Son yeniləmə: 10 Dekabr 2021 18:05
Bayraqdar.info – İşğaldan azad edilmiş ərazilərdə yaşayış massivlərinin inşası ilə bağlı dövlət-özəl sektor tərəfdaşlığı inkişaf etdiriləcək.
Bu, Prezident İlham Əliyevin imzaladığı dekabrın 10-da “İşğaldan azad edilmiş ərazilərdə iqtisadi inkişafın sürətləndirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Sərəncamda əksini tapıb.
Məlumatı dekabrın 10-da Prezidentin Mətbuat xidməti yayıb.
Sərəncamda qeyd olunub ki, işğaldan azad edilmiş ərazilərdə ekoloji təmiz texnologiyaları tətbiq edən, “yaşıl artım” yaradan və bərpa olunan enerji mənbələrindən istifadə edən investorlara dəstək göstəriləcək.
Müasir bilik və bacarıqlara malik mütəxəssislər işğaldan azad edilmiş ərazilərə cəlb ediləcək. Habelə, əmək miqrasiyası kvotasının müəyyən edilməsi və iş icazələrinin verilməsi proseduru təkmilləşdiriləcək.
Bundan əlavə, işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarların maliyyə resurslarına çıxış imkanları genişləndiriləcək və bu istiqamətdə zəruri dövlət dəstəyi gücləndiriləcək.
Məlumatda o da qeyd edilir ki, işğaldan azad edilmiş ərazilərdə istehsal fəaliyyəti ilə məşğul olan sahibkarlara kommunal xidmətlər (elektrik enerjisi, təbii qaz və su istehlakı) üzrə güzəştlər müəyyən ediləcək.
Sərəncamla Nazirlər Kabinetinə bu istiqamətdə təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Prezidentinə təqdim etmək tapşırılıb.