi ölümlərinə səbəb olma. Yaxud da deyək ki, bunun bakterioloji silah hücumu ilə də törədilməsi mümkündür.
İstənilən halda bu, bir cinayətdir və adətən iki düşmən ölkə arasında gedən savaşlarda tətbiq edilir. Belə cinayətlərə əl atanlar isə zaman-zaman müharibə cinayətlərini araşdıran beynəlxalq məhkəmə önünə çıxarılaraq layiqli cəzalarını alırlar.
Təbii ki, bu cinayət əməlinə baş vuranları başa düşmək çətin deyil. O mənada ki, bunu törədənin bir adı var – düşmən. Düşməndən isə hər şeyi gözləmək mümkündür. Bəs bu cür, yaxud buna bənzər cinayət əməlinə öz ölkənin vətəndaşı yol verirsə necə davranılmalıdır? Yəni adətən düşmənin edə biləcəyi bir şəkildə cinayətə yol verənlərə bəzən humanist davranmaqla daha böyük bəlalara yol açmırıqmı?
Bu suala şəxsən mənim cavabımın necə olmasını sonda açıqlayacam. Hələlik isə bu mövzuya müraciət etməyimizin səbəbinə gələk.
Dekabrın 9-da axşam saatlarında saytlardan birində oxuduğum bir xəbər məni həm dəhşətə gətirdi, həm də nə gizlədim, qorxuya saldı. Həmin xəbərdə deyilirdi ki, rayonlardan birində polis şöbəsinin əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə ev şəraitində müalicə təyin edilməsinə baxmayaraq yaşadığı ünvanı tərk edən aktiv koronavirus xəstəsi aşkar edilib.
Bəlli olub ki, həmin rayon sakininə COVID-19 infeksiyası testinin pozitiv nəticəsinə görə ev şəraitində müalicə təyin edilib və ona tətbiq olunan qaydalara riayət etməsi, yaşayış yerini tərk etməməsi tapşırılıb. Lakin polis əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə həmin şəxsin karantin rejimi qaydalarını kobud şəkildə pozaraq yaşayış yerini tərk etdiyi müəyyən olunub. Ən dəhşətlisi isə odur ki, bu COVID-19 xəstəsi işlədiyi çörək sexində aşkarlanıb.
Düzü, məni vahimələndirən, dəhşətə gətirən, qorxuya salan da məhz bu xəbərin sonuncu hissəsi oldu. Təsəvvür edirsinizmi, dünyanın başına bəla olan, bu günə kimi 5 milyondan çox insanı öldürən bu virusun daşıyıcısı çörək sexinə gəlir, əlini-qolunu sallayaraq içəri keçir, xəmir yoğurur, yaxud hansısa bir iş görürür və həmin gün o sexdə bişirilən viruslu çörəklərin daxil olduğu yüzlərlə evdə minlərlə insan COVID-19-a yoluxur.
Əgər nəzərə alsaq ki, bu “məsuliyyətsizlik” edən COVID-19 xəstəsi, həmçinin onun xəstə olduğu halda işləməsinə şərait yaradan həmin çörək sexinin müdiri kimilər Azərbaycanda tək deyil, o zaman hər gün yüzlərlə evə virusun asanlıqla daxil olduğunu düşünə bilərik. Özü də bu, sadəcə virusun evlərə daxil olması deyil. Bu, yüzlərlə, minlərlə insanın bir gündə xəstələnməsinə, onlardan bir qisminin bu xəstəlik ucbatından vəfat etməsinə səbəb olmaq deməkdir.
Yəni deməyimiz odur ki, bu tip “məsuliyyətsizliyə”, əslində isə cinayətə yol verənlərlə, necə deyərlər, yumşaq davranmaq olmaz. O virus daşıyıcısı olduğu halda çörək sexində işə çıxan sadə işçi də, onu bu vəziyyətdə sexə buraxan rəhbər də sərt şəkildə cəzalandırılmalıdır. Çünki onların “məsuliyyətsizliyinin” nəticəsi, əslində yuxarıda bəhs etdiyimiz müharibə zamanı törədilən və insanların kütləvi ölümünə səbəb olanların cinayətkar əməllərinin nəticəsi qədər acı, ağır və dəhşətli olur. Necə deyərlər, bunun bir adı var – terrora bərabər “məsuliyyətsizlik”!
P.S. Böyük ehtimalla həmin sexin rəhbəri öz əməlinə “insaniyyət pərdəsi” çəkərək, “o adamın pula ehtiyacı vardı” kimi bəhanələr gətirəcək. Amma insanlığı düşünürsə, həmin rəhbər o xəstə adam sağalana qədər onun əməkhaqqını ödəyə bilərdi…