Press "Enter" to skip to content

Media nümayəndələri Sumqayıt Kimya Sənaye Parkında olublar

Son yeniləmə: 10 Dekabr 2021 18:02

Bayraqdar.info – Dekabrın 10-da İqtisadiyyat Nazirliyi tərəfindən media nümayəndələri üçün Sumqayıt Kimya Sənaye Parkına info-tur təşkil edilib.

Bu barədə bayraqdar.info-ya İqtisadiyyat Nazirliyindən məlumat verilib.

Bildirilib ki, İqtisadi Zonaların İnkişafı Agentliyinin sədri vəzifələrini icra edən Elşad Nuriyev media nümayəndələrinə Azərbaycanda fəaliyyət göstərən sənaye zonaları haqqında məlumat verib.

Qeyd olunub ki, hazırda ölkədə 7 sənaye parkı (Sumqayıt Kimya, Pirallahı, Mingəçevir, Qaradağ, Balaxanı, Ağdam və “Araz Vadisi İqtisadi Zonası” sənaye parkları) və 5 sənaye məhəlləsi (Sabirabad, Masallı, Neftçala, Hacıqabul və Şərur sənaye məhəllələri) mövcuddur.

Sənaye zonaları üzrə indiyədək 89 sahibkarlıq subyektinə rezidentlik statusu verilib və bunlardan artıq 55-i istehsal fəaliyyətinə başlayıb. Sahibkarlar tərəfindən bu günədək sənaye zonalarına 6,2 milyard manatdan çox investisiya yatırılıb və 9500-dək iş yeri yaradılıb. Növbəti mərhələdə mövcud layihələr üzrə sənaye zonalarına əlavə 400 milyon manat investisiyanın yatırılması və 2 minə yaxın iş yerinin yaradılması nəzərdə tutulur.

Sənaye zonaları üzrə indiyədək ümumilikdə 5 milyard manatlıq məhsul istehsal edilib ki, bunun 1,4 milyard manatı və ya təxminən 28 faizi ixrac olunub.

Media nümayəndələrinə Sumqayıt Kimya Sənaye Parkında görülmüş işlər barədə məlumat verilib. Diqqətə çatdırılıb ki, Sumqayıt Kimya Sənaye Parkı cənubi Qafqazın ən böyük sənaye parkıdır və ərazisi 583,5 hektar təşkil edir. Sənaye Parkının hazırda 25 rezidenti var və bunlardan da 17-si fəaliyyət göstərir.

İndiyədək Sənaye Parkına rezidentlər tərəfindən 3 milyard ABŞ dolları həcmində investisiya yatırılıb və 5700-dək insan daimi işlə təmin olunub. Növbəti mərhələdə mövcud layihələr üzrə əlavə olaraq 312 milyon manat investisiyanın qoyulması və 1300-dək yeni iş yerlərinin yaradılması nəzərdə tutulur.

Sumqayıt Kimya Sənaye Parkının rezidentləri tərəfindən bugünədək 3,9 milyard manatlıq satış həyata keçirilib ki, bunun da 1,3 milyard manatlıq hissəsi – təqribən 33 faizi ixracın payına düşür.

Media mənsublarına Azərbaycan Respublikası Prezidentinin fərmanları əsasında yaradılmış Ağdam və “Araz Vadisi İqtisadi Zonası” sənaye parkları barədə də məlumat verilib.

Sonda media nümayəndələri Sumqayıt Kimya Sənaye Parkının ərazisində görülmüş işlərlə və Parkın rezidenti “Azərsulfat” MMC-nin sulfat turşusu istehsalı müəssisəsində gedən tikinti-quraşdırma işləri ilə tanış olublar.

Mission News Theme by Compete Themes.